İslam dinində pir anlayışı yoxdur. Eləcə də hansısa qəbir üstünə gedib, ora nəzir qoymaq da düzgün deyil. Nəhayət, cəmiyyət bunu birdəfəlik bilməlidir. Qəbirləri ziyarət etmək olar. Bu bizə o biri dünyanı, gələcəyimizi xatırladır və bizə deyir ki, yaxşı əməllər gör...
Bu fikirləri hafta.az-a dinşünas alim Elşad Miri deyib:
"Amma bu gün dini biznes halına gətirən, “din biznesmenləri”nin olduqları məkanlara gedib ora pul atmaq yanlışdır. Gedib ziyarətgah dediyimiz yerlərdə hansısa daşa, zəncirə pul atmaqdansa, onu öz ətrafımızdakı imkansızlara, kasıblara versək, onlara əl tutsaq, daha savab olar. İnsanların “Orada Allah görür, o biri tərəfdə görmür” düşüncəsi Allaha şərik qoşmaqdır, böyük günahdır.
Uzun illər insanlar arasında formalaşan bu ənənədən birdən-birə imtina edilməsi də asan deyil. Biz klassiklərimizin, məsələn, Nəriman Nərimanovun “Pir” hekayəsində, Cəlil Məmmədquluzadənin və yaxud digər ədiblərin əsərlərində bu kimi neqativ hallara qarşı necə mübarizə aparıldığını görürük.
Biz çox vaxt onları oxuyub gülürük. Amma gülüş vəziyyətinə özümüzü də salırıq. İnsanları maarifləndirmək lazımdır. Bu cür məsələlərin tez-tez gündəmə gətirilməsi insanların oyanmasına, ayılmasına səbəb olacaq. Əks halda, “Ölülər”in müasir seriyasını çəkən xalq olacağıq.
Faktiki bu sahədə olan insanlar gedib orada özlərinə biznes qurublar. Çox əla gəlir də götürürlər. Onlar din dövlədən ayrı olduğuna görə vergidən də uzaqdırlar. Bu işlə, təbii ki, Dini Komitə məşğul olmalıdır. O da kitablara rəy verməklə, imam təyin etməklə məsələləri gündəmdə saxlayır.
Pirlərə gedən pul məsələlərinə qarışmır. Digər tərəfdən, bəzi ilahiyyatçılar heç bir yerdə işləmədiklərinə görə, bundan onlara müəyyən qırıntılar çatdığına görə ağızlarına su alıb oturublar".