İspaniyanın baş naziri cinsi təcavüz qurbanlarından üzr istədi

12:15 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın baş naziri Pedro Sançes yeni cinsi təcavüz qanununda boşluqdan istifadə edən ən azı 978 şübhəlinin cəzalarının azaldılması səbəbindən qurbanlardan üzr istəyib.

Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, oktyabrda parlament tərəfindən qəbul edilən və ictimaiyyət arasında “Yalnız bəli, bəli” adı ilə tanınan qanun cinsi təcavüz cinayətlərində “razılıq”a diqqət yetirirdi. Qanunda nəzərdə tutulurdu ki, hücuma müqavimət göstərməmək və qorxudan susmaq razılıq sayıla bilməz.

Ancaq yeni qanunla cinsi istismar və cinsi təcavüz cinayətlərinin eyni kateqoriyada birləşdirilməsi və minimum cəzaların azaldılması hüquqi boşluğa səbəb olub. Bildirilib ki, qanun qəbul edildikdən sonra əvvəllər cinsi təcavüzə görə məhkum olunmuş bəzi şübhəlilər məhkəmə orqanlarına müraciət edərək vaxtından əvvəl azadlığa buraxılmasını tələb ediblər. Nəticədə ötən ilin oktyabrından bu ayın əvvəlinə kimi 978 iş üzrə cəza müddəti azaldılıb, 104 məhkum vaxtından əvvəl azadlığa buraxılıb.

İspaniyanın baş naziri Sançes "El Correo"ya müsahibəsində deyib: "Bu köçürülmələrin və yenidən qiymətləndirmələrin bəziləri yekun xarakter daşımır və onlara şikayət verilə bilər. Hər halda, aydındır ki, bizim həll etməmiz lazım olan bəzi nüanslar var və buna görə qurbanlardan üzr istəyirəm”.

Məsələ İspaniyada üç ildir hakimiyyətdə olan koalisiya hökumətində də çat yaradıb. Sosialist Partiyası qanunda islahatların aparılmasını təklif edir, koalisiya tərəfdaşı "Podemos" isə yeni tənzimləmənin əleyhinədir. Qanun layihəsini hazırlayan Bərabərlik Nazirliyinə sahib olan "Podemos", problemin qanunda deyil, cinsiyyəti dəstəkləyən hakimlərdə olduğunu müdafiə edib. "Podemos" onu da bildirir ki, təklif edilən düzəlişdə təcavüzkarın güc tətbiq edib-etməməsi faktorunun yer alması qanunun ruhuna ziddir.

İspaniyada cinsi zorakılıq qanunu 2016-cı ildə Pamplonadakı Buğa Döyüşü festivalında 5 kişinin bir qadına cinsi təcavüz etdiyi iddiası ilə "Qurd Paketi Davası" kimi tanınan davadan sonra gündəmə gəlib. Məhkəmənin müttəhimləri zorlamadan çox cinsi istismarda günahkar bilməsi ölkə daxilində genişmiqyaslı nümayişlərə səbəb oldu və İspaniya Ali Məhkəməsi qərarı dəyişərək 5 müttəhimin hər birini 15 il müddətinə azadlıqdan məhrum etdi.

Mövzuyla əlaqədar ictimaiyyətin şiddətli reaksiyalarından sonra yeni cinsi təcavüz qanunu ilə əlaqədar işlər başladı.