İsrailli nazir fələstinli uşağı öldürən polisə mükafat tələb edir

10:05 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Şərqi Qüdsdə fələstinli uşağı öldürən polisin mükafatlandırılmasını tələb edib.

Hafta.az-ın İsrail radiosuna istinadən yazdığına görə, Şərqi Qüdsdəki Şuafat Qaçqınlar Düşərgəsində baş verən hadisələrlə bağlı araşdırma başladılıb. Xəbərdə Şuafat Qaçqınlar Düşərgəsində fələstinli uşağı qətlə yetirən polis məmuru ifadə verməyə çağırılarkən milli təhlükəsizlik naziri Ben-Qvirin iki vəkillə birlikdə istintaq mərkəzinə gəldiyi bildirilib.

İstintaq mərkəzində mətbuata açıqlama verən Ben-Qvir, "Döyüşçülərimizi ruhdan salmağa çalışırlar. Onu bura çağırmamalıydılar. O, istintaqa deyil, mükafata layiqdir" deyib.

Ben-Qvir fələstinli uşağı öldürən polis məmurunun ondan gözlənilən şeyi etdiyini deyərək, polisə təşəkkür sənədi verilməsi üçün çalışacağını bildirib.

Dünən İsrail polisi Şuafat Qaçqınlar Düşərgəsində bir fələstinli uşağı guya polisə “fişəng atmağa hazırlaşdığı" səbəbi ilə vuraraq öldürüb.

Fələstin rəhbərliyinə bağlı Qüds Qubernatorluğu yazılı açıqlamada, İsrail polisinin Şuafət Qaçqınlar Düşərgəsinin çıxışındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında 12 yaşlı Rami Həmdan əl-Halhulini canlı güllə ilə öldürdüyünü açıqlayıb.

Ben-Qvir, sosial media hesabından etdiyi paylaşımda, "Özünə və bölgədəki əsgərlərə fişəng atmağa cəhd edən terrorçunu öldürən polis məmurunu salamlayıram. Terrorçulara bu cür qətiyyət və dəqiqliklə müqavimət göstərilməlidir" deyib. O, verdiyi açıqlamalarla 12 yaşlı fələstinli uşağı öldürən polisi dəstəkləyib.