Ötən günlərdə İstanbulda uyğur türklərinə məxsus kitab mağazasına polis basqın edib və uyğur türkcəsində nəşr olunan çoxlu kitab ələ keçirilib.
Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, İstanbul polisi sözügedən kitab mağazasına hələ avqust ayında ilk dəfə basqın edərək yüzlərlə kitabı ələ keçirmişdi.
Reyd zamanı keçirdiyi ürək xəstəliyindən xəstəxanaya yerləşdirilən kitab mağazasının sahibi Abdullah Türkistanlı "Biz bu kitablar vasitəsilə dinimizi, tariximizi gələcək nəsillərə ötürürük. Yenə onların sayəsində mədəniyyətimizi və tariximizi qoruyuruq" deyib.

O, Çinin işğalı altında olan Şərqi Türküstanı tərk etdikdən sonra 2008-ci ildə Qırğızıstanda həbs olunduğunu və pis həbsxana şəraitində yaşadığını, ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Türkiyədəki uyğur kitab mağazaları Çinin assimilyasiya siyasəti fonunda xaricdəki uyğurlara öz dil və tarixlərinə çıxış imkanı yaratmaqla onların kimlik və mədəniyyətlərinin qorunub saxlanmasında mühüm rol oynayır.
Bu arada, polis mənbələri reydin kitab mağazalarının "müəllif hüququ olmadan kitab çap etdiyi" üçün edildiyini bildirib.
Uyğur qaçqınlar bunun basqın üçün "bəhanə" olduğunu iddia edirlər. Uyğurların bəziləri bu tətbiqlərə səbəb kimi Türkiyə rəhbərliyinin Çinlə yaxınlaşma siyasəti yürütdüyünü göstərir, bəziləri isə uyğurların Türkiyədə latın əlifbası əvəzinə ərəbcə kitab çap etməsinin bəzi dairələri narahat etdiyini düşünür.
Kitab dükanının sahibləri deyiblər ki, Çin hakimiyyətinin icazəsi olmadan müəllif hüquqlarının alınması mümkün deyil. Üstəlik, bir çoxu həbs düşərgələrində saxlanılan kitab müəllifləri ilə ünsiyyət qurmaq olmur.
Digər uyğur kitab mağazası Əbdülxəlil Abidhacı isə dükanını bağlamağı düşündüyünü bildirib. Digər uyğur kitab dükanları da ölkədəki mövcud iqtisadi çətinliklər və polis təzyiqləri səbəbindən son illərdə oxşar qərarlar qəbul ediblər.
Qeyd edək ki, İstanbulda cəmi 2 uyğur kitab mağazası var.