İsveçrəli müğənni Bakıda konsert verəcək

10:47 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkədən olan müğənni Sofi de Kua Bakıda konsert verəcək. O, İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması məqsədi ilə dünya turu çərçivəsində Bakıda səhnəyə çıxacaq.

Hafta.az-a İsveçrə səfirliyindən verilən məlumata görə, konsert 2024-cü il sentyabrın 18-də Rəşid Behbudov Mahnı Teatrında olacaq. Konsert saat 19.00-da başlayacaq.

Daha bir möhtəşəm konsert isə sentyabrın 19-da saat 20.00-da Atelier 61 ünvanında, tədbirlər zalında olacaq. Bu konsert üçün biletləri şəhər satış məntəqələri və ya iticket.az saytından əldə etmək olar. Sofi, həmçinin 19 sentyabrda Azərbaycan Milli Konservatoriyasında təlim də keçəcək. Mədəniyyətləri birləşdirmək üçün musiqidən istifadə etmək və hekayələri bölüşmək gənc müğənni Sofi de Kua və onu müşayiət edən ifaçı Simon Jakkardın həyat layihəsidir.

İsveçrədə doğulan Sofi de Kua Sinqapur və Nyu-Yorkda böyüyüb. O, Parisdə musiqi məktəbini bitirib, Mandarin və Şanxay dillərində danışmağı və oxumağı öyrənib. Sofi öz musiqisindən və sözlərindən mədəniyyətlər, nəsillər, düşüncələr, sadəcə insanlar arasında körpülər qurmaq üçün istifadə edir.

Azərbaycan onun çıxış etdiyi 16-cı ölkə olacaq. Çoxsaylı alətlərdə ifadə etmək bacarığına və istedadına görə “Ahtapot adam” ləqəbi qazanan Simon Jakkardla birlikdə onlar Livan, İsveçrə, Belçika, ABŞ, Çin, Hindistan, Sinqapur, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük Britaniya kimi ölkələrdə çıxış ediblər.