İtaliya kəşfiyyatı ölkədəki "yeraltı məscidləri" axtarır

09:47 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın mühafizəkar qəzetlərindən olan “İl Tempo” paytaxt Romadakı “qanunsuz” məscidlərin yoxlanıldığını yazıb.

Hafta.az-ın yazdığına görə, dünən yayımlanan xəbərdə, daxili işlər naziri Matteo Piantedosinin göstərişi ilə aparılan araşdırmalarda Romada müsəlmanların istifadə etdiyi 53 “qanunsuz” ibadət yerinin aşkar edildiyi bildirilib. Hansı ki, 10 il əvvəl bu rəqəm 30 idi.

Araşdırmaların davam etdiyi və sözügedən ibadət yerlərinin sayının 100-ə çata biləcəyi yazılıb.

Xəbərdə “Romanın gündən-günə İslamın paytaxtına çevrildiyi” və şəhərdə bələdiyyənin icazəsi ilə tikilən yalnız bir məscidin olduğu bildirilib. Şəhərin Parioli rayonunda yerləşən Roma Məscidi nəinki İtaliyanın, həm də Avropanın ən böyük məscididir.

Qəzet polis və kəşfiyyatın birgə işi ilə “yeraltı məscidlərin ciddi nəzarətə götürüldüyünü” yazıb.

Xəbərdə müsəlmanların toplaşdığı bu yerlərlə bağlı “zirzəmilərdə və qarajlarda gizlənmiş, radikallaşmanın kök saldığı və müqəddəs döyüşlərdə tez-tez şəhid olan tək canavarların möminlər arasında gizləndiyi ibadət yerləri” kimi iddialar paylaşılıb.

Təxminən 59 milyon əhalisi olan İtaliyada 2,7 milyona yaxın müsəlman yaşayır. Fransanın ictimai yayımı “France 24” ötən ay verdiyi xəbərdə İtaliyanın radikal sağçı baş naziri Giorgia Meloninin başçılıq etdiyi hakim koalisiyanın ölkədəki müsəlmanları marjinallaşdırdığına diqqət çəkib.

Digər tərəfdən, noyabrda İtaliyanın şimal-şərqindəki Gorizia şəhərinin Monfalkone rayonunda müsəlmanların namaz qıldıqları iki mədəniyyət mərkəzinin bağlanması reaksiya doğurmuşdu.

Bunun ardınca dekabrda radikal sağçı Liqa Partiyasından Anna Maria Cisintin bələdiyyə sədri olduğu Monfalkonda təxminən 8 min adam etiraz yürüşü keçirmişdi.

Oxunma sayı 179