İyulda dünya əhalisinin 81 faizi ifrat istilərə məruz qalıb

10:15 03.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İnsanın yaratdığı iqlim dəyişikliyinin təsiri bu yay daha güclüdür. İyul ayında 6,5 ​​milyarddan çox insan həddindən artıq istilərə məruz qalıb. Başqa sözlə, dünya əhalisinin 81 faizi iqlim dəyişikliyinin təsirini hiss edib.

Hafta.az-ın ABŞ-da yayımlanan “Climate Central”a istinadən yazdığına görə, iyulda dünyada 6,5 ​​milyarddan çox insan həddindən artıq istilərə məruz qalıb. Bu rəqəm dünya əhalisinin 81 faizini təşkil edir.

Məlumata görə, qeyri-adi ekstremal temperaturun səbəbi insanların yaratdığı iqlim dəyişikliyidir... Tədqiqatda İqlim Dəyişiklikləri İndeksindən (CSI) istifadə olunmaqla 200 ölkə və 4700 şəhəri əhatə edən təhlil aparılıb.

İyul ayının hər günü ən azı 2 milyard insan iqlim dəyişikliyini hiss edib. İyulun 10-u həddindən artıq istilərə məruz qalma baxımından ən gərgin gün olub. İyulun 10-da 3,5 milyarda yaxın insan həddindən artıq istilərdən zərər çəkib.

İyul istisini ən çox ekvator yaxınlığında və kiçik adalarda yaşayanlar hiss edib. Misirin İsgəndəriyyə, Banqladeşin Dəkkə, Kubanın Havana, Səudiyyə Ərəbistanının Ciddə və ABŞ-ın Florida ştatının Tampa şəhərləri də daxil olmaqla, 870 şəhərdə ən azı 25 gün davam edən həddindən artıq istilər müşahidə olunub.

Hesabatda, insanların eyni həyatı davam etdirmədikləri və daha təsirli tədbirlər görmədikləri təqdirdə, daha tez-tez və sıx şəkildə həddindən artıq istilərə məruz qalacaqları ilə bağlı xəbərdarlıq edilib