Avropa Vladimir Putinin əhalini səfərbər etmək qərarına, Qərbə qarşı gizli nüvə təhdidlərinə və qismən işğal olunmuş ərazilərdə qondarma “referendum”dan sonra Ukraynanın daha bir neçə rayonunu ilhaq etmək barədə açıq vədinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyə başlayıb.
Hafta.az xarici mediaya istinadla bildirir ki, Avropa sanksiyalarının yeni paketi simvolik və deklarativ xarakter daşıyır. Müharibənin altı ayı ərzində Avropa Rusiya ilə ticarət və maliyyə əlaqələrinin böyük hissəsini kəsib. Mövcud məhdudiyyətlərin ehtiyatı çox məhduddur.
Altı sanksiya paketindən sonra Aİ-nin iki kozır kartı qalıb: neftin qiymətinin yuxarı həddi və Rusiya qazının qiymətinin yuxarı həddi. Birinciyə azlıq, ikinciyə isə Aİ-də əksəriyyət qarşı çıxır, çünki bu tədbirləri həyata keçirmək çətindir və qarşıdan gələn qışda Kreml tərəfindən neft-qaz blokadası təhdidi var..
Sanksiyaların müzakirəsi cümə günü başlayıb və Aİ-27 liderlərinin oktyabrın 6-7-də Praqada keçiriləcək sammitində başa çatmalıdır. Yeni paketin əsasını fiziki şəxslərin və şirkətlərin sanksiya siyahısının genişləndirilməsi, həmçinin Rusiya neftinin qiymətinin yuxarı həddi təşkil edə bilər.
Düzdür, Aİ artıq Rusiya neftinə embarqo qoyub. Bu, dekabr ayından qüvvəyə minəcək.
ABŞ Avropa embarqosunun dünya qiymətlərində sıçrayışa səbəb olacağından qorxub və alternativ təklif edib - Rusiya neftinin qiymətinə tavan. Buna cavab olaraq Putin deyib ki, o zaman heç nə verməyəcək: nə neft, nə qaz, nə də neft məhsulları.