Rusiya ilə ABŞ arasında qaynar münaqişə qorxusunu alovlandıran gərginliyə yenisi əlavə edilib. Dövlət Departamentinin hesabatına görə, Vaşinqton ölkənin kontinental şelfini, yəni Arktika bölgəsini genişləndirib və “nəzarət zonasını” 1 milyon kvadratmetrə çatdırıb.
Hafta.az-ın yazdığına görə, açıqlamada vurğulanıb ki, strateji əhəmiyyətli Arktikada (şimal qütbü 90° şimal enliyi ilə 66° 33' şimal enliyi arasındakı arktik dairə arasındakı coğrafi bölgə) və Berinq dənizi çoxlu resurs ehtiva edir.
Rusiya, Kanada və Danimarka da bu qütb diyarına iddialıdır.
“Bloomberg”in məlumatına görə, ABŞ kontinental şelfini genişləndirmək, bərpa olunan enerji layihələri və neft və qaz yataqlarına çıxışı təmin etmək məqsədi daşıyır.
ABŞ Hərbi Dəniz Akademiyasının professoru Ceyms Kraskanın sözlərinə görə, ölkənin kontinental şelfində 50 sərt mineral, o cümlədən litium, həmçinin 16 nadir torpaq elementi var. Bundan əlavə, ABŞ Geoloji Xidməti Arktika Dairəsində təxminən 90 milyard barel kəşf edilməmiş neft və 43 trilyon kubmetr qaz olduğunu təxmin edir.
Beynəlxalq hüquqa görə, ölkələrin kontinental şelflərinin hüdudlarından asılı olaraq dəniz dibinin üstündə və altındakı təbii ehtiyatlar üzərində iqtisadi hüquqlar var. Bölgənin mülkiyyətinə dair qərarı Birləşmiş Millətlər Təşkilatının komissiyası müəyyən edir.
Qərara ilk reaksiya Rusiyadan gəlib. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Moskvanın da bu regionda hüquqları var və regionun mülkiyyəti ilə bağlı öz maraqlarını müdafiə edəcək.
"Rusiyanın amerikalılarla eyni və hətta daha çox hüquqları var", - Cabarov bildirib.
2015-ci ildə Rusiya Arktikada kontinental şelfini 1,2 milyon kvadratmetr genişləndirmək üçün BMT komissiyasına müraciət edib. Prezident Putin bildirib ki, regionun nəhəng iqtisadi sərvətini nəzərə alaraq, Arktikanın inkişafı Rusiya üçün şübhəsiz prioritetdir.