ABŞ-ın super dövlət olaraq Azərbaycan ictimai rəyində mövqeləri xeyli zədələnib - Aydın Quliyev

18:55 26.08.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının (ABŞ)Azərbaycandakı səfiri Mark Libbi İTV-yə müsahibəsi zamanı ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı təqdim edilən konkret faktları cəfəngiyyat adlandırıb. Səfir bununla kifayətlənməyib, Azərbaycan mətbuatını təhqir edərək mətbuatımızı ara qarışdıran qüvvə adlandırıb. ABŞ səfirinin Azərbaycan jurnalistinin sualına bu cür aqressiya ilə yanaşması nəyin göstəricisidir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi icmalçı Aydın Quiyev hesab edir ki, ABŞ səfirinin jurnalistin sualına aqressiv cavab verməsi diplomatik prinsiplərə ziddir. Onun fikrincə, səfirin İTV-yə müsahibəsi zamanı suallara aqressiya ilə yanaşması və Azərbaycan mətbuatını yersiz ittihamlamaları ölkə ictimaiyyətinin ABŞ-yə qarşı yaranan mövqeyindəki narazılığı bir qədər də artırıb. Səfirin Ermənistana gizli silah daşınmasına dair təqdim olunmuş sübut və faktlarla bağlı sualdan qaçması təsadüfi hesab edilmir, diplomata yaraşmayan hal kimi dəyərləndirilir.

“Jurnalistin sualına əsəbi, qəzəbli cavab vermək diplomata xas davranış tərzi deyil. ABŞ kimi super dövlətin səfirinin bir suala bu cür dözümsüz yanaşması əslində özünə inamsızlığı və əsl həqiqəti gizlətmək istəyərkən düzgün manevr seçə bilməməsi ilə bağlıdır. Belə bir super dövlətin təmsilçisi özünün gücünə, sambalına uyğun hərəkət etməlidir. Hətta həqiqi mətləbi ifadə etməyən sual olsa belə səfirlər, diplomatlar media nümayəndələri ilə davranışı məhz onların özlərinə xas yerinə düşən üsullar tapmaldırlar. Ancaq ABŞ səfirinin jurnalistə bu cür əsəbi yanaşması yerinə düşən davranış tərzi deyil. Bu, istər-istəməz ABŞ-ın Ermənistanı gizli silahlandırılmasında iştirakının ola biləcəyi ehtimalını ortaya qoyur. Səfir belə aqressiv cavab verməkdənsə, bütün Azərbaycan mediasını ittiham etməkdənsə yazılanlara və yayılan xəbərlərə əks olaraq daha tutarlı faktlar, arqumentlər, ya da soyuq dəqiq mühakimlər irəli sürməliydi. Əgər bunlar olsaydı, həm məsələnin mahiyyəti aydınlaşardı, həm də səfirin bu situasiyada davranışı bu qədər geniş müzakirəyə, hətta qınaqlara, tənələrə səbəb olmazdı”.
A.Quliyev qeyd edib ki, ABŞ-ın super dövlət olaraq Azərbaycan ictimai rəyində mövqeləri xeyli zədələnib. O, Azərbaycanın müstəqilliyini əldə etdiyi və xarici siyasətdə orientasiyanı müəyyənləşdirməyə çalışdığı dövrdə ABŞ-ın ictimai nüfuzunun daha yaxşı olduğunu deyib.

“Bugünkü uyğunsuzluq ABŞ-ın Azərbaycana qarşı apardığı siyasətin nəticəsi olaraq yaranıb. ABŞ-ın Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat cavab verməməsi, Azərbaycanın torpaqlarının azad edilməsi üçün lazımı qətiyyəti göstərməməsi, bu məsələdə Azərbayacanın haqqının qorunmasından çox, özlərinin geosiyasi maraqlarının qayğısına qalmaları nəticədə Azərbaycanda ABŞ-ın nüfuzunu zədələdi. Əvvəl Qarabağ probleminin əsas yaradıcısı olan super dövlət Rusiyanın nüfuzu aşağı düşmüşdü. Amma Rusiya Azərbaycan torpaqlarının azad edilməsinə daha təmkinli və haqq-hüquqa uyğun mövqe sərgilədi. Bu gün ictimai rəydə Rusiyaya münasibət dəyişib. ABŞ-ın mövqeyi isə yenə də Ermənistanı separatçı ocağı kimi saxlamaq istəyinə, Qarabağ ermənilərinin mənafelərinə fokuslanıb. Bunlar aparılan siyasətin yanlışlığı, ikilistandartlarla bağlıdır. Belə olan halda ABŞ Azərbaycanla daha həssas formada işləmək əvəzinə, bu cür aqressiv davranışlarla vəziyyəti bir qədər də mürəkkəbləşdirdi”.

A.Quliyev hesab edir ki, səfirin bundan sonra yaranmış vəziyyəti yumşaltmasına ABŞ-ın maraqları baxımından ehtiyac var.