Siyasi analitik Tahir Cəfərli ilə hafta.az üçün budəfəki söhbətimizdə İsrailin Qəzzada əməliyyatları, bu olaylara Beynəlxalq Ədalət Məhkəməsinin ilkin qərarında verilən qiymət, Putinin martın 17-də yenidən daha 6 il müddətinə prezident “seçiləcəyi” halda, Ukrayna savaşının gələcəyi, həmçinin Azərbaycandakı Prezident seçkiləri ilə Rusiyadakı Prezident seçkiləri arasında qarşılıqlı geo-siyasi təsir və s. haqda danışdıq.
– BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzada apardığı, 26 mindən çox mülki insanın həlak olması ilə bağlı savaş haqqında ilkin qərarını necə dəyərləndirirsiniz?
– Əlbəttə ki, müsbət... Bununla bərabər, təəssüf ki, həmin qərarın heç bir siyasi əhəmiyyəti yoxdur. Dünya iki düşərgəyə bölünür və nəticəsi acınacaqlıdır...
– İsrailin 4 aya yaxın müddətdə Qəzzada “HƏMAS”a qarşı apardığı hərbi əməliyyatlar nəticəsində, rəsmi məlumatlara görə, artıq 26 mindən çox dinc sakin qətlə yetirilib ki, onlardan 10 mindən çoxu uşaq, 7 mindən çoxu isə qadındır. Həmçinin bu savaş zamanı 80 (bəzi məlumatlara görə 107) jurnalist, 140-dan çox BMT əməkdaşı öldürülüb. ABŞ rəsmilərinin Qəzzada baş verənlərlə bağlı mövqeyini necə şərh edərdiz?
– ABŞ xarici siyasəti, ümumiyyətlə, xaos yaratmaq və onu idarə etmək üzərində qurulub. XXI əsrin əvvəllərindən ta Trampın hakimiyyətdə olduğu dövrə qədər ABŞ-da prezidentlik etmiş liderlərin dövründə planetdə 12 milyondan artıq müsəlman qətlə yetirilib, amma onların qətliamı haqqında həmin Beynəlxalq Ədalət Məhkəməsi heç bir bir qərar qəbul etməyib... Biz anlamalıyıq ki, imperialist siyasətinin mahiyyəti elə budur: xaos yaradaraq bu və ya digər ölkəni diz üstündə qoymaq və yaxud özündən asılı vəziyyətə salmaq...
Fələstində baş verənlərə də bu nöqteyi-nəzərdən yanaşmalıyıq. ABŞ-a Fələstində müharibə lazımdır ki, varlansın, odur ki, heç bir vəchlə onun rəsmiləri İsrailin Qəzzada törətdiklərini soyqırımı kimi tanımayacaqlar...
– 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Ukraynaya hücumla bağlı Rusiya lideri Vladimir Putin barəsində həbs orderi verdi. Amma beynəlxalq səviyyədə də belə suallar verilir ki, İsrailin Baş naziri Netanyahu haqqında niyə eyni qərar çıxarılmır?
– Vladimir Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsini qərarının arxasında ABŞ-ın ona qarşı və Rusiya dövlətinə qarşı həqiqi təcavüz planı durur. Ukrayna Rusiyaya qarşı müharibəyə 2014-cü ildə başlayıb, Rusiya isə 2022-ci ildə öz yeni ərazilərini qorumaq üçün oraya hücum edib...
Əslində, ABŞ və NATO ölkələri Ukraynanı Qərb və Şərq silahlarının toqquşduğu hərbi poliqona çeviriblər və nəticə hansı silahın daha güclü olaraq qalib gəlməsi ilə qurtaracaq. Sizə elə gəlmir ki, Ukraynadakı müharibə çox təəccüblü reaksiyalar doğurur?..
Deyilənlər baxımından hesab edirəm ki, Putin ABŞ düşərgəsində olsaydı, Beynəlxalq Cinayət Məhkəməsi onun haqqında belə qərar verməzdi. Deməli, bu məhkəmənin ipi ABŞ rəsmilərinin əlindədir. 2022-ci ilə qədər Ukraynada baş verən dövlət çevrilişləri, Ukrayna hökuməti tərəfindən rusdilli insanlara qarşı ədalətsizliklər, Odessa qırğını - məgər bunlar cinayət deyilmi?..
– Qayıdaq İsrail-“HƏMAS” qarşıdurmasına... Bəs, görəsən, “HƏMAS”ın siyasi və hərbi rəhbərliyi öncədən İsrailə hücumun nəticələrinin Qəzza, Fələstin üçün qat-qat ağır olacağını hesablamayıbmı? Hesablayıblarsa, niyə oktyabrın 7-də hücuma keçiblər? Məhz bu, onların hansısa güclərin əlində alət olduğuna dəlalət etmirmi?
– Əfsuslar olsun, bütün bu hadisələr “HƏMAS”lıq deyil. Dedilər: bunu et, onlar da etdilər. Biz “HƏMAS”ın hansı ölkənin fitvasını həyata keçirdiyindən danışmalıyıq və bunu nəticəsində hansı ölkənin udacağını müəyyən etməliyik... Düzgün təhlil aparsaq, müharibə nə qədər qızışsa, ilk növbədə, ABŞ-ın udacağını görəcəyik. Planetdəki xaosu idarə edən ölkə odur...
Başqa bir fakt: Ukrayna müharibəsi ABŞ-ın hərbi sənaye kompleksini işə saldı və boşalmış ABŞ şəhərlərinə əhali qayıtdı. SSRİ dağılandan sonra dayanmış hərbi sənaye müəssisələrini işə saldılar və müharibə aparan Avropa və başqa ölkələr üçün müasir silahlar buraxmağa başladılar. Eynilə Rusiyada da vəziyyət belədir: Ukrayna müharibəsi başlayandan sonra Sovet İttifaqı dağılandan bəri başsız qalmış hərbi sənaye kompleksləri işə düşür və güclənir...
– Yadınızda olar, 7 oktyabr hücumundan sonra belə bir versiya da səsləndi ki, guya “HƏMAS”ın həmin hücumunu diqqəti Ukraynadan yayındırmaq üçün Putin təşkil etdirib?
– Kimin diqqətini yayındırmaq üçün? Sadəlövhlükdür... Bu, Putinin nəyinə lazımdır?.. Ümumiyyətlə, bəşəriyyəti 3-cü Dünya müharibəsinə sürükləyirlər. Ukraynadakı savaşa münasibətdə dünya iki düşərgəyə bölünür...
– Putindən söz düşmüşkən, Rusiyadakı Prezident seçkiləri və ondan öncə Azərbaycandakı Prezident seçkiləri – qarşılıqlı geosiyasi təsir baxımından bir-biri ilə necə əlaqəlidir?
– Dünyada gedən proseslər həmişə bir-biri ilə əlaqədə olub və belə də qalacaqdır. Ancaq bəzi hallarda bunu izah etmək qeyri-mümkündür. Bəs bu əlaqələr Azərbaycana nə verir?.. Azərbaycanın xarici siyasəti Ermənistan tərəfindən qanunsuz şəkildə zəbt edilmiş torpaqların qaytarılması üzərində qurulub və 10 noyabr 2020-ci il sazişinin həyata keçirilməsi vacib məsələlərdən biridir. Bu məsələnin həllində Rusiya Ermənistanı yox, Azərbaycanı dəstəkləyir. Azərbaycan–Rusiya birliyi sayəsində Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpası mümkündür...
– Yəqin ki, Putinin martın 17-nə nəzərdə tutulmuş seçkilərdə yenidən prezident “seçilməmə” ehtimalı 1 faizdən də azdır. Putinin növbəti 6 il üçün prezident seçiləcəyi halda, ondan sonra Ukraynadakı savaşla bağlı proseslərin inkişafını necə görürsünüz?
– ABŞ və Avropa Birliyi Ukraynada Rusiyaya qarşı yaratdığı qarşıdurmanın sonu, ilk növbədə, hansı ölkənin hərbi və iqtisadi resurslarının qalib gələcəyindən asılıdır. Bu, Ukrayna xalqı üçün çox pis qurtara bilər. V.Putinin geri çəkiləcəyinə inanmaq isə sadəlövhlükdür, Rusiya bu döyüşü uduzsa, dağılacaq. Bu isə bütün dünya üçün növbəti fəlakət ola bilər. Odur ki, bu saat Putin düşərgəsinə qatılmaq istəyən ölkələrin sayı artır...
– Putinin Ukrayna savaşını hərbi-siyasi baxımdan udacağı halda proseslər keçmiş SSRİ, yaxud Çar Rusiyası əraziləri çərçivəsində hansısa yeni ittifaq halında olacaq imperiyanın qurulmasına aparacaqmı? Yoxsa bu, mümkün deyil?
– Yenidən SSRİ-nin və yaxud Rusiya imperiyasının bərpası ağla gələsi deyil. Bunu elə Putin bir neçə dəfə özü də deyib. Dünyada imperiyaların və böyük dövlətlərin dağılması prosesi gedir. Fikir verin, ABŞ-ın Texas ştatına, Britaniyanın Şotlandiyasına, İspaniyanın basklarına və b. Bununla belə, ölkələrin öz suveren hüquqlarını saxlamaqla bu və ya digər düşərgədə dövlətçilik marağı əsasında müəyyən ittifaqda birləşməsi mümkündür. Baş verən proseslər onu göstərir ki, dünya təkqütblükdən çoxqütblülüyə doğru gedir...
– Rusiya imperiyası əvvəlki sərhədlərdə bərpa olunacağı halda, Azərbaycan xalqının və dövlətinin vəziyyəti, taleyi necə olacaq?
– Əvvəlcə dediyim kimi, Rusiya imperiyasının hər hansı formada bərpası qeyri-mümkündür. Rusiya öz sərhədlərini bərpa edə bilər, ancaq imperiya sərhədlərini yox! Rusiya güclü dövlətə çevrilə bilər, ancaq imperiya ambisiyalarına qayıda bilməz...
Azərbaycan-Rusiya münasibətləri bu saat yüksək səviyyədədir və Rusiya dövləti Ermənistandan sülh müqaviləsinin 10 Noyabr sazişi əsasında imzalanmasını tələb edir. Bu o deməkdir ki, Azərbaycan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan sərhədlərini bərpa edəcək. Yəni Zəngəzur dəhlizi Azərbaycana işləyəcək, elə Rusiyanın əli ilə...