Ukraynanın eks-prezidenti Leonid Kuçma ABŞ-nin Ukraynaya kömək etməkdən imtina edəcəyi təqdirdə “bütün dünya qarşısında simasını itirəcəyi” fikrini ifadə edib. O, hesab edir ki, rəsmi Kiyev yeni hərbi yardım paketini qəbul etməsi üçün Konqresə ümid etməlidir.
Hafta.az xəbər verir ki, Ukraynanın keçmiş dövlət başçısı bu mövzularda “The Guardian” nəşrinə müsahibəsində danışıb.
"Ukraynanın məğlubiyyəti ABŞ-nin bütün dünya qarşısında nüfuzunu, simasını itirməsi deməkdir. Mən qələbəyə inanıram. Başqa cür mövcud ola bilmərəm", - deyə eks-prezident bildirib.
O, qeyd edib ki, Qərb Ukraynaya həmişə yalnız Rusiya prizmasından baxıb.
"Moskva öz böyüklüyündən və təbii sərvətlərindən hipnoz və blef etmək üçün istifadə etdi... Mən heç vaxt anti-Rusiya mövqeli insan və ya siyasətçi olmamışam, amma dostluq və bərabərhüquqlu münasibətlər qurmağa çalışmışam. Bu, mümkünsüz oldu, çünki Putinin dövründə Rusiya əməkdaşlıq yox, "inteqrasiya" istəyirdi”,- deyə sabiq dövlət başçısı vurğulayıb.