ABŞ yəhudiləri: “Qəzza müharibəsindən sonra yəhudi olmaq çətindir”

11:00 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-dakı İsrail lobbisindəki mənbələrə görə, Qəzza müharibəsi zamanı İsrailin hərəkətləri artıq amerikalılar, hətta oradakı yəhudilər tərəfindən qəbul edilmir.

Hafta.az-ın yazdığına görə, mənbələr müharibədən sonra yəhudi olmağın çətinləşdiyini və bir çox insanın yəhudi olmaqdan utandığını bildirib.

İsrail lobbisindəki mənbələrə görə, İsrailin ümumilikdə fələstinlilərə qarşı siyasəti, eləcə də hazırda Qəzza və İordan çayının qərb sahilində baş verənlər nəinki tənqid edilir, həm də bir çox yəhudinin İsrailə şiddətlə qarşı çıxmasına səbəb olur. Hətta İsrailin Həmas-ın şəhərlərə və mülki əhaliyə hücumlarına qəzəbini anlayanlar belə, İsrailin cavabını “kütləvi qırğın müharibəsi” kimi görürlər.

Bu, noyabrın əvvəlində dərc olunmuş yüzlərlə yəhudi yazıçı və ziyalının imzası ilə Qəzza zolağına və dinc əhaliyə cavab hücumunu tənqid edən məktubda açıq şəkildə görünüb. Məktubu imzalayanlar ağır tənqidlərə məruz qalıb və atdıqları addım “antisemitizm” kimi qiymətləndirilib.

Lakin bu yazarlar onlara qarşı irəli sürülən ittihama sərt açıqlama ilə cavab veriblər: “Bizə qarşı antisemitizm ittihamı susmaq və İsrailin Qəzzaya hücumlarına əxlaqsız bəraət qazandırmaqdır. Bizim münasibətimiz və mübarizəmizin “antisemitizm” kimi qiymətləndiriləcəyindən narahatıq. Bu ittiham əhalinin öldürülməsinə yönəlmiş müharibə cinayətlərini qanuniləşdirir”.

Bu münasibət İsrailin Qəzzada apardığı müharibəyə qarşı mədəni və intellektual baxımdan tanınmış 300 yəhudinin imzaladığı başqa bir məktubda da öz əksini tapıb.

Məktubu imzalayanlar arasında yazıçı və filosoflar Naomi Klein, Pulitzer mükafatlı dramaturq Toni Kuşner, rəssam Nan Qoldin, komediya ustası İlana Qleyzer, tarixçi və yazıçı Sarah Şulman da var.

Oktyabrın 7-də Həmas-ın hücumundan iki həftə sonra müxtəlif dinlərdən və təbəqələrdən olan ABŞ ziyalılarından ibarət böyük bir qrup bəyanat yayıb. Təxminən 4 min yazıçı, sənətçi, tədqiqatçı və jurnalistin imzaladığı bəyannamədə “aparteid dövləti” olaraq xarakterizə etdikləri İsrailin Qəzzada hərbi cinayətlər törətdiyi bildirilib.

Bəyannaməni imzalayanlar həmçinin Qəzzalıların müstəmləkəçilikdən qurtuluş mübarizəsinin yanında olduqlarını vurğulayıblar.

Bundan əvvəl bir qrup tanınmış yazıçı və mütəfəkkir, xüsusən də insan haqları mübarizəsinə təsiri baxımından günümüzün ən nüfuzlu siması olan Ta-Nehisi Koates, “The New York Review of Books” jurnalında dərc olunan açıq məktubda dünya hökumətlərini İsrailin Qəzzaya hücumunu dərhal dayandırmaq üçün təzyiq göstərməyə çağırıb.

Sözügedən məktubda “16 illik mühasirədən sonra Həmas yaraqlıları Qəzzanı tərk edib və 1300-dən çox israilli öldürülüb” deyilir.

İsraildə doğulmuş və ABŞ-da yaşayan yəhudi yazıçısı Rubi Namdar bildirib ki, bu fenomen ABŞ-dakı ictimai cərəyanlarda, eyni zamanda zorakılıq, təkəbbür və nifrətlə üzləşən İsraildən kənarda olan yəhudi diasporu arasındakı münasibətlərdə dərin köklərə malikdir.

İsraildə çıxan “Haaretz” qəzetində yer alan məqalədə Pol Auster, Vivian Gorniç, Natan Englander, Nora Efron kimi mədəniyyət və ədəbiyyat sahəsinin zirvəsində olan yəhudi amerikalı yazıçıların İsrail dövlətinin varlığına deyil, onun son illər yürütdüyü siyasətinə qarşı çıxdıqları bildirilib.