“Ağ qızıl” fermerlərin üzünü güldürmədi

11:15 18.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər dirçəldilməsinə çalışılan bu sahə yenidən geriləməyə doğru gedir

Bu il “ağ qızıl” fermerlərin üzünü güldürməyib. Belə ki, məhsuldarlıq ötən illə müqayisədə təxminən 2 dəfə aşağı düşüb, nəticədə kəndlilər pambıqdan qazanc götürə bilməyiblər. Hafta.az-ın məlumatına görə, əksər fermerlər əldə etdikləri məhsulla sadəcə pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan şirkətlərə borclarını bağlaya biliblər. Məhsuldarlığın aşağı olmasını isə fermerlər daha çox keyfiyyətsiz toxumla əlaqələndirirlər. Onların sözlərinə görə, bu il pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan şirkətlərdən əldə olunan toxum keyfiyyətsiz olduğundan bitiş zəif olub. Eyni zamanda, havaların quraq keçməsi, suvarılma suyuna olan tələbatın vaxtında ödənilməməsi məhsuldarlığın aşağı düşməsi ilə nəticələnib.

Bu il pambığın əkib-becərilməsinə çəkilən xərclər də bahalaşıb. Belə ki, ilin əvvəlindən ölkədə dizelin qiymətinin artması aqrar sahədə göstərilən xidmətlərin bahalaşmasına səbəb olub. Dizelin bahalaşmasına görə, indiyədək fermerlərə kompensasiya ödənilmədiyindən pambığın bu il alış qiymətinin artması da kəndlilərin xərclərini tam qarşılaya bilməyib. Artıq bəzi fermerlər pambıq istehsalını səmərəli sahə kimi görmürlər və bu baxımdan növbəti illərdə ölkədə pambıq əkilən sahələrin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.

Yeri gəlmşkən, bu il ölkədə pambıq istehsalının azaldığını rəsmi rəqəmlər də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 183 917 ton pambıq istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 20,9 faiz azalıb. Hesabat dövründə ölkədə 73,7 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,5 azdır. Bununla yanaşı, cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib. Onu da xatırladaq ki, rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda pambıq istehsalı 2015-ci ilə nisbətən 9.6 dəfə, 2019-cu ilə nisbətən isə 14.1 faiz artaraq 336.8 min ton olub.

Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" mövcuddur. Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

Xərclər artıb, istehsal azalıb

Məsələni hafta.az-a şərh edən kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov da deyib ki, bu il xam pambıq istehsalı ilə məşğul olan fermerlərin, kəndlilərin istehsal xərcləri əhəmiyyətli dərəcədə artıb: “Bu il ancaq pambıq təmizləmə və ixracı ilə məşğul olan oliqarxların gəlirləri çoxalıb. Biz uzun zamandır deyirik ki, pambıq su sevən bitkidir. Pambıq da əsasən, aran rayonlarında yetişdirilir. Deməli, aran bölgəsində sudan səmərəli istifadəni təşkil etmək lazımdır. Yəni, elə etmək lazımdır ki, bizim su resursumuz aran bölgəsində mal-məhsul istehsal etmək üçün kifayət etsin. Əslində bizim su resursumuz tələbatımızdan 7-8 dəfə çoxdur. Sadəcə suyun düzgün paylanması, səmərəli istifadəsi təmin edilmir. Bunu hökümət etməlidir”.  

Mütəxəssis hesab edir ki, dövlət pambıq istehsalına müdaxilə etməməlidir: "Pambıq istehsalçılarının özlərinə məhsulu emal və ixrac etmək imkanı verilməlidir. O zaman pambıqçılıqla məşğul olmaq, istehsalı genişləndirmək və məhsulların keyfiyyətini yaxşılaşdırmaq onlar üçün maraqlı və sərfəli olacaq. Qiymətlər də azad olmalıdır. Bunun üçün pambıq almaq istəyən hər kəsi yerli bazara çıxarmaq lazımdır. Digər tərəfdən, imkan vermək lazımdır ki, pambıqyığan kombaynları istehsal edən zavodlar Azərbaycanda nümayəndəliklərini açsınlar. Onlar Azərbaycanda həm kombayn satışını, həm də xidməti həyata keçirsinlər. Məsələn, Özbəkistanın, Çinin və başqa ölkələrin kombayn istehsalçıları Azərbaycanda nümayəndəlik aça bilərlər. Bu zaman rəqabət olacaq. Bizim fermerlər, kəndlilər üçün də seçim yaranacaq, indi heç bir seçim yoxdur. İndi kənd təsərrüfatı naziri bu işi alıb öz əlinə. Texnikanın gətirilməsi və istifadəsi ya nazirin, ya da oliqarx məmurların əlindədir. Bunların da arasında korporativ danışıqlar olur ki, hansı xidmətlər hansı qiymətə görülsün. Yəni, bu sahədəki nöqsanlar aradan qaldırılmadan, inhisarçılar bazardan çıxarılmadan hansısa inkişafdan söhbət gedə bilməz. Nəticə etibarilə mövcud vəziyyət oliqarxlara qazandırır, kəndlilərə isə heç bir xeyri yoxdur”.

Pambıq ciddi valyuta gətirmir

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli isə deyib ki, əslində pambıqçılığın ölkəmizdə prioritet sahə kimi dəstəklənməsi doğru addım deyil: “Düzdür, sovet hökuməti dövründə  Azərbaycan əhalisinin 70 faizə yaxını kənd təsərrüfatı sahələri ilə məşğul olub. Onun da yarıdan çoxu pambıqçılıqla məşğul idi. Pambıqçılıqdan kifayət qədər pul qazanılırdı. Xüsusilə, 80-ci illərdə pambıqdan  xeyli pul yığılmışdı. Bir sözlə, o vaxt əhali həyat şəraitini əsasən pambıqçılıqdan qururdu. Bu sovet hökumətinin dövrü idi və o vaxt siyasət başqa idi. Bu o demək deyil ki, pambıqçılıq Azərbaycan üçün səmərəlidir. SSRİ böyük dövlət idi. Bunun üçün Azərbaycanda əhalinin məşğuliyyəti üçün nəsə lazım idi. Ona görə də pambıqçılığı stimullaşdırırdılar. Bütün bunlara baxmayaraq və dəqiq müqayisə aparsaq, sovet dövründə də pambıqçılıq o qədər səmərəli deyildi. Bu onunla bağlıdır ki, Azərbaycanda yetişən pambıq dünya bazarında satılan pambıqdan qat-qat aşağı keyfiyyətə malikdir. Yəni Azərbaycan texnikası pambıq istehsalı üçün deyil. Dünyada o cür keyfiyyətli pambıqları qoyub, niyə gəlib Azərbaycanın aşağı, keyfiyyətsiz pambığını alsınlar. Sovet dövründə mən şəxsən Fərqanədə Azərbaycandan aparılan pambıq liflərindən yaranan dağları görmüşəm. Heç nəyə yaramadığı üçün orada qalmışdı. Sovet hökuməti də işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun genişləndirilməsi üçün Azərbaycandan nefti aparırdı və onun əvəzinə xərc çəkirdi ki, qoy elə keyfiyyətsiz də olsa pambıq istehsal etsinlər, işsizlik olmasın. Yəni sovet dövründə Azərbaycan pambığı ən keyfiyyətsiz pambıq olub”.

Ekspert vurğulayıb ki, Azərbaycanın inzibati rayonları arasında Bərdədən başqa heç bir rayonun pambığının lifi beynəlxalq standartlara uyğun gəlmir: “Pambığı istehsal edirik ki, bizə valyuta gətirsin. Amma pambıq bizə ciddi valyuta gətirmir.Ən yaxşı halda ildə bizə 100-200 milyon dollar gəlir gətirir. Buna rəğmən hökümət manatın saxlanılması üçün ildə 1,5-2 milyard dollar xərc cəkir. Hətta 2015-ci ildə bir ay ərzində 2 milyard dollar əridi. Bunun qarşısında pambığın gətirdiyi 200 milyon dollar nədir ki? Ola bilsin ki, bəzi fermerlər pambıq əkməkdə maraqlıdırlar. Çünki pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir, subsidiya verilir və s. Fermerlər də həvəslənirlər. Yəni, artıq hər bölgədə bu şəraitə uyğunlaşan bir seqment yaranıb. Ümumiyyətlə, biz yaxşı pambıq istehsal ediriksə, onu niyə ixrac edirik ki? Elə daxildə istehsalata yönəldərik də. Qonşu Türkiyədə, Türkmənistanda trikotaj təcrübəsi var. Onların təcrübəsini tətbiq edib Azərbaycanda yüksək keyfiyyətli pambıq parça istehsal etmək olar. Bu gün dünya bazarında pambıq parçaya yüksək tələbat var. Söhbət keyfiyyətli pambıq parçadan gedir. Niyə bu istiqamətdə iş görmürük? Ona görə ki, o texnologiyalar Azərbaycan pambığından yüksək keyfiyyətli məhsul əldə etməyə imkan vermir.Çünki pambığın keyfiyyəti aşağıdır. Məsələn, Azərbaycan pambığının 1 tonundan əldə edilən lif Fərqanə pambığının 200, Misir pambığının 250 kiloqramından əldə olunur”.

İdxaldan asılılığımız əhəmiyyətli dərəcədə azala bilər

Onun sözlərinə görə, hökümət pambıqçılıq sahəsinin inkişafına yönəltdiyi vəsaiti bitkiçilik və heyvandarlığın stimullaşdırılmasına yönəldərsə, daha effektli nəticələr əldə oluna bilər: “Biz ilk növbədə ərzaq buğdasına olan daxili tələbatı ödəməyə çalışmalıyıq. Bu gün dünyada qida məhsulları sürətlə bahalaşır. Əgər diqqət etsəniz görərsiniz ki, hazırda dünyanın aparıcı ölkələri gələcəkdə ərzaq təhlükəsizliyi ilə bağlı problem yaşamamaları üçün daha çox daxili tələbatı ödəməyə yönəlik addımlar atırlar. Düzdür, biz Qazaxıstandakı kimi taxıl istehsal edə bilmərik. Kənd təsərrüfatının qaydası belədir ki, əraziləri dəyişdirə-dəyişdirə istehsalı yaratmaq olar. Eksperimentlərə son qoymalıyıq. Diqqəti səmərə verən sahələrə yönəltmək lazımdır. Gələcəyinə tam əmin olduğumuz sahələrə önəm verməklə kənd təsərrüfatını inkişaf etdirmək olar. Pambıq istehsalı xeyir vermir. Torpaq resurslarından səmərəli istifadə edilməlidir. Məlum olduğu kimi, respublikada kənd təsərrüfatına yararlı torpaqların sahəsi məhduddur və kənd təsərrüfatının istehsal strukturu formalaşdırılarkən mütləq şəkildə torpaq resurslarından səmərəli istifadə diqqət mərkəzində saxlanılmalıdır. Hesab edirəm ki, örüş yerlərini ləğv edib pambıq sahələrinə çevirməkdənsə, biz heyvandarlığın, meyvə və tərəvəzçiliyin inkişafına diqqəti artırmalıyıq. Bunun üçün Azərbaycanda kifayət qədər potensial var. Bu sahələrin inkişafı idxaldan asılılığımızı da əhəmiyyətli dərəcədə azalda bilər”.

Oxunma sayı 142