Ağdərə rayonun ləğvi səhv qərar idi - Aqil Məmmədov

11:05 30.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunan ərazilərin inzibati xəritəsi yenilənir.  Şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, ərazi bölgüsü məsələləri araşdırılır, işğaldan azad olunan bölgələrimiz artıq yüklərdən də azad edilir, bərpa olunur. Belə rayonlardan biri Ağdərədir. Ağdərə işğaldan sonra necə yenilənəcək? “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Aqil Məmmədov maraqlı faktara toxunub.

- Aqil müəllim, bu gün Ağdərə rayonunun yaradılması, Kəlbəcər və Tərtərin bəzi ərazilərinin Ağdərəyə verilməsi müzakirə edilir. Bu hansı zərurətdən yarandı?

 -1992-ci ildə Ağdərə rayonunun ləğv olunması ilə əlaqədar qərar verilmişdi. O vaxt ölkədə gərgin ictimai-siyasi vəziyyət hökm sürürdü. 1988-ci ildən cərəyan edən hadisələr zamanı ermənilər “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsini, eləcə də qondarma respublikanın yaradılması tələbini qoymuşdular.  Belə bir şəraitdə çıxış yolunu ən böyük əraziyə malik Ağdərə rayonunun ləğv edilməsində görüblər. Əlbəttə ki, bu düzgün addım deyildi. 1600 kvadrat kilometrdən artıq ərazisi olan bir rayonu ləğv etmək qəbuledilməz idi.

Bu gün II Qarabağ müharibəsindən sonra  Azərbaycanda yaranan reallıqlar, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, eyni zamanda, 2023-cü ildə keçirilən 23 saatlıq antiterror təbirləri nəticəsində suverenliyini tam bərpa etməsi yeni vəziyyət yaradıb. Ali Baş Komandan Xankəndi şəhərində Azərbaycan bayarağını ucaltdı. Bu səbəbdən vəziyyətə yenidən baxamaq lazım idi.

Misal çəkə bilərəm: Kəlbəcər rayonu ərazi baxımından respublikanın ən böyük rayonlarından biridir. 1936 kvadrat kilometr ərazisi var idi. Ağdərə bölünən ərəfədə 1000 kvadrat kilometrdən artıq ərazi Kəlbəcər  rayonuna birləşdirildi. Nəticədə 12 nümayəndəlik, 20-dən artıq kənd Kəlbəcər rayonunun ərazisinə verildi. Məsələn, İmarət Qərvənd Ağdərə rayonunun kəndlərindən biridir. Bir neçə kəndlərini Kəlbəcər şəhər mərkəzi ilə 70 kilometrdən artıq yol birləşdirir. Ağdam, Tərtər rayonlarına verilən ərazilər də həmçinin… Yəni məsafə, ərazi, kəndlərimizin dağınıq şəkildə müxtəlif ərazilərdə yerləşməsi baxımından idarəetmə sistemini təkmilləşdirməyə ehtiyac vardı. Bu, eyni zamanda işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını təmin etmək, funksionallaşdırmaq, dövlət, hakimiyyət orqanlarının vətəndaşlarla təmasını asanlaşdırmaq baxımından da əlverişlidir.  Burada Ağdərə rayonunun yenidən bərpası ilə əlaqədar heç bir rayonun ərazisi birləşdirilmir.

1992-ci ildə Kəlbəcər rayonuna verilmiş ərazi, yəni 735,184 kvadrat kilometr, Tərtər rayonuna verilmiş 851,25 kvadrat kilometr, Ağdam rayonuna verilmiş 73,74 kvadrat kilometr qaytarılır. Bu ərazilərdə mövcud olan icra nümayəndəliklərinin və bura daxil olan kəndlərin hesabına yenidən Ağdərə rayonunun bərpası istiqamətində məsələlərə baxılır. Düşünürəm ki, bu mühüm addımdır. Ağdərə böyük, yeraltı, yerüstü sərvətləri ilə zəngin olan, böyük meşə örtüyünə malik olan  bir  rayondur. İnanıram ki, Ağdərədə vahid mərkəzdən idarəetmə sistemi normal qurulduqdan sonra orada vətəndaşlarımızın işlə əlaqədar problemləri də öz həllini tapacaq. Ağdərə kənd təsərrüfatı üçün yararlı olan böyük əraziyə malikdir. Bütün bu məsələlər komitə iclasında müzakirə olunub və dəstəklənərək Milli Məclisin plenar iclasında müzakirəyə təqdim olunub.

- Bu ərazilərdə kəndlilərə pay torpaqlarının verilməsi nəzərdə tutulur. Amma kəndlər birləşdirilir. Bu nə dərəcədə effektlidir və kəndlərin birləşdirilməsi bizə nə verəcək?

-Bəzi kəndlərin birləşdirilməsi ilə bağlı məsələ var. Düşünürük ki, bu, daha səmərəli və keyfiyyətli olacaq. Çünki elə kəndlərimiz  var ki, 25-50 təsərrüfatdan ibarətdir və rayon mərkəzlərindən çox uzaqdadır. Bu cür bir neçə xırda kəndin birləşdirilməsi sərfəlidir. Çünki infrastrukturun bərpası istiqamətində görülən işlərdə müəyyən xərclərdən azad olunur, kəndlər rayon mərkəzinə yaxınlaşdırılır.

Pay torpaqlarına gəlincə, kəndlərin yerləşdiyi ərazilər olduğu kimi qalır. Ərazilərin bərpası və məskunlaşma prosesi tam başa çatdıqdan sonra torpaq islahatları aparılacaq və bu proqramda pay torpaqlarının verilməsi də öz əksini tapacaq. 

Bilirsiz ki, Azərbaycan artıq pay torpaqlarının verilməsi təcrübəsini keçib. Məlumdur ki, digər bölgələrimizdə islahatlar aparılıb- vətəndaşlara pay torpaqları verilib. Pay torpaqları özü də kateqoriyalara bölünür: yararlı, qismən yararsız əkin sahələri, böyük otlaq, biçənək sahələri var. Kənd Təsərrüfatı rayonlarında bu təsnifatın aparılması üstünlük təşkil edir və bölgə ərazisində torpaqların kateqoriyası nəzərə alınaraq düzgün, ədalətli bölgü aparılmalıdır ki, vətəndaşlarımız o torpaqdan səmərəli istifadə etsinlər. Yararlı pay torpaqlarının verilməsi, bir növ iş yerinin açılması kimi qəbul olunsa daha gözəl olar. Çünki insanlar o torpaqarda əkib-becərməli, mənfəət götürməlidirlər. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün orada lazımı şərait yaradılmalıdır. Eyni zamanda, dövlət tərəfindən əkin–biçin üçün lazımi subsidiyalar da verilir. Bu da vətəndaşlarda maraq yaratmaq üçün dövlətin verdiyi dəstəkdir. 

- Qarabağ ermənilərinin Azərbaycana qayıtması prosesi sizcə hansı qaydada və hansı müddətə olmalıdır?

-Sonuncu antiterror tədbirləri nəticəsində Azərbaycan tərəfi ermənilərə şifahi və yazılı şəkildə bildirmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycanın şəxsiyyət vəsiqəsini daşıyan ermənilərə ərazilərimizdə yaşamaları üçün heç bir problem olmayacaq. Və digər vətəndaşlarımız kimi öz hüquqlarından lazımı səviyyədə istifadə edə biləcəklər. Amma hər kəs gördü ki, ermənilər yaşadıqları əraziləri könüllü şəkildə tərk etdilər, hətta müəyyən qurumların sorğu-sualları zamanı cavablarından belə göründü ki, burdan çıxıb getmələri üçün onlara heç bir təsir göstərilməyib. Sadəcə olaraq çıxıb gedən mülki ermənilər ümumi vəziyyəti nəzərə alıb ərazilərimizi tərk etdilər.

Gəlin mövcud mənzərəyə müqayisəli yanaşaq. Hələ 1988-89-cu ildə azərbaycanlıların yaşadıqları ərazilərdən hansı vəhşiliklərə məruz qoyularaq çıxarıldıqları bəllidir. Görünür, gedən erməniləri bu faktlar narahat edir, yəqin ki, vicdan əzabı çəkərək getmək qərarı veriblər. Lakin Ermənistan siyasi rəhbərliyi məsələni olduğu kimi işıqlandırmır, bunu onların məcburən öz yaşadıqları ərazini tərk etməsi kimi göstərirlər. Bu da yalandır.

O ki qaldı bundan sonra proseslərin necə inkişaf edəcəyinə, bilirsiz ki, Qərbi Azərbaycan icması tərəfindən 1988-ci ildə 250 mindən artıq soydaşımızın məcburən öz ata-baba yurdundan deportasiya olunması və onların Qərbi Azərbaycana qayıtması istiqamətində məsələlər artıq qaldırılıb.

Gedən ermənilərin geri qayıtması ilə bağlı konkret vaxtın, müddətin verilməsinə, hesab edirəm ki, nə oyunları olursa olsun, onlara vaxt verilməli deyil.

Bu gün Azərbaycan humanist siyasət yürüdür, beynəlxalq hüquq normaları çərçivəsində özünün addımlarını atır. Yəqin ki, azərbaycanlıların öz yurduna qaytarılması şərti qarşılıqlı anlaşma şəraitində, hüquqi müstəvidə özünün həllini taparsa, regionda birgə yaşayışa nail olmaq olar.  

Azərbaycanın 250 min soydaşının öz ata-baba yurduna geri qaytarılması ilə bağlı tələbi haqlıdır və bu, ermənilərin də geri qayıtmasına əngəl yaratmır. Amma qarşı tərəfin niyyəti bəlli deyil. Qərbi azərbaycanlılar isə təhlükəsizlik tədbirləri təmin olunmaqla öz ata-baba yurdlarına qayıtmalarını səbirsizliklə gözləyirlər.

- Xankəndinin tam olaraq azərbaycanlılarla məskunlaşdırılması realdırmı?

-Artıq Xankəndidə Qarabağ Universitetinin yaradılması hər kəsi sevindirir. Xankəndi Azərbaycanın qədim diyarlarından biridir. Vaxtilə ermənilər də azərbaycanlılarla birlikdə o ərazilərdə yaşayıblar. Amma bu gün vəziyyətlə bağlı olaraq bu yerləri tərk ediblər. Çünki Xankəndi onların ana vətəni deyil.  Əgər öz torpaqları olsaydı, qalıb yaşayardılar. Azərbaycan yetərincə onlara şans verdi. Gəlməyəcəklərsə, onlara yalvarmaq fikrində deyilik. Xankəndidə yaşamaq istəyən çoxlu sayda vətəndaşlarımız var ki, qayıdış proqramı çərçivəsində köçüb öz ata-baba yurdlarında yaşamağı gözləyirlər.  Xankəndinin azərbaycanlılarla məskunlaşdırılmasında heç bir problem görmürəm. İlkin olaraq o ərazilərdə yaşamış, qeydiyyatı olmuş vətəndaşlarımızın köçü təmin olunacaq. Bundan sonra kimlərin köçürülməsi lazımdırsa, köç davam edəcək. Bizi də köçürtsələr sevinə-sevinə gedib orada yaşayaram.

-Sülh danışıqlarının mövcud durumu nədir? Zəngəzur dəhlizinin açılması istiqamətində gedən proseslər necə inkişaf edir?

-Sülh müqaviləsi bağlanmalı, Zəngəzur dəhlizi gec-tez açılmalıdır. Cənab Prezident öz çıxışlarında dəfələrlə bunu vurğulayıb. Çünki bu dəhliz tək Azərbaycan-Ermənistan üçün deyil,  şərqin qərblə birləşdirilməsi, ticari əlaqələrin böyüməsi deməkdir. Bu da bütün dövlətlərin marağındadır.

Ermənistanın mövqesiz davranışı, müstəqil siyasət yürüdə bilməməsi dəhlizin açılması məsələsini, sülh müqaviləsinin bağlanmasını ləngidir. Maraqları toqquşan, bölgədən qat-qat uzaqda olan dövlətlərin heç nə əldə edə bilməyəcəkləri özlərinə aydın olandan sonra bölgə dövlətlərin maraqları nəzərə alınaraq məsələ həll olunmalıdır.

Dəhlizin açılması Ermənistana daha çox lazımdır. Ermənistan bunu dərk edir, amma dediyim kimi, sərbəst addım ata bilmədiklərinə görə hələlik gərginlik yaratmaqla məşğuldur. İnanıram ki, o layihə baş tutacaq.

-ABŞ-ın «907-ci düzəliş»i dirçəltməsi, Fransanın Ermənistanı silahlandırması, Zəngəzur dəhlizinin açılmasına qarşı təzyiqləri nə dərəcədə təsirli edə bilər və bu gün Azərbaycanın olduğu durum bu prosesdən nə dərəcədə uğurlu keçmək imkanı yaradır?

-Nə qədər təsir göstərsələr də, Ermənistan ictimaiyyəti Azərbaycan dövləti, xalqı ilə dinc qonşuluq siyasətindən başqa çıxış yolunun olmadığını görür. Ermənistan başa düşməlidir ki, Fransa, Almaniya, ABŞ onun “qara gözünə” vurulmayıb. Eləcə də Ermənistan daxilində olan antiAzərbaycan qüvvələri də xarici güclərə rəvac verərək prosesi sülh prosesini ləngidirlər. Bunun da bir sonu olmalıdır.

Biz 30 il çalışıb torpaqları sülh yolu ilə işğaldan azad edə bilmədik. Nəhayət, 44 günlük savaşla problemi kökündən həll etdik. Ermənistan kapitulyasiya aktına imza atdı, amma 3 il vaxt keçsə də, o ərazilərdə olan qeyri-qanuni silahlı birləşmələrini çıxarmadı. Azərbaycan 23 saat, 3 dəqiqəlik antiterror əməliyyatı ilə bu məsələni də həll etdi. Çünki Azərbaycan haqlı tərəfdir. Haqq ədalət nazilər, amma üzülməz. Azərbaycan həmişə qonşuluq siyasətini yüksək səviyyədə qurmağa çalışan tərəfdir. Bütün qonşu, ətraf dövlətlərlə uğurlu əlaqələrin qurulması istiqamətində addımlar atıb. Bu danılmazdır. Ermənistan bunları dərk etməsə, biz yenə də öz haqqımızı müdafiə etməyə qadirik və hesab edirəm ki, bütün məsələlər öz həllini tapacaq.