-Bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır. Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.
- Gənclərin peşə reabilitasiya mərkəzində kursların müddəti nə qədərdir?

Gənclərin peşə reabilitasiya mərkəzində tələbələr 10 peşəyə yiyələnə bilərlər. Mərkəzdə tikişçi, toxucu, kompyuter istifadəçisi, kompyuterçi –dizayner, kişi bərbəri , qadın bərbəri, aşbaz köməkçisi, idman kursunun müddəti 3 aydır. Xalçaçılıq, ağac üzərində oyma və rəssamlıq kursları isə 6 aylıq nəzərdə tutulub.
-Məişət abonentləri sayğaclara görə haqq ödəməlidirmi?

-“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
-İşçinin saatlıq icazəsi necə tənzimlənməlidir?

- Əmək Məcəlləsinin 12-ci maddəsinin “ə” bəndinə əsasən işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin əmək münasibətləri sahəsində əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası 2010-cu il 11 may tarixli 1003-IIIQ nömrəli Qanunu ilə Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına qoşulmuşdur ki, bu Konvensiyanın 5-ci maddəsinə əsasən milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər görülür ki, yerli səviyyədə tədbirlərin planlaşdırılmasında ailə vəzifələri olan işçilərin tələbatları nəzərə alınsın. Bu Konvensiyanın 165 nömrəli tövsiyəsində göstərilir ki, milli səviyyədə elə şərait yaradılmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və ya yerinə yetirmək istəyən, ailə öhdəlikləri olan şəxslər hüquqlarını ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə öhdəliklərini harmonik birləşdirərək həyata keçirə bilsinlər, onların əmək şəraiti və sosial təminat sahəsində tələbatları nəzərə alınsın, ailə öhdəlikləri olan işçi, onun qulluğuna və ya köməyinə ehtiyacı olan digər yaxın ailə üzvünün xəstələndiyi halda, məzuniyyət almaq imkanına malik olsun, ailə öhdəliklərinin yerinə yetirilməsini yüngülləşdirmək üçün hər növ dövlət və özəl xarakterli tədbirlərin keçirilməsinə kömək göstərilsin. Qeyd edilənlərə əsasən, işçilər, xüsusi ilə ailə vəzifələri olan işçilər maddi-məişət şəraiti ilə əlaqədar olaraq, işəgötürəndən iş vaxtı ərzində icazə ala bilərlər ki, bu halda onların maraqları işəgötürən tərəfindən nəzərə alınmalı, mümkün olduğu qədər işəgötürən tərəfindən onların icazə aldıqları iş saatlarında əmək haqlarının saxlanılması təmin edilməlidir. İşçilərə əmək haqqı saxlanılmaqla icazələrin verilməsi kollektiv müqavilələrdə, kollektiv müqavilə bağlanılmadıqda əmək müqaviləsində tənzimlənə bilər.