Akkuyu AES-in ilk bloku 2025-ci ildə istifadəyə veriləcək

09:15 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Akkuyu Nüvə AŞ-nin İnşaat Müdirinin müavini Dmitri Romanets Mərsinin Gülnar rayonunda tikilməkdə olan Türkiyənin ilk atom elektrik stansiyasında əldə olunan irəliləyiş və görülən işlərdən danışıb.

Hafta.az-ın yazdığına görə, Akkuyu AES-in dünyanın ən böyük nüvə tikinti sahəsi olduğunu bildirən Romanets, "Stansiyada eyni anda 4 enerji bloku quraşdırırıq. Demək olar ki, 30 min insan işləyir. Biz 7 gün 24 saat işimizi davam etdiririk" deyib.

Elektrik stansiyasının birinci blokunda işlərin sürətlə davam etdiyini bildirən Romanets, "Birinci blokda ümumi tikinti işləri yekunlaşmaq üzrədir. "İstifadəyə vermə işləri" dediyimiz mərhələyə keçirik. Bu mərhələdə bütün elementləri və avadanlıqları yoxlayacağıq. Bunun sayəsində elektrik stansiyasımız uzun müddət və təhlükəsiz işləyəcək” deyə bildirib.

60 il işləməsi planlaşdırılan elektrik stansiyasının istismar müddətini 20 il uzatma ehtimalının olduğunu bildirən Romanets, "Əsas prioritetimiz təhlükəsizlikdir. İlk aqreqatı 2025-ci ildə tam kommersiya vəziyyətinə salmalıyıq. Elektrik enerjisi alqı-satqısı müqaviləsi çərçivəsində ilk elektrik enerjisini 2025-ci ilin iyulunda verməliyik” deyib.

Romanets bildirib ki, elektrik stansiyasının digər bloklarında da işlər nəzərdə tutulmuş qrafikə uyğun davam edir.

Aprelin 27-də keçirilən İlk Nüvə Yanacağı Gətirmə Mərasimi ilə layihənin "nüvə obyekti" statusu qazandığını xatırladan Romanets deyib: "Görünüşünə və turist potensialına görə çox möhtəşəm və müasir elektrik stansiyası olacaq. Deyə bilərəm ki, Akkuyu AES dünyanın ən yaxşısıdır. Atom elektrik stansiyası təkcə nüvə sənayesi obyekti deyil, həm də yeni iş yerləri, bazarlara çıxış və sair kimi bir çox imkanlar yaradır. Türk sənayesində yeni bir sektorun açıldığını deyə bilərəm. Bunun çox böyük əhəmiyyəti var".

Türkiyə ilə Rusiya arasında 2010-cu il mayın 12-də imzalanmış hökumətlərarası saziş çərçivəsində Mərsinin Gülnar rayonunun Büyükecəli bölgəsində inşa edilən Akkuyu AES hər biri 1200 meqavat gücündə olan 4 reaktordan ibarətdir. Türkiyənin ən böyük sərmayələri arasında yer alan elektrik stansiyasının tam gücü ilə istifadəyə verildiyi zaman Türkiyənin elektrik tələbatının 10 faizini təkbaşına qarşılayacağı gözlənilir.

Oxunma sayı 208