Alimlər müəyyən ediblər ki, soyuq hava hüceyrə səviyyəsində bir sıra effektlər yaradaraq ömrü uzadır.
Hafta.az-ın "Science Alert"ə istinadən yazdığına görə, soyuğun ömrü uzada biləcəyi əvvəlki elmi araşdırmalarla da gündəmdə idi. Amma bunun necə mümkün olduğu hələ də mübahisəli olaraq qalırdı.
Almaniyanın Köln Universitetinin tədqiqatçıları soyuğun sağlamlığa necə təsir etdiyini müəyyənləşdirmək üçün qurdlar üzərində təcrübələr aparıblar. "Nature Aging" adlı elmi jurnalda dərc edilən tapıntılar, soyuğun zədələnmiş zülalların hüceyrələrdən çıxarılması prosesində rol oynadığını ortaya qoyub.
Bir çox neyrodejenerativ xəstəliklər, xüsusən də insanın yaşlandığı dövrüdə baş verə biləcək xəstəliklər, o cümlədən Alzheimer və Parkinson, bədəndə zərərli zülalların yığılması ilə əlaqələndirilir. Buna görə də, temperaturun zülallara necə təsir etdiyini kəşf etmək bu xəstəlikləri yavaşlatmağın yollarını tapmaq yolunda mühüm addımdır.
Laboratoriyada latınca adı Caenorhabditis elegans olan qurdlar və insan hüceyrələri üzərində sınaqlar aparılıb. Nəticədə müəyyən edilib ki, aşağı temperatur "yanal amiotrofik skleroz" (ALS) və "Hantinqton" xəstəliyində yığılmış zülal aqreqatlarının çıxarılmasına imkan verib.
Proteazomlar adlanan strukturlar sözügedən protein tullantılarını parçalayır. Bu strukturların işlək vəziyyətdə qalması və təhlükəli zülal yığılmasını təmizləmək üçün temperaturun yalnız orta dərəcədə düşməsinin kifayət etdiyi görülüb. Digər tərəfdən, tapıntılar fərdlərin soyuqda oturmalı və ya yaşamalı olduğu anlamına gəlmir. Soyuqdan sağlamlıq üçün praktikada necə istifadə oluna biləcəyini anlamaq üçün daha çox araşdırma lazımdır.
Tədqiqat məqaləsində deyilir ki, həddən artıq aşağı temperatur zərərlidir. Bununla belə, bədən istiliyinin orta dərəcədə azalması orqanizm üçün faydalı təsirlər göstərə bilər.
Aşağı temperaturun uzunömürlülüyə təsiri bir əsrdən çoxdur ki, gündəmdədir. Ancaq bunun həyat və sağlamlığa necə təsir etdiyi barədə çox az şey məlumdur.