Almaniya bu ilin sonuna qədər Ukraynaya iki, gələn ilin əvvəlində isə daha iki IRIS-T SLM hava hücumundan müdafiə sistemi tədarük etməyi planlaşdırır.
Hafta.az-ın yazdığına görə, bu barədə Almaniyanın Ukraynadakı səfiri Anka Feldhusen “Radio NV”yə müsahibəsində bildirib.
"Mən çox şadam ki, biz dörd belə sistemi Ukraynaya verəcəyik. Bu, Ukraynanın böyük ərazisini qoruyacaq. Artıq eşitmişik ki, birinci və ikinci sistem bu il orda olacaq, məncə, üçüncü və dördüncü sistem də yeni ilin əvvəlində Ukraynaya çatdırılacaq", - deyib Feldhusen.

Səfir həmçinin bildirib ki, rəsmi Berlin Ukrayna Silahlı Qüvvələrinin şərq və cənub cəbhəsində başlatdığı uğurlu hücumundan sevinir.
Qeyd edək ki, IRIS-T SLM sisteminin uçuş məsafəsi 40 kilometr və eyni zamanda, 20 kilometr yüksəkliyə çatır. IRIS-T SLM-nin köməyi ilə döyüş təyyarələrini, helikopterləri, qanadlı raketləri, raket artilleriyasını, pilotsuz təyyarələri, radar əleyhinə raketləri vurmaq mümkündür.
İyunda Almaniyanın xarici işlər naziri Annalena Berbok hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasının aylar çəkəcəyini bildirmişdi.