Almaniyada son zamanlar məcburi hərbi xidmət planları ilə bağlı bir sıra söz-söhbətlər dolaşır.
Hafta.az-ın “Der Spiegel”ə istinadən yazdığına görə, müdafiə naziri Boris Pistoriusun təqdim etdiyi qanun layihəsində məcburi hərbi xidmətlə bağlı hər hansı plan yoxdur. Bazar ertəsi yayımlanan xəbərdə Almaniya Sosial Demokrat Partiyasının (SPD) üzvü Pistoriusun yeni hərbi xidmət modelinin konturlarını partiya üzvləri ilə paylaşdığı bildirilib. Mətndə icbari hərbi xidmət termininin yer almadığı vurğulansa da, gənclərin müxtəlif təşviq paketləri ilə orduda iştirakının təmin edilməsinə diqqət yetirildiyi bildirilib.
Plan çərçivəsində 18 yaşı tamam olan bütün kişilərin sağlamlıq müayinəsindən keçməsi və müvafiq məlumatı Müdafiə Nazirliyi ilə bölüşməsi nəzərdə tutulur.
Nazirlik bu məlumatlardan istifadə edərək, pulsuz sürücülük vəsiqələrindən tutmuş tələbə krediti endirimlərinə, orduya getmək istəyənlərə müxtəlif imkanlar təqdim edəcək. Bunlardan bəhrələnib orduya qatılmaq istəyənlərin hərbi xidməti 12 ay davam edəcək.
Rusiya prezidenti Vladimir Putinin 24 fevral 2022-ci il tarixli sərəncamı ilə başlayan Ukrayna müharibəsindən sonra Almaniya 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmətlə bağlı yenidən müzakirələrə başlayıb.
Yanvarda verdiyi açıqlamada Pistorius Rusiyanın 5-8 il ərzində NATO ölkəsinə hücum edə biləcəyini müdafiə edib.
Almaniya Silahlı Qüvvələrinin Rusiyanın mümkün hücumuna qarşı zəif olması ilə bağlı narahatlıqlardan sonra nazir martda verdiyi açıqlamada fərqli modellər üzərində çalışdıqlarını və 2025-ci ildə məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bildirib.
Almaniya Parlamentinin Federal Ordu Nümayəndəsi Eva Högl həmin ay verdiyi açıqlamada Silahlı Qüvvələrdə 20 min nəfərlik kadr çatışmazlığı olduğunu bildirib.
Xəbərdə Pistoriusun təqdim etdiyi planın mümkün müharibə vəziyyətinə qarşı zəif ola biləcəyi və ordudan ayrılan əsgərlərin sayının artmasının qarşısı alına bilməyəcəyinə diqqət çəkilib.
Jurnalın paylaşdığı məlumata görə, orduda təxminən 182 min əsgər xidmət edir. Berlin rəhbərliyi 2031-ci ilə qədər bu rəqəmi 203 minə çatdırmağı hədəfləyir.