AMEA-da kitabxana qiyməti 150 manata qaldırıldı - Qurum qiymətləri ictimai nəqliyyatda gediş haqları ilə müqayisə edir

12:07 03.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan Elmlər Akademiyası kitabxana qiymətinin 150 manata qaldırılnması narazılıqla qarşılandı. Bildirək ki, sonuncu dəfə 2017-ci ildə kitabxanaya girişin illik qiyməti 5 manatdan 20 dəfə qaldırılaraq 100 manat edilmişdi. Həmin vaxt AMEA rəsmisi bunun səbəbini akademiyanın mühafizə sisteminin gücləndirilməsinə görə xərclərin artması ilə izah etmişdi. Yenidən qiymətin bu qədər qalxmasına zərurət nə idi?

Hafta.az-a AMEA-nın mətbuat xidmətindən bildirdilər ki, Azərbaycan Respublikasının elm sahəsinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilmə mexanizminin olmasını və MEK-in 2020-ci il üçün müəyyən etdiyi kadr, texniki, proqram təchizatı ehtiyaclarını və fəaliyyət proqramını nəzərə alaraq, MEK-in əlavə xidmətlərindən 2020-ci maliyyə ili üçün nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənmişdir: "Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir. Oxucuların istinad etdiyi "xaricdə pulsuz kitabxana xidməti", təbii ki, pulsuz deyil, və hər bir halda müəyyən qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələr üzrə müvafiq kitabxana xidmətləri təklif edə bilmədikləri halda, mütəxəssis kimi formalaşmasında maraqlı olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur - xidmət göstərilirsə müvafiq ödənişi olmalıdır".

Yeri gəlmişkən, AMEA rəhbərliyi AMEA magistrantlarının MEK abunə xidmətlərini öz üzərinə götürüb. Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxadan limitsiz istifadə etmək hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır. Belə ki, gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən 0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin ödənişi təxminən eynidir. Oxucular müzakirələr zamanı şəffaflığın olmaması məsələsini də səsləndirir".