Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb.
Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub.
AMEA-dan mətbuata verilən məlumata görə, sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, sənəddə AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi tapşırılıb.