Dil bir xalqın varlığlını, mədəniyyətini, tarixini özündə əks etdirən ən güclü vasitədir. Onun qayğısına qalmaq və inkişaf etdirmək isə hər bir vətəndaşın borcudur. Tarixin saysız-hesabsız keçməkeşli sınaqlarından keçib günümüzə gələn ana dilimizin dövlət dili statusu əldə etməsi bu baxımdan əvəzolunmaz hadisədir. Hafta.az bu günün önəm və anlamını nəzərə alaraq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli ilə həmsöhbət oldu.
Direktor söylədi ki, dil millətin maddi və mənəvi qoruyucusudur. Beynəlxalq Ana Dili gününü müstəqil ölkə olaraq qeyd edə bilməyimiz isə ən möhtəşəm hadisədir:
“Dünya miqyasında Ana dili gününün qeyd olunması 1999-cu ilə təsadüf edir. Həmin ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilini qorumağa çalışan, rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi uzun illər keçməsinə baxmayaraq Banqladeş səfirinin yadından çıxmayıb və bu günün Beynəlxalq Ana Dili Günü elan olunmasını təmin etməyi bacarıb”.
Nadir Məmmədli dilimizin inkişafında Ulu Öndərin xidmətlərini isə xüsusi vurğuladı:
“Ana dilimizin normalarının qorunması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdıdır. Onun təşəbbüsü ilə 30 sentyabr 2002-ci il tarixində Dövlət Dili haqqında qanun qəbul edildi. Bu heç də balaca iş deyil. Dünyada çox sayda dövlət və dil var. Ancaq biz azad olan xalqlardanıq. Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində dilimizin adı rəsmiləşdirildi. Həmin günə qədər dilimizə “Türk dili, “Azərbaycan türkcəsi”, “Azərbaycan-Türk dili” və s. bu kimi adlar verilirdi. Daha sonra qəbul edilən müvafiq qanunla bu öz əksini tapdı ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Həmin dövrdə keçmiş SSRİ dövlətləri arasında Azərbaycan yeganə ölkə idi ki onun dili ölkənin rəsmi dili idi”.
Azərbaycan dilinin tədrisi məsələsinə gəldikdə isə professor təəssüf hissi ilə vurğuladı ki bu gün Azərbaycan Dili dərsinin tədris saatları qısaldılıb. Ana dilini yaxşı bilməyən heç bir insan hara gedərsə getsin inkişaf edə və peşəkarlaşa bilməz:
“Bu düzgün deyil. Bir digər təəssüf doğuran məqam isə Nitq Mədəniyyəti fənninin tədrisinin dayandırılması ilə bağlıdır. Ölkə prezidentinin təşəbbüsü ilə bütün ali məktəblərə nitq mədəniyyəti dərsi tədris olunurdu. Ancaq daha sonra həmin fənnin tədris saatı azaldıldı, daha sonra isə ümumiyyətlə yığışdırıldı. Əvəzində, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adında dərslik təyin edildi. Maraq üçün deyim ki, bu yeganə dərslikdir ki respublikanın bütün ali məktəblərində tədris olunur. Şəxsi təşəbbüsüm və vəsaitim hesabına kitabı təhsil ocaqlarına paylamışam. Yaxşı olardı ki, belə kitabların bütün təhsil müəssisələrinə paylanmaslında Təhsil Nazirliyi də maraqlı olardı”.
Həmsöhbətimiz daha sonra ana dili dərsliklərinin keyfiyyəti məsələsinə də toxundu. Bildirdi ki, ana dili dərsliklərini dilçilərin hazırlamağı daha məqsədəuyğun olardı, nəinki ədəbiyyatçıların yazmağı:
“Ədəbiyyatçı dil üçün dərslik yazır. Belə hallara diqqət yetirmək lazımdır. Dərsliklər eyni adamların yazdıqlarıdır, alternativ yoxdur. Təbii ki, eyni müəllif də hər dəfə eyni şeyləri yazacaq. Baxsanız görərsiniz ki, qrammatik normalar necə qeyd olunur. Ədəbiyyatçı bunu həll edə bilməz. Hazırda orta məktəb dərsliklərinə nəzər salsaq görərik ki, orada necə xoşagəlməz hallar var. Yaxşıları da var, ancaq biz bütün hallarda doğru olanı açıq şəkildə söyləməliyik. Dilə dilçi rəhbərlik etməlidir, ədəbiyyata ədəbiyyatçı... Dilçilik İnstitutunun fəaliyyətinə gəldikdə isə deyə bilərəm ki, burada dilimizlə bağlı bütün məsələlər zamanında həll olunur”.
N.Məmmədli dil normalarının qorunmasında din xadimlərinin rolundan da söz açdı:
“Mən həftənin 3-cü günü üçün Dilçilik İnstitutuna Dini komitədən nümayəndələr dəvət etmişəm. Onlarla dilimizin normaları ilə bağlı müzakirələr aparmağı planlaşdırıram. Axundlar məscidlərdə xütbələr oxuyan zaman, insanlara və ictimaiyyətə səhv məlumat ötürürlər. Niyə “allah təala”(cəmaət) deyirsiniz, “allah taala”(camaat) demirsiniz? Din xadimlərimiz, axundlarımız gərək ehtiyatlı olsunlar. Onlar insanlara təsir edə bilirlər. Bunun fəsadlarıdır ki, Dilçilik İnstitutuna kifayət qədər çox məhkəmə şikayətləri var”.