Aqroparklar regionların simasını necə dəyişir?

12:42 10.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın inkişafı yalnız paytaxtın deyil, həm də regionların hesabına baş verir. Demək olar ki, bölgələrimizin siması 15-20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan işlər bölgələrin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının uğurlu icrası öz növbəsində vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər görülür. Belə ki, gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb. 2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23,1 faiz artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23,2 dəfəyə yaxın artıb.

Qeyd edək ki, bu gün bölgələrin inkişafına təkan verən əsas amillərdən biri də regionlarda sənaye məhəllərinin, aqroparkların yaradılmasıdır. Dövlət başçısı da  daim çıxışlarında qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirib və bu sahənin önəmini vurğulayıb. Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Sənaye məhəllələrində və aqroparklarda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur. Sahibkarlığın inkişaf etdirilməsi regionların vergi potensialının artmasına səbəb olduğu kimi, vergi güzəştləri də sahibkarlığın inkişafını stimullaşdırır və iqtisadi risklərin minimuma endirilməsini təmin edir.

Məlumat üçün bildirək ki, bu gün ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və aqrar-sənaye kompleksinin modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,2 mlrd. manat özəl investisiya qoyulub. Aqroparklarda məhsuldarlıq səviyyəsinin artırılması üçün müasir suvarma sistemlərindən geniş istifadə edilir. Hazırda fəaliyyət göstərən 43 aqroparkda ümumilikdə suvarılan 80 min hektar torpaq sahəsindən 40 min hektarı pivot, 7 min hektarı damlama, 2 min hektarı sprinkler suvarma sistemi vasitəsilə, 31 min hektarı isə ənənəvi üsullarla suvarılır.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumi olaraq 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. Gələcəkdə əlavə 4500-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Bu müəssisələrdə istehsal edilən məhsullara gəlincə, statistikaya əsasən, 2020-ci ildə aqroparklarda 124,3 min ton buğda, 64,6 min ton arpa, 121,6 min ton dən qarğıdalı, 90,4 min ton şəkər çuğunduru, 45,5 min ton silos üçün qarğıdalı, 18,5 min ton pambıq, 5,9 min ton soya, 32,3 min ton yonca, 27,4 min ton süd və 3,3 min ton ət istehsal olunub. 2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393,5 ton zeytun, 183 ton badam, 200,7 ton nar, 165,7 ton üzüm və s. yığılıb.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyib ki, ölkəmizdə həyata keçirilən siyasət bir tərəfdən məşğulluğun təmin edilməsinə, digər tərəfdən istehsal və ixrac imkanlarının artırılmasına imkan yaradır:

“Xüsusilə yeni müəssisələr sənaye və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Bu konteksdən həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Eyni zamanda, aqroparkların yaradılması da kənd təsərrüfatı məhsullarının istehsalının təşkil edilməsi baxımından vacibdir. 2010-cu ildən etibarən Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni yanaşmanı müşahidə edirik. Bu amil məhsulların yalnız xammal formasında deyil, emal edilərək daxil bazarla bərabər, dünya bazarlarına çıxarılmasını ehtiva edir. Aqroparkların sayının artması emaledici məhsulların həcminin artması anlamına gəlir. Bu da kənd təsərrüfatı məhsullarına tələbi artırır və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına zəmin yaradır. Digər tərəfdən aqroparklar dəyər zəncərinə uyğun olaraq emaledici məhsulun xarici bazara çıxarılmasını təmin edir. Nəticədə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Kənd təsərrüfatında emaledici məhsullar xammala nisbətən 4 dəfədən çox gəlir əldə etməyə imkan verir. Bu da kənd təsərrüfatı məhsullarının keyfiyyət baxımından istehsalının yeni mərhələyə qədəm qoymasına səbəb olur. Digər tərəfdən, aqroparklar həm də iş yerləri deməkdir. Bu kimi addımlar regionlarda iş yerlərinin sayının artırılması, məşğulluğun təmin olunması baxımından vacibdir. Yeni iş yerlərinin açılması ölkədə balanslı iqtisadi inkişafın formalaşmasına xüsusi töhfə verir.Yeni çağırışlarda iqtisadiyyatın dayanıqlı olmaqla yanaşı, həm də balanslı olması qeyd edilir. Regionlarla paytaxt arasında fərqin minimumlaşdırılması, xüsusən də regionlarda iqtisadi kadrların işlə təmin olunması, özəl sektorun məşğulluqda payının artırılması vacib və prioritet məsələlərdəndir. Yeni sənaye məhəllərinin və aqroparkların yaradılması da bu hədəflərə nail olunmasına xüsusi töfhə verməkdədir".

 

Oxunma sayı 37