AQTA sədri Gəncədə vətəndaşlarla görüşüb

16:40 13.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyul ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 13-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Gəncə rayon İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) əlaqədar olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Sonra Qida Təhlükəsizliyi İnstitutunun həmin regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb, qurumun Gəncə regional bölməsinin fəaliyyətinə baxış keçirilib.