Argentinada insanlar barter yolu ilə sağ qalmağa çalışırlar

10:30 16.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yüksək inflyasiya ilə mübarizə aparan Argentinada insanlar ərzaq məhsulları əldə etmək üçün barter sisteminə keçiblər.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, paytaxt Buenos Ayresin kasıb məhəllələrindən olan Villa Fioritoda insanlar köhnə paltarlarını satışa çıxarıblar. Xəbərdə köhnə paltarların makaron, şəkər, peçenye, düyü və yumurta kimi əsas qida məhsulları ilə dəyişdirildiyi bildirilib.

İki uşaq anası olan 25 yaşlı Luz Lopez AFP-yə deyib: "Yemək çox bahadır. Bəzən küçədə gəzərkən tapdığım əşyaları yuyub, dəyişdirmək üçün bura gətirirəm".

Yaxınlıqdakı yerüstü keçidin altında yaşamaq məcburiyyətində olduğunu deyən 28 yaşlı Maria Fernanda Diaz "Siyasətçilər bura gəlib, necə yaşadığımızı görsünlər" deyərək vəziyyətə reaksiya verib.

Əlindəki əşyaları satmağa çalışan 35 yaşlı iki uşaq anası Emilce Elisabet Bravo, "Qiymətlər hər gün dəyişir. Uşaq bezləri çox bahadır. Əvvəllər bir paket 2600 peso (13 manat) idi, bu gün 4500 peso (22 manat) təşkil edir” deyib.

"Biz barter ideyasını və bu əməkdaşlığı qorumaq istəyirik. Barter Argentina iqtisadiyyatının ən pis vaxtlarında bizə çox kömək etdi" deyib Facebook-da çoxsaylı barter səhifələrindən birinin administratoru Bravo.

Argentinada Facebook-da keçirilən barter sövdələşmələrində minlərlə insanın çərəzləri notebooka və ya yumurtaları çay fincanlarına dəyişməsi adi haldır. Onlayn sövdələşmə başa çatdıqdan sonra tərəflər kiçik bir məhəllədə və ya bir küncdə görüşüb alış-veriş edirlər.

Minimum əməkhaqqının 420 dollar civarında olduğu ölkədə illik inflyasiyanın 143 faizə çatması səbəbindən əhalinin 40 faizi yoxsulluq həddinin altında gəlirlə yaşayır.

Argentinada yerləşən “Conicet” tədqiqat institutundan sosioloq Mariana Luzzi, "Argentinada yoxsulluq həqiqətən də heyrətamizdir. Sözügedən dəstək qrupları bu vəziyyəti dözümlü edən şeylərdən biridir" deyib.

1990-cı illərdə barter sisteminin geniş yayıldığını bildirən Luzz, 2001-ci ildə yaşanan iqtisadi böhranla birlikdə xalqın geniş təbəqələrinin barterdən faydalanmağa başladığını, 2023-cü il böhranı ilə isə barterin yenidən gündəlik həyatın bir parçası olduğunu söyləyib.