Ümumdünya Kitabxana və İnformasiya Konqresi 2025-ci il avqustun 18-dən 22-dək Astanada keçiriləcək. Bu qərarı Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (İFLA) Rəhbərlik Şurası qəbul edib.
Hafta.az-ın yazdığına görə, tədbirdə 4 minə yaxın qonağın iştirak edəcəyi gözlənilir.
Konqresin Qazaxıstanda keçirilməsi ölkənin kitabxana işçilərinin peşəkarlığının və kitabxana-informasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
“Bu, təşkilatın Mərkəzi Asiyada beynəlxalq kitabxana sənayesinin rolunu gücləndirəcək ilk böyük tədbiridir. İştirakçılar həmçinin Qazaxıstanın zəngin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Hər il keçirilən beynəlxalq tədbirdə dünyanın hər yerindən olan ixtisaslı kitabxanaçılar təcrübə mübadiləsi aparmaq, yeni informasiya texnologiyaları və kitabxanaçıların nailiyyətlərini müzakirə etmək üçün bir araya gəlirlər”, - Qazaxıstan Mədəniyyət Nazirliyinin məlumatında deyilir.
IFLA müxtəlif ölkələrdə kitabxanaçılıq sahəsində qabaqcıl təcrübələri toplayan və təhlil edən, informasiyanın təşkili və müxtəlif növ kitabxanaların istifadəçilərinə xidmət üçün beynəlxalq standartları müəyyən edən kitabxana mütəxəssislərinin qlobal ictimai təşkilatıdır.