Astara rayonunun Ərçivan qəsəbəsində yerli sakinlərin “Astaranın eyfeli” adlandırdıqları teleqüllə mövcuddur. Qüllə 1981-ci ildə 243.9 m hündürlüyündə inşa olunmuşdur. Məlumata görə, Sovet dövründə tez-tez İran telekanalları ilə yerli telekanallar qarışdığından çıxış yolu kimi məhz bu TV qülləsi tikilib. Teleqüllə FM-radio və televiziya yayımının ötürülməsi məqsədilə, həm də mobil təkrarlayıcı kimi istifadə olunur. Bəs görəsən qülləni Astaranın simvoluna çevirmək olmazmı?
Elə bu fikri əsas tutaraq məsələ ilə bağlı suallarımızı turizm üzrə ekspert Ceyhun Aşurova ünvanladıq. Ekspertin sözlərinə görə, qülləni turizm nöqteyi-nəzərdən qiymətləndirmək olar. Çünki bu kimi bütün görməli yerlər, həmçinin tarixi əhəmiyyət daşıyan məkanlar, abidələr həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olur:
“Faktları və elementləri yerli turizm müəssisələrinə təqdim etməklə, qüllə yerləşən ərazini marşurut üzərinə salmaq olar. Onu da vurğulayım ki, qülləyə "Astaranın eyfeli" deyilirsə, deməli artıq burada təbii yollarla müəyyən işlər görülüb. Yerdə qalır, elə bu adla qüllənin gözəl təqdimatını həyata keçirmək. Beləcə məkan insanlarda maraq oyadacaq. Onunla şəkil çəkdirənlərin sayı artacaq. 2019-cu il, Ümumdünya Turizm Təşkilatının hesabatında bildirilirdi ki, turistləri təşviq edən əsas faktorlardan biri də sosial mediadır. Bu baxımdan sosial medianın gücü danılmazdır. Elə bu güclə, gələn ziyarətçilərin sayını artırmaq mümkündür. Belə cəlbedici abidələr, binalar turistik məqsədlərlə istifadə edilməlidir”.