“Ata və uşağı ikisi də qucaqlaşmış vəziyyətdə can vermişdi”- İsmayıl Əmirli

15:49 03.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun erməni təcavüzunə qarşı sentyabrın 27-dən başlayan əks-hücumu, noyabrın 8-də Şuşann azad olunması hərbi qələbəmizlə, dekabrın 1-də isə Laçının bir gülləsiz azad olunması ilə bitdi. Torpaqlarımızın suverenliyi istiqamətdində yeni diplomatik mübarizə mərhələsi başlayır.

Bu müharibədə ölkənin azadlığı naminə vahid güc kimi ayağa qalxan millətin jurnalistləri də hərbləşdi, informasiya cəbhəsində Ali Baş Komandanın “tətikdəki” əli oldular.

Bu gün “Həftə içi” olaraq sizi müharibənin ilk günündən döyüş bölgəsinə ezam olunan  jurnalist həmkarımızdan biri, ATV-nin xüsusi müxbiri İsmayıl Əmirlinin keçdiyi döyüş yolu ilə tanış olacağıq.

 - İsmayıl,  bizə 44 günlük müharibədə gördüklərindən danış. Müharibə başlayanda hara ezam olundun, müharibəni ağırlığını görən jurnalist olaraq nələri hiss edirsən?

- Döyüşlər başlayan ilk gündən  Füzuliyə ezam olunmuşdum.  Təxminən, bir qrup jurnalist 20-25 gün ərzində Füzuli istiqamətində çəkilişlər apardıq. Daha sonra bizi Gəncədə yaradılan Qərargaha topladılar. Həmin vaxt Gəncəyə raketlər atılırdı. Sonra bizim qrupu Bakıya çağırdılar, mən orada tək qaldım. Gəncədə olanda dağıntıları, rəsmilərin hadisə yerinə səfərlərini,  erməni cinayətkarlarının dinc yaşayış yerlərini necə bomva və raketlərlə dağıtmalarını çəkib işıqlandırdım. Sonra Tərtərə gəldik. Tərtərdə çəkilişlər apardıq,  gün ərzində dağlara çıxdıq, düşmənin top atəşləri ilə törətdiyi dağıntıları, tələfatları lentə aldıq. Ordan da Bərdəyə, Qarayusifli kəndinə gəldik. Ora atılan raketlər nəticəsində xeyli ölən və yaralananlar var idi.  Bu səhnələr çox dəhşətli, faciəli idi. İnsanlar öz əzizlərini itirir, doğmalarını dağıntlar altından tapırdılar.

Bəlkə də ilk vaxtlar adam nə baş verdiyini aydınlığı ilə dərk edə, ya da “Belə bir vəhşiliyi necə törətmək mümkündür?” – deyə olanları ağlına sığışdıra bilmirdi. Bu, erməni vandallığı, erməni faşizminin ökəmizdə bizə yaşatdıqları ağrı-acı idi. Təbii ki, nə qədər ağır olsa da, çəkilişlərimizi aparırdıq.

Qarayusiflidə azyaşlı Aysunun dəfn olunduğu anları heç unutmaram. Bir uşağa necə qıymaq olar?!

Uşağın dəfn mərasimində iştirak edəndən sonra, Bərdəyə gəldik.  Şəhərə çatanda bizdən 400-500 metr qabaqda raket düşdü.  Bu, kasetli raket idi. Həmin vaxt qan su yerinə axdı, düz, 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox insan yaralandı. Həmin vaxtın şahidi olduq... Bu, çox çətin bir vəziyyət idi... İnsanların ölümünü, dağıntıları görmək, lentə almaq...

- Müharibəni ilk dəfə görən jurnalist üçün bu nə demək idi?

- Mən müharibənin bu mənzərəsini yeni görürdüm. Düzdür, İyul hadisələrində 4 gün Tovuzda oldum.  Həmin vaxt Ermənistanın atdığı bomba zərbələri, hərbi təxribatların həcmi bir o qədər geniş deyildi.  Bu, iştirakçısı olduğum 2-ci Qarabağ müharibəsi idi. O müharibə ki, hər an ölümlə üz-üzə qalırsan, o müharibə ki, düşmən heç bir hərbi əxlaqa sahib deyil.  İstənilən an düşmənin atdığı top mərmisi,  raket sənin, dostlarının, ailə üzvlərinin həyatına son qoya bilər. Horadizdə olanda 4 nəfər mülki şəxslə tanış oldum. Oradan keçib-gedəndən sonra, geriyə qayıdanda həmin adamların öldüyünü öyrəndim.  Onlardan biri 2000-ci il təvəllüdlü oğlan idi. Onunla yanacaqdoldurma məntəqəsində rastlaşmışdıq, 2 gün ərazində yaxşı münasibətimiz yaranmışdı. Kənddə işıq problemi olanda avadanlıqlarımızı ona verirdik ki,  “toka” taxsın. Bir gün yenə də onun yanına getdik. Həmin vaxt düz bizim yaxınlığımıza mərmi düşdü, həmin oğlan da orda həlak oldu. Boğaz nahiyyəsi  4-5 yerdən kəsilmişdi, elə yerindəcə həlak olmuşdu. Çox mehriban oğlan idi. Biz onun necə faciəli şəkildə  öldüyünü gördük. Mən hələ indi də bu hadisələrin təsirindəyəm... İnsanlarla münasibət qurursan, tanıyırsan, gedirsən, qayıdanda görürsən ki, evinə mərmi düşüb ölüb, həmin adam yoxdur. Müharibənin ən böyük dəhşəti günahsız insanların bu cür ölümlə üz-üzə qalmasıidi. Elə Bərdə, Qarayusifli kəndində olan hadisələr... Biz orada erməni cinayətləri nəticəsində öldürülən günahsiz körpələri gördük.  Raket atılandan sonra maşınların arasında gəzəndə,  kəsilmiş ayaqları, əlləri görürdük.  Kəsilib ətrafa düşmüş insan bədənlərinin kimə aid olduğu bilinmirdi. Ayağın üstünə baxıb lak görəndə, bunun qadına aid olduğunu bilirdik. Raket zərbəsindən içalatı dağılıb ağacların üstünə düşən insan cəsədlərini də gördük. Bunları görmək dəhşət idi.

- Öz vətənində müharibəni, ölümü, ədalətsizliyi görmək, bununla yanaşı, bütün başqa hissləri kənara qoyub,  informasiyanı olduğu kimi çatdırmaq necə mümkün olurdu?

- Əslində o hadisələri görənə qədər soyuqqanlı olduğumu fikirləşirdim. Təbii ki, çoxumuzun həyatında haradasa müəyyən kriminal hadisələr, qəzalar olur, kiminsə ölümü ilə rastlaşırıq. Bu müharibə, ermənilərin dinc əhaliyə qarşı törtədikləri vandallıq heç bir ölçüyə sığmır. Nə qədər soyuqqanlı olursan-ol, uşaqların ölümünü, daşlar altında qalmasını, qəlpə yarası ilə can verməsini qəbul edə bilmirsən. Ermənilər vandaldır. Onlar uşağa, qocaya, qadına baxmır. Ən çirkin hərəkətləri etməyə hazırdılar və zaman-zaman bunu Azərbaycana qarş ediblər, Bərdədə, Gəncədə, Tərtərdə də bunu törətdilər.  Xocalı hadisələrində ermənilərin uşaqlarımızın başına hansı oyunları açdığını bilirik. Ən çox uşaqların ölümünü görəndə özümə gələ bilmirdim, çox pis olurdum. Orada atasını qucaqlayıb ölən uşaq var idi. Kasetli raket düşəndə ata uşağını qucaqlamışdı ki, guya müdafiə eləsin, amma ikisi də qucaqlaşmış vəziyyətdə can vermişdilər.  Bunlara baxdıqca özümü çox pis hiss edirdm. Nə qədər ağrılı olsa da, çəkməliydim. Bəlkə də bu mənim işim olmasaydı, buna baxa bilməzdim. Bu iş də mənim üzərimə düşüb və bu borcu yerinə yetirməliydim. Bu informasiyaları tək özümüzə deyil, dünya ictimaiyyətinin nəzərinə çatdırmalıyıq.  Hisslərimi tam kənara qoymuşdum, ölən insanların tam yaxınlığına da gedirdim, əlimlə də toxunurdum. “Birdən sağ olar, bəlkə kömək lazım olar”, - deyə düşünürdüm. Həm də yanlış informasiya vermək istəmirdim.  Bunları gördüm və yəqin ki, hələ bu barədə çox yerlərdə danışacağam. Bilirdim ki, bu, müharibədir və ölüm-itimi gözə almışdıq. 

- Jurnalist həmkarlarımız bəzən çəkilişi bir kənara qoyub, elə Gəncədə daşların altında qalan insanların çıxarılmasına kömək etdiklərini deyirdilər. Belə anlarda işinizi unudub camaata qoşulmaq istədinizmi heç?

 - Belə bir hal Bərdədə oldu.  Sonradan rəhbərlik qulağıma dedi ki, diqqətini yayındırma. Deməli, orada raket maşının üstünə düşəndə diri-diri adam yanmışdı. O hadisəni görəndə maşına tərəf qaçdım,  canlı yayına qoşulmuşduq.  Həmin vaxt  FHN  əməkdaşları yaxınlıqdakı bir maşının içərisində olan qaz balonlarını çıxarırdılar, maşın tüstüləyirdi. Onda mən və operator Ramin İsmayılov da həmin maşınn yanına qaçdıq. O maşın partlasaydı, nazirliyin əməkdaşları da öləcəkdi, biz də.  Orada insanlar təhlükədə idilər. Bəlkə burada peşəmizi  yaxşı halda yerinə yetirmək məsələsi var idi.  Bəlkə, “ilk təhlükəli kadrları mən çəkim, hadisələri daha qabarıq göstərə bilim” rəqabəti var idi, bilmirəm. Bunların hamısı özümüzdən asılı olmayaraq yaranmışdı.

- Çox vaxt hadisə yerinə birinci çatmaq istəyimizə “peşəmizin xəstəliyi” də deyilir. Bu, müharibədə keçmir...

 - Bəli, belə olmalı deyildi. Orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da var idi. Onların da həyatı təhlükədə idi. Onların üstünə qaçdım, guya kömək edəcəkdim. Nazirliyin əməkdaşları da bizi xilas etməyi düşünürdü. Sonra öz-özümüzə gülüb deyirik ki, əliyalın o qaz balonlarının yanına qaçmaqla nə edəcəkdik?.. Həmin vaxt hadisə olub, hər  yer yanır, partlayış ola bilər, sən həmin istiqamətə qaçırsan.  Sonra rəhbərlik qulağıma qışqırdı ki, hara gedirsən?!

- Efirə verilməyən dəhşət doğuracaq kadrlarınız oldumu? O kadrların ictimaiyyətə ötürülməsi nə dərəcədə düzgün olar, ümumiyyətlə, elə kadrlar verilməlidirmi?

- Orada raket zərbəsindən kəsilən əllər, ayaqlar gördük, başı olmayan, qolu olan, qolu olmayan başı olan... Onları efirə vermədik. Heç nə gizli saxlanılmalı deyildir. O mənada ki, insanlar, dünya, ermənilərin necə vandal olduğunu, hansı cinayətləri törətdiyini bilməlidir.

 Xocalı hadisəsini canlı görməmişik, amma soyqırımında çəkilən şəkillər, kadrlar bizə o tarixin faciəsini anlatdı. Düşmənin kimliyi budur, onu gizlətmək yalnız düşmənin xeyrinə ola bilər. Bu kadrlar düşmənə qarşı daha da nifrət doğuracaq və insanlara qarşısındakı düşmənin insanlıqdan uzaq, vəhşi məxluq olduğunu göstərəcək.  Müəyyən başqa kadrlar da var. Ola bilər ki, o kadrların nə vaxrsa təqdimatını edib verərlər. Həmin vaxtda o qədər hadisələri, ağrı-acını təqdim etmək, sadəcə, mümkün olmadı. Hamı bilir, ermənilər nəyə qadirdir.  Xocalı hadisəsi baş verəndə heç biz doğulmamışdıq. O kadrlar bizə o tarixi, o dəhşərtləri anladır. Həmin kadrlar ermənilərə qarşı istifadə olunan ən yaxşı faktlardır. Bunu dünyaya göstərmək lazımdır. İnsanlar gördüklərinə inanırlar.  Uşaqların başlarına nə oyunlar açıblar, qocaların, qadınların da həmçinin. Arxiv üçün saxlanılmalıdır.

- Erməni vəhşiliyini, erməni cinayətlərini  dünyaya yetərincə təqdim edə bildikmi?

- Mən səmimi deyəcəyəm. Əslində, düşünürəm ki,  öhdəmə düşən işi tam icra edə bilmədim.  Bu da bizdən asılı olan bir şey deyildir. İndi əvvəlki illər deyil, daha çox informasiya müharibəsidir.  Cəbhədən verilən məlumatlar hansısa halda düşmənin xeyrinə hesablana bilərdi. Ona görə bizə müəyyən bir yerə qədər çəkiliş aparmağa icazə verirdilər. Düzdür, bu müharibə qaydalarına görə doğrudur. “İşimizi tam icra elədik”, - deyə bilmərəm.  Bir insan, jurnalist olaraq isə düşünə bilərik ki, əlimizdən nə gəlirdisə onu elədik.

- Xarici medianın işi, məlumatların dünyaya daha çox yayılması baxımından, əhəmiyyətli hesab olunur. Bəs yerli jurnalist üçün əsas amil nədir?

- Demək olar ki, müharibə başlayandan axıra qədər cəbhə bölgəsindən çəkilişlər apardıq. Yanımızda raketlər, bombalar partladı, qəlpələr yaxınlığımızdan keçdi. Elə oldu ki, yanımıza bomba düşdü, amma partlamadı. Bəlkə də partlasaydı, indi biz sizinlə danışa bilməzdik. Yəni müharibəni bütün gərginliyi ilə müşahidə etdik, çəkilişlər apardıq. Həmişə düşünürdüm k, əgər belə bir ağır müharibədə qardaş türk jurnalistlərimiz çəkilişlər aparırsa və bunu dünyaya yaymaq üçün öz canlarını riskə atırlarsa, biz niyə etməyək? Bu Vətən bizimdir və əlimizdən gələni etməliyik və etdik. Bu torpaqda böyümüşəmsə, nədən qorxub geri qayıtmalıydım?  Biz yerli jurnalistlər olaraq çərçivələrdən çıxmamağa çalışırdıq. Çox vaxt informasiyanı gördüyümüz şəkildə yox, lazım olan formada çatdırırdıq. O da çətin bir məsələdir. Bir gün oldu ki, 6 saat canlı yayında qaldım. Əsas məsələ hərbi sirrin açılmamasına yönəlik informasiyalara diqqətin edilməsidir. Hərdən olurdu ki, hərbçilər də bizə əsəbiləşirdilər, deyirdilər ki, siz çəkib göstərəcəksiniz, bizim olduğumuz istiqamətdə təxribat törədəcəklər.  İzah edirdim ki, məsələn, mən dağıntıdan,  postdan, düşməndən danışıram,  amma ağacın dibinə dirənib məlumat verirəm. Təbii ki, bunu da hərbi qaydanı nəzərə alaraq edirəm. Eyni zamanda keyfiyyətli kadr olmalıdır. Ən azı, verdiyin məlumatla, durduğun fon adekvat olmalıdır.

 - Xarici hərbi jurnalistlərin bu sahədə daha hazırlıqlı olduğu deyilir. Bizim jurnalistlərimiz də onlardan geri qalmadı. İcazə olsaydı, döyüşü çəkmək üçün irəliyə gedərdinmi?

- Gedərdim, əlbəttə. Bu bizim Vətənin müharibəsi idi. Bu yola çıxanda ən böyük arzum Şuşadan reportaj hazırlamaq olub. Deyirdim nə olursa-olsun, bir dənə sağ qalım, Şuşada reportaj edim.  Xarici jurnalsitlər də bizim kimi əziyyət çəkib işləyiblər. Sadə bir məntiq var: AZƏRBAYCANLIYAM və bu torpaq mənimdir.  Bir başqası necə məndən çox bu torpağa, bu hadisələrə yana bilər, özünü oda-közə atmaq istəyər? Heç bir xarici jurnalist Vətənimin müharibəsində çəkilişlər aparmaq üçün məndən ürəkli ola bilməz və bir başqa jurnalistdən 5 qat artığını da edərəm. Bu həm vəzifə borcumdur, həm də bunu istəyib edərəm. Birinci növbədə bir Azərbaycan vətəndaşıyam.  Fərqi nədir jurnalistəm, əsgərəm, ya adi vətəndaşam...  

- Çəkilişlərdə  ən çox nədən ruhlandın?

- Bu müharibədə ən çox ruhlandıran camaatın, mülki insanların yüksək əhval-ruhiyyədə olması idi. Bu müharibədə çox gözəl, böyük bir üçəm yaranmışdı:  ORDU-XALQ-PREZİDENT.  Çox böyük birlik var idi. Bu birliyi digər şəhərlərdə də görmək olardı. Döyüş bölgələrində daha çox hiss olunurdu. Kiçik bir misal çəkim. Bir yaşlı kişinin gözəl bir bağı var idi, Füzulinin Kərimbəyli kəndində. Hərbçilər o bağın yanında maşını arxaya verəndə, necə oldusa, ağaclardan birinin üstünə çıxıb-qırdı. Hansı ki, o kişi 20 ildir həmin ağaclara qulluq edib.  Təsəvvür edin ki, kişi hər səhər tezdən durur,  yarpağına qədər o bağa qulluq edir.  Hərbçi ağacı qırdığını görüb, gəlib kişidən üzr istəyir. Deyir, dayı, qurban olum, bağışla, bilmədim. Mən də qıraqdan baxıram, görüm, bunların arasında nə olacaq.  Kişi gəlib bunları qucaqlayir, üz-gözlərindən öpür. Deyir, “Siz döyüşə gedirsiniz, nə olacaq məlum deyil, amma iki dənə ağaca görə üzr istəyirsən.  Qurbandı, sizə bütün bağım”,  - deyib başlayır ağlamağa.  O hadisə mənə çox təsir elədi. Əslində, xırda bir şeydir, amma həmin mənzərə heç vaxt yadımdan çıxmayacaq.  Bu, şahid olduğum o ruh yüksəklikləri sırasında ən xırdası idi. İnsanlar var ki, 3 dəfədir dalbadal qurduğu evi dağıdılıb, mərmi düşüb, evi yoxdur. Səmimiyyətlə deyir ki, evim ordumuza qurban,  kadra da çıxmaq istəmir. Utanır ki, deyir, birdən elə bilərlər, evim dağıldığına görə kömək istəyirəm.  Qəlbin gözəlliyinə bax, demir, evim dağılıb, məni də çək, deyir ki, evim əsgərə qurban.

- Bu müharibə sənə hansı təcrübəni qazandırdı?

- Əslində, bu müharibə bizə hərbi təcrübə ilə yanaşı, digər başqa keyfiyyətləri də qazandırdı. Əslində, jurnalistika təcrübəm də azdır. Bu, müharibədə hərbi jurnalist kimi ilk iştirakım idi. Yaxşı ki, döyüş bölgəsinə getdim. Müharibənin evdə danışıldığı, xarici kinolarda, kitablardakı kimi olmadığını gördüm. Torpaq uğrunda tökülən o qanları, o canları gördüm.  Müharibənin çətinliyini gördüm. Kimsə durub sosial şəbəkədə yazır ki, “Filan şey niyə belə oldu ey, necə belə oldu ey...”. Yüz faiz əmin oluram ki, həmin adam nə müharibə görüb, nə də müharibənin ağırlığını bilir. Nə əsgərlikdə iştirak edib, nə də əsgərliyi yaxşı olub...

Müharibənin bir yaxşı cəhəti oldu: o da xalqı bir-birinə bağlamasıdır.  Xalq bir-birindən küsmüşdü. Bir-biri ilə yola getmirdi, heç kəs bir-birini eşitmək istəmirdi.  İndi baxırsan ki, camaat arasında səmimiyyət var. İnsanların qüruru yerinə gəldi. Çox yaxşı ki, bu müharibə oldu, çox itkilərimiz olmadan da hər şey öz yerinə gəldi. 

Bu müharibə bizim idi və hər birimiz öz üzərimizə düşəni etməliydik. Düzdür, müharibədən sonra hərbi jurnalist kimi yetişdiyimi də düşünmürəm, amma təcrübə qazandım. Sosialyönümlü sahələrdə işləmişəm, kriminal xəbərlər hazırlamışam. Müharibə, hərbi jurnalsitika başqa şeydir.  Məncə, bütün jurnalistlərimizə hərbi təlimlər, özünü müdafiə, müharibədə iştirak etmək üçün kurslar keçirilsə yaxşı olar. Düzdür, vəziyyətdən çıxdıq, bizə müharibədə necə hərəkət etməyi  öyrədirdilər. Amma onun bir məktəbi olsa yaxşı olar.

- Necə hesab edirsən, müharibədə sosial şəbəkələrlə bağlı hansı yanlışlıqlar oldu, nəyə diqqət etməliyik?

- Müharibədə internetin məhdudlaşdırılması yaxşı oldu. Bu gün  sosial şəbəkələr daha çox izlənir. Televiziyalar rəsmi və dəqiq məlumatları verirlər. Sosial şəbəlkələrdə xüsusi öhdəlik yoxdur. Verilən xəbər, yayılan videonun nə ilə nəticələnəcəyi bilinmir. Biz bir dəfə cəbhə bölgəsində çəkiliş aparanda, az qala, camaat bizə imkan vermək istəmirdi. Soruşurdular kimik, niyə çəkirik? Bu, yaxşı haldır. Müharibə qaydalarına görə, hamı belə hallarla maraqlanırdı. Bir dəfə paylaşılan videoya görə cəbhədə itkilərimiz oldu. Onu paylaşan da elə hərbçi idi. Özü də yaralandı, yanındakılar da. Bilmək lazımdır ki, hər informasiya ilə düşmən də işləyir.

- Şuşaya bayrağımız sancıldı, orada reportaj hazırlayacaqdın, Şuşaya getdinmi?

- Hələ ora getməmişəm, amma orada deyəcəyim standartları da  ilk gündən hazırlamışam. Gedib Şuşada reportaj hazırlamaq xəyallarımız gerçəkləşdi. İndi lap başqa həmkarım getsin, fərq etməz. Əsas torpağımız azaddır.  Füzulidə, Cəbrayılda bulaq suyu içmişəm, Şuşaya da gedərəm... İnşallah!!!

Oxunma sayı 3618