Avropa İttifaqı (Aİ) sanksiyalar və Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi səbəbindən təxminən 1,5 trilyon dollar itirib.
Hafta.az-ın Ria-Novosti-yə istinadən yazdığına görə, birinci ildə Rusiya qazından imtina edən Aİ ölkələri təkcə qaza görə 185 milyard avro xərcə düşüblər.
Aİ-də idxal ayda orta hesabla 15,2 milyard avro bahalaşıb.
Eyni zamanda, Aİ Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını artırıb: onlar artıq bu il LNG üçün 6,1 milyard avro ödəyiblər və ən böyük müştərilər İspaniya və Belçikadır. Aİ ABŞ-dan maye qaz alışını da artırıb. LNG qiymətləri Aİ-nin boru kəmərləri ilə aldığı qazdan 3-4 dəfə bahadır.
Rusiya Xarici İşlər Nazirliyi bu təxminləri “olduqca təvazökar” adlandırır.
Bütün sanksiyalara baxmayaraq, Aİ təbii və mayeləşdirilmiş Rusiya qazının ən böyük istehlakçısı olaraq qalır. Rusiyanın Aİ ölkələrinə LNG tədarükü rekord həddə çatıb və 2023-cü ilin noyabrında 1,75 milyon ton olub.
Aİ qış mövsümü başlayandan Rusiyadan yanacaq idxalını sürətlə artırır. “Financial Times” daha əvvəl bildirmişdi ki, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) təxminən 21 faizi yenidən satış üçün Aİ-yə ötürülür.
Noyabrda Rusiya 2022-ci ilin dekabrında Aİ-yə LNG tədarükü üzrə əvvəlki tarixi rekordu (1,737 milyon ton) qırıb. Ümumilikdə yanacaq ixracı hər il 9,3 faiz artaraq 2,914 milyon tona çatıb. Ən böyük alıcılar Fransa və Belçika olub.