“Taliban” hakimiyyəti ələ alar-almaz ölkə xaosa sürükləndi. Hər halda bu ölkə ilə az-çox əlaqəsi olanlar belə deyir. Nisbətən azad yaşamaq təcrübəsi əldə etmiş insanlar xaricə qaçmağa çalışır. Xüsusilə də gənclər və qadınlar. Çünki gənclər yeni dünya qurmaq arzusunda, qadınlar isə sadəcə insani hüquqlarını saxlamaq üçün “Taliban”ın sərt hökmlərindən qaçmaq istəyirlər.
Bu gün Əfqanıstanda gərgin hərbi-siyasi hadisələrin mərkəzində isə Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanı dayanır. Çünki qaçqınlar, eləcə də xarici ölkə vətəndaşları gözlənilən təhlükədən məhz burada xilas ola bilirlər – təyyarələrə oturub Əfqanıstan torpaqlarını birdəfəlik tərk edirlər...

Hava limanının təhlükəsizliyini qardaş Türkiyənin hərbi qüvvələri qoruyur, özü də Azərbaycan əsgərləri ilə birlikdə. 120 nəfərlik hərbi qüvvəmiz illərdir türk əsgərlərlə çiyin-çiyinə Kabil hava limanını göz bəbəyi kimi qoruduqları kimi, bugünki çətin şəraitdə də son ümidinə bağlanıb bura pənah gətirənlərə arxa olurlar. Bunlardan biri də Azərbaycan sülhməramlı qüvvələrinin hərbçisi Zaur Həkimovdur.
Əslən Şabran rayonundan olan Zaur Həkimov Hafta.az-a ekskluziv müsahibəsində bildirdi ki, Əfqanıstanda həqiqətən də daxili vəziyyət çox qarışıqdır və bunu canını götürüb hava limanına qaçan minlərlə insanın fəryadından da görmək mümkündür.
“İmkan daxilində insanlara kömək eləməyə çalışırıq. Sənədlərini yoxlayıb hissə-hissə hava limanının ərazisinə buraxırıq. Hətta vahimənin təsirindən hündür qoruyucu divarlardan aşıb içəri keçənlər də olur. Əlbəttə, biz öz vəzifəmizi yerinə yetirərək əraziyə kənar keçidlərin qarşısını alırıq. Amma təsadüfən keçənlər olur” deyən Z.Həkimovun sözlərinə görə, hava limanının ərazisinə keçənlərin böyük hissəsi əsasən xarici ölkə vətəndaşlarıdır. Deyir ki, əcnəbilər ya özləri bura gəlir, ya da sistemli şəkildə gətirilir və buradan təyyarələrlə vətənlərinə yola salınır. Yəni təhliyyə edilirlər.

Maraqlıdır, tarixən Azərbaycanla sıx əlaqələrə malik olan dost Əfqanıstanda azərbaycanlılar da varmı, onların ölkəyə dönüşü necə həyata keçirilir? Müsahibimiz deyir ki, indiyədək heç bir soydaşımıza rast gəlməyiblər. “Əfqanıstanda azərbaycanlılar var, ya yoxdur, hər halda bu neçə vaxtda rastımıza çıxan olmayıb. Arzu edirik heç çıxmasınlar da. Çünki onların həyatı bizim üçün çox dəyərlidir, istəməzdik əziyyət çəksinlər” deyən sülhməramlımız əlavə etdi ki, amma qardaş türk xalqının nümayəndələrinə çox rast gəlirlər. Həm Türkiyə vətəndaşları, həm də türkiyəli olmayıb, amma türk dilində danışan insanları, yaxud da əfqanıstanlı olub Türkiyə vətəndaşlığını qəbul edənlərlə də çox rastlaşdıqlarını deyən həmsöhbətimiz onlara hörmət göstərib, qayğılarına qaldıqlarını vurğuladı.
Bu arada, Türkiyə telekanallarına müsahibə verən gənc türkiyəli xanım artıq iki aymış ki, Əfqanıstanda həkim olaraq çalışdığını, amma “Taliban” hakimiyyətə gələndən sonra hava limanına qaçdığını, köməyinə məhz azərbaycanlı hərbçilərin yetişdiyini demişdi. Müsahibimiz bildirdi ki, bəli, həmin həkim xanımı yaxşı xatırlayır. Çünki o, məhz onların nəzarət etdiyi qapıya gəlmişdi və deyildiyi kimi, onu təhlükəsiz şəkildə içəri buraxmışdılar.

Z.Həkimov qeyd etdi ki, hava limanının ərazisinə keçmiş insanlar ac qalmasınlar deyə onlara yemək-içmək də verirlər. “Bura hər gün minlərlə insan üz tutur ki, əksəriyyəti quru canını götürüb gəlir. Demək olar ki, heç kimin yükü olmur. Sadəcə körpə uşaqlıların əlində kiçik əl çantası olur, vəssalam. Amma biz onların qeydinə qalırıq, hava limanının ərazisində yeməklə, içəcəklə təmin edirik. Hətta bizə verilmiş hərbiçi yeməyindən onlara pay ayırırıq” deyən müsahibimiz acınacaqlı, amma həm də maraqlı bir hadisədən də söz açdı: “Yiyəsiz bir körpə tapmışdıq, hardasa 3-4 aylıq olardı. Gördüm acdır, getdim ki, körpəli qadın tapıb uşağı verim, yedirtsin. Amma tapa bilmədim. Məcbur olub bizə verilən paket süddən içirdim. Sonra da şükür ki, atasını tapdıq, verdik. Anası ölmüşdü...”.
Z.Həkimov dedi ki, körpəyə yemək axtaranda başqa bir ürək sızladan olayla üzləşib. “Yerdə bir tərəfdə uzanıb qalmış azyaşlı qız uşağı gördüm. Əvvəl öldüüyünü zənn elədim, sonra gördüm yox, yaşayır. Ayaqyalın qaçarkən daş-kəsək ayaqlarını yaralayıb, qançir eləmişdi. Aparıb ayaqlarını silib-təmizlədim, öz corablarımı çıxarıb geyindirdim. Yemək verdik, su içirdik, bir az özünə gəldi. Nəhayət əmisini tapdıq, təhvil verdik. Onun da valideynləri ölmüşdü”, - müshibimiz dedi.

Videolardan izlədiyimiz kimi, insanlar körpələrini qapıda-divarda dayanan əsgərlərə verib, “heç olmaya uşaqları xilas edin” deyirlər. Maraqlı sual yaranır: Bəlkə özünə heç nə olmayacaq, bəs sonra ömür boyu öz əli ilə təhvil verdiyi uşaqlarını necə tapacaq bu valideynlər, həyatları övlad həsrəti ilə yanmayacaqmı onların? Z.Həkimov dedi ki, həmin hadisələr tez-tez yaşanır və əslində “biz ölürük, körpələrimizi xilas edin” məsələsi də deyil, valideynlər övladlarına qovuşdurulur. “Qapıların önündə elə basabas olur ki, kimin imkanı varsa, körpəsini verir əsgərlərə ki, izdihamda əzilməsinlər. Həm də, uşaqları içəridə olan insanların hava limanının ərazisinə daxil olması şansı yüzdə altmış faiz artır. Bunu bildikləri üçün çoxu əvvəlcə körpələrini içəri salmağa çalışır. Sonra özləri içəri keçəndə uşaqlarını götürürlər. Bizdə içəridə ayrıca otaqlar var, uşaqlar ora gətirilir. Valideynlər də içəri girəndə uşaqlarını oradan rahatca götürə bilirlər. Hər halda biz də insanıq, müsəlmanıq, çalışırıq hər kəsə az da olsa köməyimiz dəysin”, - dedi Z.Həkimov.
Müsahibimiz sonda bildirdi ki, bu gün Əfqanıstanda nə baş verir-versin, onlar özlərini çox rahat və təhlükəsiz hiss edirlər. Azərbaycandan komandanlığın hər gün onlarla əlaqə saxlayıb, maraqlandığını deyən müsahibimiz inşallah, Kabildə olduqları müddətdə öz vəzifələrini şərəflə yerinə yetirəcəklərini vurğuladı.
Xatırladaq ki, Azərbaycan Ordusunun ilk 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabrın 20-dən Əfqanıstan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində fəaliyyət göstərir. Hazırda bu ölkədəki sülhməramlılarımız 120 nəfərdən ibarətdir.