Ayasofyaya ödənişli giriş qərarı necə qarşılanır?

10:32 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbuldakı Ayasofya məscid-muzeyə daxil olmaq istəyən hər kəs müəyyən məbləğ ödəməli olacaq. Bu xüsusilə də Türkiyəyə daha çox turist göndərən Rusiyada maraq doğurub.

Hafta.az-ın yazdığına görə, Rusiyanın “Business FM” internet saytı oxucularına Ayasofyanı ziyarət etmək istəyən xarici turistlərin yanvarın 15-dən etibarən 25 avro ödəməli olduqlarını bildirib.

Sayta şərh verən tarixçi Pavel Kotlyar “Ayasofyaya daxil olan əcnəbi yalnız dörd ildir bağlı olan ikinci mərtəbəyə bilet alır. Beləliklə, nəhayət, ikinci mərtəbədən məscidin bu mozaika və bəzəklərini görmək mümkün olacaq. 25 avro ucuz deyil, amma İstanbulun əsas cazibəsinin qiyməti budur. Bu qiymətə Türkiyənin nəhəng inflyasiyası daxildir” deyib.

Tarixçi-jurnalist Aleksey Yudin “Dini mərasimlər zamanı bütün dünyada böyük kilsələrə giriş pulsuzdur. Qalan vaxtlarda turistlər əsasən pul ödəməlidirlər, lakin ekskursiya çox vaxt biletin qiymətinə daxildir. Londondakı Müqəddəs Pavel Katedrali, Barselonadakı La Sagrada Familia və Vatikanda Müqəddəs Pyotr kilsəsinə giriş təxminən 25 avroya başa gəlir. Rusiyada qiymətlər daha münasibdir. Sankt-Peterburqdakı İsaak kilsəsinə giriş 450 rubla başa gəlir, əgər sütunlara qalxmaq istəyirsinizsə, əlavə olaraq 300 rubl ödəmək lazımdır" deyib.