Azad edilmiş rayonlara səyahət - Aktual

12:27 07.07.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, yanvar ayından etibarən işğaldan azad olunmuş ərazilərə avtobus reysləri açılıb. Hazırda vətəndaşların sözügedən ərazilərə 5 marşrut xətti üzrə səfər etməsi mümkündür. Bu marşrut xətləri Bakı-Şuşa-Bakı, Bakı-Ağdam - Bakı, Bakı-Füzuli-Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli və Bərdə - Ağdam- Bərdədir. Bakı-Şuşa-Bakı xətti üzrə biletlərin qiyməti 20 manat 80 qəpik, Bakı-Ağdam – Bakı istiqamətində 18 manat 80 qəpik, Bakı-Füzuli-Bakı istiqamətində 18 manat 40 qəpik, Əhmədbəyli - Şuşa - Əhmədbəyli istiqamətində 14 manat, Bərdə - Ağdam- Bərdə istiqamətində 10 manatdır.

Bu ərazilərə səfər etmək istəyən vətəndaşlar biletləri https://yolumuzqarabaga.az saytından əldə edə bilərlər. Qeyd edək ki, iyul ayına Şuşa istiqamətinə hazırda bilet yoxdur, bu xətt üzrə bütün biletlər satılıb. Amma Bakı-Ağdam – Bakı, Bakı-Füzuli-Bakı və Bərdə - Ağdam- Bərdə istiqaməti üzrə bilet satışı aktivdir. Bu istiqamətlərə səfər etmək istəyənlər yolumuzqarabaga.az saytına daxil olaraq bilet əldə edə bilərlər.

Maraqlıdır, görəsən, işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşaya səyahət etmək üçün bilet tapa bilməyənlər şəxsi avtomobilləri ilə bu ərazilərə səfər edə bilərlərmi? Ümumiyyətlə, bu ərazilərə kimlərin hansı şərtlər daxilində səfər etməsi mümkündür? İndiyədək azad olunmuş ərazilərə nə qədər avtobus reysi həyata keçirilib və bu reyslər vasitəsilə ziyarət edənlərin sayı nə qədər olub?

Qeyd edək ki, 18 yaşı tamam olmuş və COVID-19 pasportu olan istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər. Bilet seçimi etdikdən sonra sistemə elektron ("email") ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və fərdi identifikasiya nömrəsi daxil olunmalıdır. Bundan başqa, mobil telefonun nömrəsi də tələb olunur. Tələb olunan məlumatlar sistemə daxil edilən zaman şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır.

Bilet ödənişləri onlayn qaydada həyata keçirilir. Sərnişinlər qayıdış biletini də qabaqcadan almalıdırlar. Ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Onlayn biletlər yüklənilə, həm də çap edilə bilər. Vətəndaşlar təyin olunmuş marşrut xətləri üzrə limitsiz sayda azad olunmuş ərazilərə səfər edə bilərlər. Müəyyən imtiyazlı şəxslərə isə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Mövzu ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad olunmuş ərazilərə müəyyənləşdirilmiş marşrut xətləri üzrə hər gün avtobuslar işləyir: “Mütəmadi olaraq marşrutlar təhlil edilir, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilir. Təhlillər nəticəsində Şuşaya reyslərin sayı artırılıb. Artıq sərnişinlər həftənin bütün günləri Şuşaya səfər edə bilirlər”.

Qurumdan verilən məlumata görə vətəndaşların işğaldan azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur: “İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə vətəndaşlar polis əməkdaşları tərəfindən müşayiət edilir. 30 illik işğal dövründə Qarabağ bölgəsində infrastruktur tamamilə məhv edilib. Hazırda regionda bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Səfərlərin gündəlik sayı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir”.

Hazırda vətəndaşların şəxsi avtomobilləri ilə azad olunmuş ərazilərə səyahət etmək imkanının olub-olmaması barədə sualımızın cavabında isə qurumdan bildirilib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə yalnız  müntəzəm avtobus reysləri təşkil edir”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 225 reys həyata keçirilib, Şuşa, Ağdam və Füzuli şəhərlərini ümumilikdə  9 678 nəfər ziyarət edib.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda azad olunmuş ərazilərə şəxsi avtomobillərlə turist kimi səfər etmək qeyri-mümkündür:

“Bu yalnız o halda ola bilər ki, səfər işgüzar bir səfər olsun. Fərdi avtomobillərlə səyahətin mümkün olmaması birbaşa təhlükəsizliklə bağlıdır. Bu ərazilərə gedənhər avtobus üçün polis patrulu ayrılır, çox yüksək təhlükəsizlik tədbirləri görülür. Üstəlik, həmin ərazilərdə infrastruktur da tam qurulmayıb, bu ərazilər hazırkı durumda məhdud sayda qonaq qəbul etmək imkanındadır. Nəqliyyat vasitələrinin hərəkət imkanları baxımından “Zəfər yolu” da hələ ki üstün durumda deyil. Orada yalnız ikizolaqlı yol hərəkəti qurulub. Bir gediş, bir gəliş zolağı var.

Məsələn, əgər biz insanların kütləvi şəkildə gəlməsi üçün Şuşanın qapılarını açmış olsaq, orada kilometrlərlə tıxaclar olacaq. Ona görə də səbirlə nəqliyyat infrastrukturunun tam qurulmasını gözləməliyik.

Təbii ki, infrastruktur yeniləndikdən sonra, artıq həm müntəzəm gedişlər daha fərqli formada təşkil ediləcək, həm də şəxsi avtomobillə səyahət etməyə icazə veriləcək”.

Oxunma sayı 105