Azad iqtisadiyyatın Azərbaycan modeli öz bəhrəsini verir

12:12 30.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi yolunda əmin addımlarla irəliləyir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin, reallaşdırılan layihələrin nəticəsi olaraq ölkə iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Belə ki, ötən illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı istiqamətində strateji xətt uğurla davam etdirilir. Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə ölkə başçısı tərəfindən 2014-cü ildə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. 2004-cü ildən bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 16 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər əksini tapıb. Bu da bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib.

Bu gün görülən tədbirlərin nəticəsi olaraq bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır.

Həmin tədbirlərin nəticəsidir ki, əksər dünya ölkələrində pandemiya dövründə ciddi iqtisadi geriləmələr müşahidə olunsa da, Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Və postpandemiya dövründə iqtisadi fəallığın daha qısa müddətdə bərpa olunması bunu bir daha sübut edir. Məsələn, Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübünü müsbət notda başa vurub. Belə ki, ÜDM 6,8 faiz artıb, qeyri-neft sektorunda 10,3 faiz, qeyri-neft sənayesində isə 18,1 faizlik artım qeydə alınıb. Burada əsas diqqətçəkən məqam qeyri-neft sektorunda 18,1 faiz həcmində artımın əldə olunmasıdır. Deməli, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib. Müşahidələr onu göstərir ki, ildən-ilə sənaye parklarının iqtisadiyyatdakı rolu artır. Sənaye parklarına investisiyalar artıq qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8 faizinə çatıb. Bütün dövr ərzində onların rezidentləri 6,3 milyard manatlıq məhsul istehsal edib, 2 milyard manatlıq ixracat həyata keçiriblər. İstehsalın və ixracın artım templəri sürətlə yüksəlir. Ümumilikdə isə ötən il sənaye parklarından məhsul ixracı 138 faiz, istehsal isə 76 faiz artıb. Qeyd olunmalıdır ki, bu tendensiya təkcə sənaye parklarında yaşanmır, digər sənaye məhsullarının da ixracı artır.

Bundan başqa, ötən il Azərbaycanda ÜDM artımı 3,4 faiz səviyyəsində proqnozlaşdırılırdı və yekunda 5,6 faiz təşkil etdi. Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 6,3 faiz (418 milyon manat) çox olub və 7 milyard manatı ötüb. Dövlət Vergi Xidməti üzrə daxilolmalar proqnozlaşdırılandan 23,8  faiz, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 faiz artıq olub. Yəni, faktiki iqtisadi artım göstəriciləri proqnozları qabaqlayır və bu da təbii ki, bir çox amillərlə bağlıdır. Məsələn, iqtisadiyyatın “kölgədən çıxarılması”, əlverişli biznes və investisiya mühiti, sahibkarlar üçün əlavə güzəştlərin yaradılması və s. vergi və gömrük daxilolmalarının artmasına, investisiyaların cəlb edilməsinə şərait yaradır.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, azad bazar iqtisadiyyatının əsas şərtlərindən birincisi, xüsusi mülkiyyətin iqtisadiyyatda payının üstünlük təşkil etməsidir: “Bu üstün mövqe məsuliyyəti fərdiləşdirir və daha səmərəli səviyyəyə qaldırır. Dövlət və ya ictimai mülkiyyətə nisbətən insanlar xüsusi mülkiyyətə daha məsuliyyətlə yanaşır. Çünki vətəndaş xüsusi mülkiyyəti tam olaraq özününkü sayır, onun bütün məsuliyyətini öz üzərində hiss edir. Bu səbəbdən də insanlar xüsusi mülkiyyətin inkişafında daha ciddi cəhdlə çalışır, onun genişləndirilməsi üçün bütün bacarığını və potensialını ortaya qoyur. Dövlət mülkiyyəti formasında daha çox məsuliyyət ümumi anlayış olan dövlətin üzərinə düşür və bu mülkiyyətin genişləndirilməsi imkanları yalnız ona məxsusdursa, xüsusi mülkiyyətin üstün olduğu iqtisadiyyatda daha böyük cəhdlər göstərən minlərlə sahibkar mövcud olur. Yəni inkişaf bir mərkəzdən deyil, çoxsaylı mərkəzdən qaynaqlanır, hər bir sahibkar bir inkişaf mərkəzinə çevrilir. Azad, liberal bazar iqtisadiyyatını populyarlaşdıran əsas əlamət də elə budur. Hər bir sahibkar düşüncəsinə görə özünə işləyir, biznesi nə qədər çiçəklənsə mənfəəti bir o qədər artacaq. Digər tərəfdən isə sahibkarın çiçəklənən biznesi onun özündən daha çox ümumi iqtisadiyyata töhfə verir. Təbii ki, bazar iqtisadiyyatı mexanizminin özəl mülkiyyət əsasında işini qura bilməsi üçün qanunvericilik sahibkarlığı müəyyən dövlət qurumları tərəfindən ola biləcək təsirlərdən qorumalıdır. Yəni bazar iqtisadiyyatı tətbiq edilirsə, qanunvericilik də ona uyğunlaşdırılmalıdır. Qanunlarla sahibkarın hüquqları təsbit edilməli və onun işlək mexanizm halına gəlməsi üçün digər hüquqi normativ aktlar da qəbul edilməlidir. Həmin hüquqi-normativ aktlar sahibkarı dövlət orqanlarından güvənli şəkildə qorumaq imkanına malik olmalıdır. Bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi vacib amillərdən biridir. Hətta, dövlət tənzimlənməsini nəzərə alaraq belə, bir deyim də yaranıb - ideal azad bazar iqtisadiyyatı modeli həyatda mövcud deyil. Lakin iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi nə qədər məhdud xarakter daşısa, iqtisadiyyat daha böyük sıçrayışla inkişaf edə bilər. Daha yaxşı olar ki, "görünməz əl" vasitəsilə dövlət tənzimlənməsi əsasən makroiqtisadi prosesləri əhatə etsin”.

Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində özəl sektor o qədər yüksək templə inkişaf etməlidir ki, Ümum Daxili Məhsulda dövlət büdcəsinin payı azalmalıdır: “Yəni yeni yaradılan dəyərin daha az hissəsi büdcə vasitəsilə yenidən bölüşdürülməlidir. Bu əlamət də dövlətin iqtisadiyyata müdaxiləsini məhdudlaşdıran elementlərdən biri kimi çıxış edir. Ona görə də beynəlxalq indiqatorlardan birini də, məhz Ümum Daxili Məhsulda (ÜDM) dövlət büdcəsinin xüsusi çəkisi təşkil edir. ÜDM-də dövlət büdcəsinin payı nə qədər azdırsa, iqtisadiyyat daha səmərəli mexanizmə malikdir. Təəssüflər olsun ki, Azərbaycanda bu göstərici hələ də 40 faizdən çoxdur. Bazar iqtisadiyyatının liberal modelinin əsas əlaməti, qeyd etdiyimiz kimi, dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməkdir. Belə bir şəraitdə azad sahibkarlığa, tələb-təklif əsasında formalaşan azad qiymətlərə və azad rəqabətə geniş meydan açılir. Təbii ki, bu mənada Azərbaycanda son illər həyata keçirilməyə başlanılan islahatların genişləndirilməsinə və daha da dərinləşdirilməsinə ehtiyac var”.

Oxunma sayı 1312