Azad Laçın – Bakının tələbləri qeyd-şərtsiz icra edilir - TƏHLİL

15:04 26.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Sus və Zabux kəndlərinə nəzarəti bərpa etdi. Beləliklə, müzəffər Ali Baş Komandana Laçında Azərbaycan bayrağının dalğalanması barədə məruzə edilməklə işğaldan azad olunmuş ərazilərə nəzarət tamamlandı. Sonuncu rayon mərkəzinə də nəzarət bərpa olundu.

Qeyd edək ki, Bakının Laçın rayon mərkəzi, Sus və Zabux kəndlərinə nəzarəti tam olaraq bərpa etməsi 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr üçtərəfli bəyanatında  öz əksini tapmışdı. 

Sənəddə erməni işğalçı qüvvələrinin Laçın rayonunun ərazisindən tamamilə çıxarılmalı olduğu, Ermənistanla sərhəddən Azərbaycanın Xankəndi şəhərinə gedən yolda rus sülhməramlılarının nəzarəti altında xüsusi rejim tətbiq edilməsi nəzərdə tutulurdu. Üçtərəfli bəyanatda o da bildirilirdi ki, 3 il ərzində Laçın dəhlizinə alternativ yol çəkilməlidir.

Lakin Azərbaycan çox qısa zamanda yeni marşurutu müəyyənləşdirdi və bu zamana qədər Ermənistan, hətta keçmiş Dağlıq Qarabağ ərazisində mövcud olmayan ən yüksək səviyyədə beynəlxalq standarlara uyğun yeni yolun çəkilişini yekunlaşdırdı. Qısa zaman kəsiyində bu cür yolun tam olaraq sıfırdan çəkilməsi və istifadəyə hazır vəziyyətə gətirilməsi təbii ki, dünyaya ölkəmizin iqtisadi gücü və geniş imkanlarını bir daha nümayiş etdirdi.

Beləliklə, bu gündən Laçın, Zabux və Susun yeni inkişaf mərhələsi başlayır, 30 il işğal altında qalmış bu ərazilərin Azərbaycanın mövcud sosial, iqtisadi, infrastruktur sisteminə inteqrasiyasına start verilir.

Ərazi bütövlüyünə tam nəzarətin təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər aparılan ardıcıl siyasətin, bir-birini tamamlayan siyasi qərarların, islahatların məntiqi nəticəsidir.

İşğal illərində aparılan diplomatik danışıqlarla bərabər ölkəmiz iqtisadi gücünün artırdı. Ordu quruculuğu işinin ən müasir standartlara uyğunlaşdırdı. Beynəlxalq səviyyədə haqlı mövqeyimizə dəstək ifadə edən çoxsaylı qərarların, qətnamələrin qəbulu, ən başlıcası isə Vətəninə, dövlətinə bağlı, milli maraqları hər şeydən üstün tutan, əzmkar gənc nəslin yetişdirilməsinə nail olundu.

Qeyd olunan amillər beynəlxalq səviyyədə Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi qəbul edilməsinə zəmin yaratdı. Hansı ki, bölgədə maraqlı olan güc mərkəzləri artıq rəsmi Bakı ilə təhdid, şantaj və ya təzyiq dili ilə danışmağın mümkün olmadığını anladılar. Bu yanaşma özünü 44 günlük Vətən müharibəsinin gedişində də göstərdi.

Müzəffər Ali Baş Komandan xalqa hər dəfə müraciət edəndə hərbi əməliyyatların dayandırılması üçün çoxsaylı təzyiqlərin edildiyini açıq şəkildə bəyan etdi. Lakin Azərbaycan Prezidenti bu təzyiqlərə baxmayaraq son ana qədər ən mühüm vəzifə olan ərazi bütövlüyünün bərpası, işğal faktının aradan qaldırılması, erməni revanşizminin Azərbaycan torpaqlarında məhv edilməsi prosesini yekunlaşdırdı. 

Azərbaycanın dövlət başçısının nə dərəcədə uzaqgörən, güclü siyasi iradə və zəngin idarəçilik təcrübəsinə malik lider olduğunu bir daha bütün dünya gördü və anladı.

Laçına nəzarətin bərpa edilməsi Prezidentin yürütdüyü siyasətin əsasını təşkil edən nəyi, necə və nə vaxt etmək fəlsəfəsinin nə dərəcə düzgün və həyati əhəmiyyətə malik olduğunu göstərdi.

Sirr deyil ki, 1990-cı illərdə keçmiş Dağlıq Qarabağda erməni işğalçılarının əsas üstünlüyə malik olması əslində Laçın rayonu və Laçın dəhlizinin Ermənistanın nəzarətinə keçməsi ilə daha geniş vüsət aldı. Məhz mühüm strateji əhəmiyyətə malik Laçının işğal edilməsi ilə separatçılarla birbaşa əlaqənin yaradılması Ermənistan qüvvələrinin ardıcıl olaraq Azərbaycanın digər ərazilərini ələ keçirməsində mühüm rol oynadı.

Müqayisə aparsaq, vaxtilə ermənilərin hərbi güclə işğal edib, bu "qələbələri"ni bayram etmələri fonunda bu gün qalib Azərbaycan ordusu Laçın rayon mərkəzinə bir gücllə belə atmadan daxil oldu. Rəsmi Bakının tələbləri vaxtından tez və qeyd-şərtsiz yerinə yetirilir.

Bu, Azərbaycan Prezdenti, qalib ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin əsəridir. Onun nəyi, necə və nə vaxt etmək fəlsəfəsinin qələbəsidir.

Artıq Laçın tamamilə azaddır. Laçına yeni nəfəs veriləcək. Bu torpaqlar Prezident İlham Əliyevin rəhbərliyi altında çikəklənən bütöv Azərbaycanın ayrılmaz bir hissəsi olacaq.