Azad olunmuş ərazilərdə İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

18:29 17.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda xeyli sayda Vətən Müharibəsi iştirakçısı və qazisi aidiyyəti qurumlar tərəfindən işlə təmin olunacaqları günü gözləyirlər. Onların arasında işğaldan azad olunmuş rayonlar üzrə qeydiyyatda olan işsizlərin sayı da kifayət qədərdir. Həmin şəxslər azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində yaxından iştirak etmək istəyirlər. Amma bununla bağlı hara, necə müraciət, hansı sənədlərin aidiyyəti üzrə təqdim edilməli olduğunu bilmirlər.

Məsələ ilə bağlı hafta.az-a danışan Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı bildirib ki, işğaldan azad olunmuş ərazilərdə işləmək istəyən vətəndaşlar Məşğulluq Alt Sistemindəki vakansiya bankından həmin ərazilərdə təklif olunan iş yerləri ilə tanış ola bilərlər:

“Vətəndaş yaşadığı rayon üzrə məşğulluq filialına yaxınlaşmaqla da həmin vakansiyalar barədə məlumat əldə edə bilər. Və ya iş axtaranın elektron sistemə çıxışı varsa, özü e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Bunun üçün hər hansı sənəd təqdim etməyə ehtiyac yoxdur. Əgər vətəndaşın bizim sistemdə qeydiyyatı yoxdursa, bu şəxs üçün münasib iş varsa göndəriş verməyə onu qeydiyyata alacaqlar. Yəni, ilk olaraq iş axtaran kimi qeydiyyatı aparılır. Daha sonra işsiz statusu vermək mümkündürsə, işsiz statusu verilir və paralel olaraq vətəndaş vakansiyalarla tanış olur. Onun üçün hansı iş münasibdirsə, vətəndaş barədə məlumatlar işəgötürən tərəfə ötrülür. İşəgötürən tərəfi bu namizəd qane edirsə, artıq növbəti prosedurla bağlı işlər aparılır.Yəni, bilirsiniz ki, biz işlə təminat prosesində vasitəçi rolunu oynayırıq. İşçi ilə bağlı yekun qərarı işəgötürən verir”.