Çoxdan gözlədiyimiz, amma müsəlman həmrəyliyindənmi, yaxud hansısa ölkəni, konkret olaraq İranı qıcıqlandırmamaq üçün uzun illər təxirə saldığımız qərarı verdik və həyata keçirdik – Təl-Əviv şəhərində Azərbaycan Səfirliyinin rəsmən açılışı oldu. Bu məqsədlə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər İsraildə səfərdədirlər.
Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İsrailin xarici işlər naziri Eli Kohen, İsrailin kəşfiyyat naziri Gila Gamliel, Azərbaycan Milli Məclisinin bir qrup deputatı iştirak edib.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Əlbəttə, ölkəmizi İsraildə ilk təmsil edəcək səfir Muxtar Məmmədovdur. O, etimadnaməsini İsrail Prezidentinə təqdim edib.
Bu arada Qüds şəhərində – xarici ədəbiyyatda bu məkana Yerusəlim deyirlər – Azərbaycan və İsrail XİN başçıları birgə mətbuat konfransı keçiriblər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, İsraildə Azərbaycan Səfirliyinin açılması iki ölkə arasında tərəfdaşlığın inkişaf etdiyini və münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Mütəmadi təmasların Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd edən nazir həmçinin parlamentlər arasındakı əlaqələrin də yaxşı səviyyədə olduğunu bildirib.
İsrailin xarici işlər naziri Eli Kohen isə deyir ki, iki dost və qardaş ölkənin hər zaman olduğu kimi, gələcəkdə də sıx əlaqədə olacağına kimsənin şübhəsi olmasın. O, hətta gələn ay geniştərkibli nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər edəcəyini də açıqlayıb.
Nazir deyib ki, Azərbaycan yəhudi xalqının tarixi dostudur, azərbaycanlılar yəhudilərə hər zaman sevgi və rəğbətlə yanaşıblar. “Azərbaycan yəhudilərin uzun əsrlərdir sülh və qardaşlıq içərisində yaşadığı ölkədir. Azərbaycanda yaşayan yəhudilər ölkələrimiz arasında önəmli körpüdür. Bu baxımdan Azərbaycan nümunəvi müsəlman ölkəsidir”, – İsrailin XİN başçısı deyir.
Nazirin də dediyi kimi, Azərbaycan nümunəvi müsəlman ölkəsidir. Bəs kimlər üçün nümunəviyik, kimlər üçünsə əksinə? Niyə İran hər zaman İsraillə sıx əlaqələrini bəhanə edərək, Azərbaycana düşmənçilik edir? Məgər İranın Azərbaycanla düşmənçilik etməsinin səbəbi İsraildirmi? Əsla yox. Firdovsinin “Şahnamə”sini vərəqləyən hər kəs bilir ki, İranın türk dünyasına nifrət və qəzəbinin tarixi minillərə dayanır. İranın yeganə dərdi Azərbaycanın müstəqil dövlət olaraq ildən-ilə inkişaf edərək güclənməsidir və fars-molla rejimi hər vəchlə çalışır ki, Azərbaycan süquta uğrasın. Axı böyük Güney Azərbaycan başağrısına çevrilməkdədir İran üçün...
Bəs İsrail niyə Azərbaycanla belə yaxın dostdur, axı İsrailin İrandan fərqli olaraq Azərbaycanla yüzlərlə kilometr məsafədə birbaşa quru sərhədi yoxdur. Bu məsələyə az da olsa işıq salmağa çalışaq.
Xatırlayırsınızsa, yaxın keçmişdə İsrail ordusu Qəzza zolağındakı bir sıra hədəflərə zərbə endirməklə çox sayda fələstinlinin ölümünə səbəb olanda bir sıra müsəlman ölkələrinin, hətta qardaş Türkiyənin mətbuatında Azərbaycanın niyə həmin hadisələrə susqun qalması sorğulanırdı. Amma bu sorğuya cavab da verilirdi – Azərbaycanın İsrailin Qəzzaya hücumlarına qarşı “sükut” strategiyasının arxasında illərdir, Təl-Əvivlə davam edən güclü əlaqələr dayanır.
Bu arada, Azərbaycandan Qəzzada olub-bitənlərə reaksiya gözləyənlər heç xatırladılarmı ki, Fələstin hökumətinin qondarma Erməni soyqırımını dəstəklədiyini? Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayarkən Fələstin administrasiyası Ermənistanda bazarlıq edirdi, amma həmin vaxt İsrail Bakını hər sahədə dəstəkləyib.
Xarici siyasi müşahidəçilər deyirdilər ki, Azərbaycan - İsrail münasibətləri aysberqə bənzəyir, indiki əlaqələr isə aysberqin görünən hissəsidir. Bu münasibətlər hətta o qədər yaxındır ki, erməni irqçilər İsrail bayrağını Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə yandırıblar...
1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə İsrail onu tanıyan dövlətlərin önündə olub (1991-ci il dekabrın 25-də). İki dövlət arasında münasibətlərin əsasları Azərbaycanın Rusiyayönümlü xarici siyasət əvəzinə alternativlərə yönəlməsi ilə paralel inkişaf edib. İsrailin o vaxtkı baş naziri Benyamin Netanyahunun Asiya turnesindən sonra 1997-ci ildə Azərbaycana səfəri yüksək səviyyəli ilk görüş olması baxımından mühüm əhəmiyyət kəsb edib. Netanyahunun bu səfərindən sonra 2009-cu ildə o vaxtkı baş nazir Şimon Peresin Bakıya səfəri baş tutub. İsrailin xarici işlər naziri Avigador Liberman 2010, 2013, 2014-cü illərdə Bakıya gəlib, 2013-cü ildə azərbaycanlı həmkarı Elmar Məmmədyarov nümayəndə heyəti ilə İsrailə səfər edib. 2016-cı ildə baş nazir Netanyahu yenidən Bakıda olub. İki dövlətin qarşılıqlı münasibətləri təkcə özlərini deyil, keçmiş sovet dövlətlərinin Rusiya ilə birləşməsinə mane olmaq istəyən ABŞ-ı da sevindirib.
Əslində, Azərbaycan-İsrail münasibətlərinin gedişatı 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın işə qarışmasına qapı açdı. Türkiyə bu qrupa daxil olmaq istəsə də, həm İsraillə münasibətlərindəki problemlər, həm də Rusiyadan ABŞ və NATO-ya qarşı zaman-zaman kart kimi istifadə etdiyi üçün Türkiyə qrupa daxil ola bilməyib.
Azərbaycanla İsrail arasında yüksək səviyyəli səfərlərə qədər uzanan münasibətlərin bir tərəfdən geosiyasi, digər tərəfdən isə iqtisadi əhəmiyyəti var. İran bu iki dövləti geosiyasi səviyyədə birləşdirən ən mühüm elementdir. Azərbaycan İranla qonşudur, amma iki ölkə arasında münasibətlər o qədər də yaxşı deyil. Azərbaycan Tehranı Ermənistanın işğal siyasətinə dədtək verməkdə, ölkədə 30 milyonluq azərbaycanlı əhalini təqib etməkdə ittihamlayır. Tehran isə hər zaman Azərbaycanı şər-böhtanla qaralayır, İsraillə əlaqələri kəsməsi üçün təzyiq edir və ümumiyyətlə, müstəqil Azərbaycanı istədiyi yönə yönəltməyə çalışır.
İsrail-İran münasibətləri isə 1979-cu il İslam İnqilabından sonra düşmənçilik xarakteri daşıyır. Bu vəziyyət iki ölkəni zaman-zaman İrana qarşı ortaq strategiyalar müəyyənləşdirməyə vadar edir. Məsələn, İsrail xüsusitəyinatlıları sərhəddə işləyən Azərbaycan qüvvələrinə təlim keçib, müdafiə şirkətləri isə Azərbaycana həm texniki avadanlıq, həm də humanitar kəşfiyyat dəstəyi verir. Azərbaycan iki dövlətin kəşfiyyat sahəsində əməkdaşlığını nəzərə alaraq, İrana nəzarəti təmin edən “qüllə” funksiyasını da öz üzərinə götürür.
Dağlıq Qarabağ məsələsində İsrail Ermənistanla münasibətlərdə balansı qoruyub saxlamaqla, ümumilikdə Azərbaycana səssiz dəstək verib. Əslində, Azərbaycanı 2020-ci ildə Qarabağ müharibəsində qələbəyə aparan silah-sursatın və pilotsuz təyyarələrin əhəmiyyətli hissəsi İsraildən alınıb. İsrailin Azərbaycana dəstəyi müharibə zamanı və ondan sonra iki dəfə özünü büruzə verib. Birincisi, Ermənistanın cəmi iki həftə əvvəl İsrailə təyin etdiyi səfirini 2020-ci ilin oktyabrında geri çağırıb, ikincisi, müharibədən sonrakı şənliklərdə Azərbaycan və Türkiyə bayraqlarının yanında İsrail bayrağı da dalğalanıb. Hazırda Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin gedişatı bəlli olmasa da, İran məsələsinin eyni olduğu görünür ki, bu da Bakı-Təl-Əviv xəttində əməkdaşlığın ən azı geosiyasi müstəvidə davam edəcəyini göstərir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail Azərbaycanı təkcə diplomatik deyil, həm də iqtisadi sərmayələri ilə yaxından izləyib. Xüsusilə telekommunikasiya və müdafiə sahəsi İsrail şirkətləri tərəfindən hədəfə alınıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən iki telekommunikasiya şirkətində İsrail şirkətlərinin əhəmiyyətli payı var. Müdafiə sahəsində münasibətlərdə Rusiyanın Qarabağ məsələsində ermənipərəst mövqeyi Azərbaycanı Rusiyadan kənarda yeni şirkətlərlə əməkdaşlığa vadar edib.
İsrail XİN başçısının da dediyi kimi, yəhudilər tarix boyu Azərbaycanda öz vətənlərində olduğöu kimi rahat və təhlükəsiz, hörmət və sevgi içində yaşayıblar. Düzdür, SSRİ dağılarkən Azərbaycan yəhudilərinin çox hissəsi köçüb gedib, amma buna baxmayaraq 9-10 min sayda (müstəqil mənbələrbu sayın iki dəfə artıq olduğunu bildirir) yəhudi hələ də azərbaycanda tamhüquqlu vətəndaş olaraq yaşamaqdadır. Hə, onu da qeyd edək ki, Azərbaycanda yəhudilərin yığcam yaşadığı Qırmızı Qəsəbə kimi məkan mövcuddur. Bu gün məhz yəhudi vətəndaşlarımız Azərbaycanla İsrail arasında əlaqələrin inkişafı müstəvisində əvəzsiz rol oynayırlar.
Azərbaycanla İsrail arasında iqtisadi-ticarət əlaqələrinin həcmi hətta İranla ticarətin həcmindən ikiqat yüksəkdir. Neft müqabilində müdafiə-hərbi texnikanın alınmasının asanlaşdırılması İsraili Azərbaycan üçün cəlbedici edir. ABŞ Energetika Nazirliyinin hesabatına görə, İsrailin neftə olan tələbatının 40 faizi məhz Azərbaycan tərəfindən təmin edilir. Bu mənada Azərbaycan 1973-cü il neft böhranı kimi vəziyyətə qarşı İsrail üçün tam təhlükəsizlik mənbədir.
Ümumilikdə isə ölkələrimiz arasında ticarətin həcmi 2021-ci ilin yekunlarına görə 930 milyon (ən yüksək hədd 1,4 milyard dollar olub – V.T.) dollardır. Bunun təxminən 90 milyon dolları İsraildən Azərbaycana idxalın, qalan böyük hissəsi isə Azərbaycandan İsrailə ixracın, xüsusilə də yanacaq xammalı satışının payına düşür.
Qeyd edək ki, bu rəqəmlərə “çemodan ticarəti”, yəni ölkələrimizə qarşılıqlı səfərlər edən insanların ticarəti daxil deyil.
2012-ci ildə Azərbaycanın İsraildən aldığı hərbi texnikanın həcmi 1,6 milyard dolları ötüb. Elə həmin il İsrailin xarici işlər naziri Bakıda “İsrail üçün Azərbaycanla münasibətlər Fransa ilə münasibətdən daha vacibdir” demişdi. Xarici mətbuatın yazdığına görə, 2016-cı ilədək İsraildən Bakıya göndərilən silahların həcmi 6 milyard dollar olub. İsrail şirkətləri silah satışı ilə yanaşı, Azərbaycan qüvvələrinə xüsusi təlimlər keçib və Azərbaycanda kəşfiyyat məlumatlarının toplanması kimi məsələlər üzərində işləyiblər.
Yeri gəlmişkən, Bakı Hava Limanının mühafizəçilərini öyrədən və təhlükəsizlik texnikasını təmin edən şirkət də Təl-Əvivdən gəlib.
Sonda qeyd edək ki, ikili əlaqələrin inkişafına təsir edən insan faktoru hər zaman flaqman olub. Azərbaycanda yaşayan yəhudiləri əsrlər boyunca özümüzdən ayırmadıq, hətta qohum olanlar da az deyil. Müsəlman-yəhudi ayrımçılığı qoymadan bir-birimizin süfrəsində yeyib-içmişik, xeyirimiz-şərimiz bir olub və belə də davam edəcək. Bunu ən yaxşı ölkəmizin yəhudi vətəndaşları təsdiq edə bilərlər. Necə ki, bir müddət öncə Kaliforniyada yayımlanan "Jewish Journal"da Qarabağ məsələsi və multikulturalizm mövzusunda məqalələr yazan Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev belə qeyd etmişdi: "Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Dünyanın harasında olsaq da, azərbaycanlıyıq... Biz yəhudilər əsrlər boyu Azərbaycanda yaşamışıq, yaşayırıq, övladlarımız, nəvələrimiz də yaşayacaqlar”...