Düşünürəm ki, irqçilik əleyhinə olan bir qətnamə ilə bağlı rəsmi Bakının addımı siyasi baxımdan doğru olub…
Dünən – noyabrın 4-də BMT Baş Assambleyasının 3-cü komitəsi növbəti dəfə Rusiyanın nasizm və irqçiliyin qəhrəmanlaşdırılmasını pisləyən qətnamə layihəsini qəbul edib. Layihənin əleyhinə ABŞ və Ukrayna başda olmaqla 51 ölkə səs verib. 15 ölkə bitərəf qalıb. Azərbaycan, Belarus, Vyetnam, Venessuela da daxil olmaqla 106 ölkə isə Rusiyanın bu qətnaməsinin lehinə səs verib.
Qətnamə “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə şərait yaradan digər təcrübələrlə mübarizə” adlanır.
Qətnamə dövlətləri irqi ayrı-seçkiliyin bütün formalarını bütün müvafiq vasitələrlə, o cümlədən şərait tələb edərsə, qanunla aradan qaldırmağa çağırır.
Hazırda “Rossiya-24” başda olmaqla Rusiya KİV BMT-dəki bu uğurlarını hay-küylə təbliğ edir. Və sənədin həmmüəllifləri sırasında ilk olaraq Azərbaycan və Belarusun adı çəkilir.
Qeyd edək ki, belə qətnamə BMT BA-da hər il müzakirə olunur.
Xatırladaq ki, ötən ilin dekabrında yenə Rusiyanın hazırladığı belə bir qətnamənin əleyhinə yalnız ABŞ və Ukrayna səs vermişdi. Azərbaycan da daxil olmaqla 130 dövlət isə sənədi dəstəkləmişdi. Fransa, Almaniya, Niderland və Polşa da daxil olmaqla 49 ölkə səsvermədə bitərəf qalmışdı.
İlk baxışdan hazırda Ukraynanı işğal edən və faktiki soyqırım törədən Rusiyanın təqdim etdiyi sənədə Azərbaycanın Belarus, Venesuela kimi ölkələrlə bərabər səs verməsi qəribə görünür. Onu da nəzərə almaq lazımdır ki, məhz Kremlin dəstəklədiyi Ermənistanın işğalına, nasizminə, irqçiliyinə, soyqırımına və s. məruz qalmış Azərbaycan illərdir ki, elə Rusiyanın özü tərəfindən irqçiliyin qəhrəmanlaşdırılması hallarına qarşı ciddi mübarizə aparır. Məsələn, II Cahan savaşında Almaniya faşizmi tərəfində döyüşmüş erməni nasisti Qaregin Njdenin nəinki Ermənistan, həmçinin Rusiyanın Armavir şəhərində heykələrinin qoyulması faktlarıyla bağlı rəsmi Bakının gördüyü işlər bəllidir. Azərbaycanın tələblərinə rəğmən Rusiya “sülhməramlı”larının nəzarətindəki Xocavənd şəhərində Njdeyə qoyulmuş abidə hələ də sökülməyib…
Bəs Azərbaycanın sözügedən Rusiya qətnaməsini dəstəkləməsini siyasi reallıq diqtə edirmi?..
Sabiq baş diplomat Tofiq Zülfüqarov Hafta.az-a açıqlmasında məsələyə belə münasibət bildirib:
“Bilirsiz, hesab edirəm ki, Azərbaycanın bu və digər siyasi addımları ilk növbədə bir məqsədə yönəlib: Rusiyanın bəzi siyasi elitalarında olan ermənipərəst mövqeyi təbliğ edən və Azərbaycanın ərazi bütövlyünə qarşı çıxan dairələrə belə bir mesaj göndərmək lazımdır ki, Azərbaycan da öz tərəfindən müxtəlif mövzularda müxtəlif mövqeləri seçə bilər. Və zənnimcə, rəsmi Bakı bu mesajları göndərməklə hansısa real nəticələr əldə edəcək. Çünki xarici siyasətin əsas prinsipi elə bu və ya digər siyasi tətbiqin qarşılıqlı şəkildə həyata keçirilməsidir. Düşünürəm ki, bu, düzgün yanaşmadır. Yəni BMT-də müzakirə olunmuş bu qətnamə ilə bağlı rəsmi Bakının addımı siyasi baxımdan doğru olub. Və Azərbaycan öz maraqlarını müdafiə etmək üçün bu cür silsilə addımlarını hələ davam etdirəcək. Çünki anti-Azərbaycan təbliğatı da hələ davam edir”.
“Yəqin, bu mənada Ukrayna tərəfin də Azərbaycanı anlaşıqla qarşılayacaq?” sualını isə politoloq bu cür cavablandırıb:
“Bəli, hər hansı siyasi addımda onun tərəfdarları da olur, əleyhdarları da olur. Gözləniləndir ki, bu və ya digər şəkildə bizə dəstək bir tərəfdən gəlməsə də, o biri tərəfdən gələcək. Əslindən bunlar adi siyasi davranışlardır. Azərbaycan yeni bir şey icad eləmir”.
“Hər şey qarşılıqlı olmalıdır. Anti-Azərbaycan təbliğatı durdurulmayınca Azərbaycan tərəfindən də belə mesajlarla cavablar veriləcək. Həmin üslub gördüyümz kimi, İrana qarşı da tətbiq olunur” -deyə keçmiş xarici işlər naziri vurğulayıb.