Azərbaycan-Fransa prezidentlərinin görüşü yeni mərhələnin göstəricisidir - Rəy

14:08 06.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Kopenhagendə keçirilən Avropa Siyasi Cəmiyyəti sammiti çərçivəsində baş tutan İlham Əliyev və Emmanuel Makron görüşü əslində yeni bir mərhələnin göstəricisidir. Fransa uzun illərdir Cənubi Qafqazda, xüsusilə Ermənistan vasitəsilə təsir imkanlarını qorumağa çalışsa da, indi reallıqlar dəyişib. Paris artıq görür ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi irəliləyir və bu prosesin qarşısını almaq, yaxud onu öz istədiyi istiqamətə yönləndirmək əvvəlki kimi asan deyil”.

Bunu Hafta.az-a siyasi şərhçi Azər Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti ilə görüşünü şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan 2020-ci ildən sonra bölgədə siyasi və hərbi reallığı dəyişdirdi. Bu reallıq indi beynəlxalq diplomatiya tərəfindən də qəbul olunur:

“Makronun İlham Əliyevlə görüşü də bir növ bu qəbulun siyasi ifadəsidir. Fransa indi anlayır ki, bölgədə sabitliyin və sülhün açarı artıq Bakının əlindədir. Buna görə də, Paris sülh prosesindən tam kənarda qalmaq istəmir və Azərbaycanla birbaşa dialoqu davam etdirməyə çalışır”.

Ekspert eyni zamanda bildirib ki, Azərbaycan da Fransanın hələ də beynəlxalq sistemdə mühüm aktor olduğunu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa İttifaqında təsirli dövlətlərdən biri kimi qlobal qərarlara təsir gücünə sahib olduğunu bilir:

"Buna görə də Bakı münasibətləri tam gərginləşdirməkdən qaçır, əksinə, real siyasət prinsipləri çərçivəsində dialoqu qorumağa üstünlük verir. Yəni, bu görüş bir tərəfdən Fransanın yeni regional reallığı qəbul etməsi, digər tərəfdən isə Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunu balanslı və praqmatik şəkildə dəyərləndirməsinin göstəricisidir. Fransa artıq anlayır ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq yalnız Azərbaycanla rasional münasibətlər üzərində mümkündür".