Siyasi dialoqdan strateji tərəfdaşlığa

15:42 23.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Avropa İttifaqının ən böyük iqtisadi gücü sayılan Almaniyaya rəsmi səfəri ölkəmizin artan nüfuzu və strateji əhəmiyyyətinin yüksəlməsi kimi dəyərləndirilir. Dövlət başçısının səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər və aparılan müzakirələr Almaniyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və münasibətləri üst səviyyəyə çıxarmaqda maraqlı olduğunu bir daha göstərdi.

Qeyd edək ki, iyulun 21-də Berlində Almaniya–Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannaməni imzalayıblar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və çoxqütblü xarici siyasət kursu son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasətin növbəti mühüm nəticəsi Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” oldu. Bu sənəd Azərbaycan–Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir.

Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olan Almaniya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə, Berlinlə strateji gündəliyin formalaşdırılması yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələrinin perspektivləri üçün mühüm siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir. Həmçinin Bəyannamədə yenilənmiş Azərbaycan–Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə açıq dəstəyin ifadə olunması Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə verilən töhfə kimi qiymətləndirilə bilər.

Milli Məclisin deputatı, Azərbaycan–Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva deyir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan–Almaniya münasibətlərində yeni siyasi və iqtisadi mərhələnin əsasını qoydu.

Deputatın sözlərinə görə, səfər çərçivəsində imzalanan sənədlər və verilən bəyanatlar göstərir ki, tərəflər artıq ənənəvi iqtisadi əlaqələri daha geniş strateji əməkdaşlıq formatına keçirməyə çalışırlar. Onun fikrincə, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika və investisiya sahələri bundan sonra iki ölkə arasında münasibətlərin əsas istiqamətlərini təşkil edəcək. Jalə Əliyeva bildirib ki, səfərin ən mühüm nəticələrindən biri siyasi dialoqun institusional əsaslarının daha da möhkəmləndirilməsi olub:

“Almaniya Avropa İttifaqının aparıcı iqtisadi və siyasi gücü kimi Cənubi Qafqazda sabitliyin təmin olunmasına daha böyük maraq göstərir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan–Almaniya münasibətlərinin inkişafı təkcə ikitərəfli əlaqələrə deyil, bütövlükdə regionda əməkdaşlıq və sülhün möhkəmlənməsinə xidmət edəcək. Enerji əməkdaşlığı münasibətlərin əsas dayağı olaraq qalır və Avropanın enerji təhlükəsizliyi gündəliyində Azərbaycanın rolu son illərdə əhəmiyyətli dərəcədə artıb. Almaniya Kansleri Fridrix Mertsin enerji sahəsində əməkdaşlığın daha da şaxələndirilməsində maraqlı olduqlarını bəyan etməsi göstərir ki, söhbət artıq təkcə təbii qaz tədarükündən deyil, həm də bərpa olunan enerji sahəsində uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasından gedir. Münasibətlərin yeni mərhələsinin əsas istiqamətlərindən biri də yaşıl enerji əməkdaşlığıdır. Azərbaycan Xəzər dənizinin külək enerjisi potensialından istifadə etməklə Avropaya yaşıl elektrik ixrac etməyi strateji məqsəd kimi müəyyənləşdirib. Almaniyanın texnologiya, investisiya və innovasiya imkanları Azərbaycanın resurs potensialı ilə birləşdikdə hər iki tərəf üçün qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşır. Avropa İttifaqının Yaşıl Enerji Dəhlizi layihəsinə dəstəyi də bunun göstəricisidir”.

J.Əliyeva bildirir ki, tranzit və logistika sahəsi də əməkdaşlığın prioritet istiqamətlərindən birinə çevrilir:

“Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın Orta Dəhlizdə oynadığı rol Almaniyanın da diqqət mərkəzindədir. Azərbaycan Şərqlə Qərb arasında etibarlı logistika qovşağı kimi çıxış edir və bu marşrut Almaniya üçün də yeni iqtisadi imkanlar yaradır. Bu baxımdan Bakı ilə Berlin arasında nəqliyyat əməkdaşlığı artıq təkcə ikitərəfli deyil, həm də Avrasiya miqyasında strateji əhəmiyyət daşıyır. Almaniya Azərbaycanın əsas texnologiya və sənaye tərəfdaşlarından biridir. Yeni mərhələdə alman şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələrinə, yaşıl enerji obyektlərinə, sənaye parklarına və rəqəmsal iqtisadiyyat layihələrinə marağının artacağı gözlənilir. Bu isə investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bilər”.

Deputat vurğulayıb ki, Berlin səfəri Azərbaycan–Almaniya münasibətlərinin artıq yalnız enerji tədarükü ilə məhdudlaşmadığını nümayiş etdirdi:

“İmzalanan sənədlər və verilən siyasi mesajlar iki ölkə arasında strateji tərəfdaşlığın daha geniş məzmun aldığını göstərir. Yaşıl enerji, tranzit dəhlizləri, sənaye əməkdaşlığı, rəqəmsal inkişaf və regional sabitlik bundan sonra münasibətlərin əsas sütunlarını təşkil edəcək. Bu isə Azərbaycanın Avropanın enerji və logistika xəritəsində artan rolunu bir daha təsdiqləyir və Almaniya ilə əlaqələrin uzunmüddətli perspektivdə daha da dərinləşəcəyindən xəbər verir".

Milli Məclisin deputatı Afət Həsənova deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi dialoqun davamlı xarakter aldığını bir daha nümayiş etdirir.

Deputat bildirir ki, son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Bakı ilə Berlin arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi həm Azərbaycan, həm də Avropa üçün mühüm əhəmiyyət daşıyır:

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Almaniya kimi aparıcı iqtisadiyyatlarla münasibətlərin daha da dərinləşdirilməsini zəruri edir. Ölkəmizin etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı nüfuz siyasi münasibətlərin də yeni məzmun qazanmasına imkan yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlər yalnız ikitərəfli əlaqələrin cari vəziyyətini deyil, həm də gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edir.

Azərbaycan və Almaniya arasında münasibətlər enerji sahəsi ilə məhdudlaşmır. Sənaye, “yaşıl enerji”, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, elm, təhsil və investisiya istiqamətlərində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə Azərbaycanın Orta Dəhliz üzrə artan tranzit imkanları Avropa şirkətləri üçün yeni iqtisadi perspektivlər açır. Avropa İttifaqı alternativ enerji və nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan isə coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və etibarlı tərəfdaş nüfuzu ilə bu prosesdə mühüm rol oynayır. Almaniyanın bu istiqamətdə marağının artması təbiidir və yüksək səviyyəli təmaslar gələcək birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Səfər çərçivəsində aparılan müzakirələr regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülh gündəliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bölgədə uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ardıcıl mövqe nümayiş etdirir və beynəlxalq tərəfdaşlarla açıq dialoqa üstünlük verir. Almaniya ilə siyasi məsləhətləşmələrin intensivləşməsi bu baxımdan qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir”.

A.Həsənovanın sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri bir daha göstərir ki, Azərbaycan Avropa ölkələri ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar prinsipi əsasında inkişaf etdirməkdə qərarlıdır:

“Bu cür yüksək səviyyəli görüşlər yalnız mövcud əməkdaşlığı möhkəmləndirmir, eyni zamanda gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsi üçün də geniş imkanlar yaradır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirir ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirilməlidir.

Deputatın sözlərinə görə, bu səfər təkcə ikitərəfli münasibətlərin cari vəziyyətinin qiymətləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

"Dövlət başçısının keçirdiyi görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, Azərbaycan–Almaniya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Almaniya Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, əlaqələrin inkişafında əsas dönüş nöqtəsi 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Almaniyaya rəsmi səfəri olmuşdur. Məhz həmin səfərdən sonra siyasi dialoq genişlənmiş, iqtisadi əməkdaşlıq sürətlənmiş və humanitar əlaqələr yeni məzmun kəsb etmişdir. Sonrakı dövrdə bu münasibətlər qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında ardıcıl inkişaf etmişdir. Hazırkı dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir. Geosiyasi gərginliklər, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, qlobal ticarət marşrutlarının yenidən formalaşması dövlətlər arasında əməkdaşlığın yeni formatlarını zəruri edir. Belə mürəkkəb şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Azərbaycan üçün mühüm tərəfdaşdır. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələrinin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi mesajlar verir”.

Millət vəkili bildirir ki, Azərbaycan həm Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və logistika qovşağıdır. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz son illərdə Avropa ilə Asiya arasında ən perspektivli yükdaşımalar marşrutlarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil yolları və Ələt Azad İqtisadi Zonası ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Almaniya kimi ixracyönümlü iqtisadiyyata malik dövlət üçün bu marşrut yeni iqtisadi və logistika imkanları yaradır:

“Enerji sahəsi Azərbaycan–Almaniya əməkdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi şəraitdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi xüsusi əhəmiyyət qazanıb. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq Avropanın onlarla istehlakçısına çatdırılır və ölkəmiz enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı, Xəzər dənizində yaşıl enerji layihələri və Qara dəniz marşrutu üzrə yaşıl enerji təşəbbüsləri Almaniya şirkətləri üçün də yeni əməkdaşlıq imkanları yaradır.

İqtisadi münasibətlər dinamik inkişaf edir. Almaniya hazırda Azərbaycanın Cənubi Qafqazda ən iri ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəsinin davamlı artması, Almaniya kapitallı yüzlərlə şirkətin Azərbaycanda uğurla fəaliyyət göstərməsi iqtisadi əlaqələrin möhkəm təməl üzərində qurulduğunu göstərir. Eyni zamanda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, sənaye parklarının yaradılması, vergi və gömrük güzəştləri, investor hüquqlarının qorunması istiqamətində görülən tədbirlər Almaniya biznes dairələrinin marağını daha da artırır. Qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyatın qurulması və innovasiya əsaslı inkişaf modeli Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Almaniyanın sənaye, maşınqayırma, rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, peşə təhsili və tətbiqi elmlər sahəsində zəngin təcrübəsi bu istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar açır. Texnologiya transferi, birgə istehsal müəssisələrinin yaradılması və innovasiya layihələrinin həyata keçirilməsi hər iki ölkənin maraqlarına tam cavab verir”.

A.Badamov qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də Almaniya şirkətləri üçün mühüm perspektivlər yaradır. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, müasir infrastruktur və rəqəmsal idarəetmə layihələri qabaqcıl texnologiyalara malik Almaniya şirkətlərinin bu prosesdə fəal iştirak etməsinə əlverişli zəmin formalaşdırır:

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniya Federal Kansleri Fridrix Mers ilə keçirilən görüş və mətbuata verilən birgə bəyanat səfərin əsas siyasi nəticəsi oldu. Dövlət başçıları ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı ortaq baxışlarını ortaya qoyaraq əməkdaşlığın uzunmüddətli strateji xarakter daşıdığını vurğuladılar. Danışıqlarda siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhliz, rəqəmsal transformasiya, innovasiya, elm, təhsil və humanitar əlaqələrin inkişafı əsas prioritetlər kimi müəyyən edildi.

Səfər çərçivəsində “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycan–Almaniya münasibətlərinin yeni strateji mərhələyə yüksəldiyini təsdiqləyir və gələcək əməkdaşlığın institusional əsaslarını müəyyənləşdirir. Sənəd siyasi dialoqun dərinləşdirilməsini, qarşılıqlı investisiyaların təşviqini, sənaye kooperasiyasını, müdafiə sənayesi, elm, texnologiya, innovasiya, rəqəmsal iqtisadiyyat və humanitar sahələrdə əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Səfərin mühüm nəticələrindən biri də Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə əldə olunan razılaşmadır. Bu yeni platforma iş adamları arasında birbaşa əməkdaşlığı genişləndirəcək, investisiya layihələrinin hazırlanmasını sürətləndirəcək, texnologiya transferinə və birgə istehsalın inkişafına mühüm töhfə verəcək. Bu təşəbbüs iqtisadi əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirəcək və özəl sektorun əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq".

Millət vəkili qeyd edir ki, bütün bunlar Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri yalnız diplomatik protokol xarakter daşımadığını göstərir:

“Bu səfər Azərbaycan–Almaniya münasibətlərinin strateji məzmununu zənginləşdirən, siyasi etimadı möhkəmləndirən və iqtisadi əməkdaşlığa yeni impuls verən mühüm hadisədir. İmzalanmış sənədlər, əldə olunan razılaşmalar və müəyyən edilmiş prioritetlər qarşıdakı illərdə ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiyaların genişlənməsinə, yeni texnologiyaların tətbiqinə və iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”.

Siyasət rubrikasından digər xəbərlər