Moskvada Azərbaycan-Rusiya siyasi dialoqu

15:50 23.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskva səfəri və həmkarı Sergey Lavrovla keçirdiyi görüş Azərbaycan–Rusiya münasibətlərinin мювъуд дурумуну йенидян эцндямя эятириб. Qeyd edək ki, Moskvanın rəsmi açıqlamalarında münasibətlərin potensialının tam reallaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı mesajlar verilib. Eləcə də Sergey Lavrov görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli münasibətlərin bütün imkanlarından istifadə etməyə doğru irəlilədiyini bildirib.

Bu səfəri Bakı ilə Moskva arasında bütün problemlərin tam həll olunması kimi qiymətləndirmək olarmı?

"Rusiya Cənubi Qafqazda mövqelərini qorumağa çalışır"

Siyasi ekspert Azər Hüseynov bildirir ki, xarici işlər naziri Ceyhun Bayramovun məlum səfərini müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür:

“Azərbaycan-Rusiya münasibətlərində zaman-zaman müəyyən gərginliklər və fikir ayrılıqları yaranır. Lakin bu cür gərginliklər dövlətlər arasında diplomatik dialoqun dayanması anlamına gəlmir. Əksinə, beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, məhz belə dövrlərdə diplomatik kanalların açıq saxlanılması daha böyük əhəmiyyət daşıyır. Bu vasitə ilə həm mövcud problemlərin idarə olunması, həm də qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilir.

Xüsusilə Ukrayna ilə müharibənin yaratdığı yeni geosiyasi şərait fonunda Rusiya Cənubi Qafqazda mövqelərini qorumağa çalışır və bu baxımdan, Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür. Azərbaycan da öz növbəsində Rusiya ilə uzun quru sərhədinə malikdir və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas iştirakçılarından biri kimi bu marşrutun iqtisadi və tranzit imkanlarının genişlənməsində maraqlıdır. Bu amillər iki ölkə arasında dialoqun davam etdirilməsini zəruri edən əsas faktorlardandır”.

Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində milli maraqları əsas meyar kimi saxlamalı, münasibətlərin məhz bu çərçivədə qurulmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, Ermənistanda Rusiyaya yaxın siyasi qüvvələrin və revanşist meyllərin güclənməsinin regional təhlükəsizliyə mənfi təsir göstərə biləcəyi ehtimalı da nəzərdən qaçırılmamalıdır:

“Bu səbəbdən, Bakı həm Moskva ilə praqmatik əməkdaşlığı davam etdirməli, həm də regionda yaranan yeni siyasi prosesləri diqqətlə izləyərək öz strateji maraqlarını qorumağa yönəlmiş balanslı siyasət yürütməlidir. Belə yanaşma həm regional sabitliyin qorunmasına, həm də Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin edilməsinə xidmət edəcəkdir”.

"Rusiya hələ də Azərbaycana təsir göstərmək üçün yeni təzyiq mexanizmləri axtarmaqdadır"

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərində indiyədək yaşanan gərginliklərin əsas təşəbbüskarı məhz Rusiya olub. Onun sözlərinə görə, Azərbaycan hər zaman milli maraqlarını təmin etmək üçün zəruri diplomatik və siyasi addımlar atıb.

Mərkəz rəhbəri bildirir ki, bunun ən bariz nümunəsi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdir. Həmin qələbədən sonra təkcə Rusiyadan deyil, bir sıra digər ölkələrdən də Azərbaycana qarşı müxtəlif təzyiq cəhdləri müşahidə olunmağa başlayıb:

"Azərbaycanın uzaqgörən diplomatiyası və praqmatik siyasi yanaşması sayəsində bu təzyiqlərin qarşısı müxtəlif mərhələlərdə alınıb. Bununla belə, Rusiya hələ də Azərbaycana təsir göstərmək üçün yeni təzyiq mexanizmləri axtarmaqdadır. Fikrimcə, iki ölkə arasındakı münasibətlərə kölgə salan bir sıra addımların həm sifarişçisi, həm də ideya müəllifi Rusiyadır. Bu yanaşma yeni deyil və əvvəlki dövrlərdə də, xüsusilə “beşinci kolon” fəaliyyəti ilə bağlı məsələlərdə özünü açıq şəkildə göstərib. Buna baxmayaraq, Azərbaycan bütün dövrlərdə təmkinli, soyuqqanlı və dövlət maraqlarına əsaslanan siyasət yürüdərək, taktiki və strateji yanaşma nümayiş etdirib, qonşuluq münasibətlərini nəzərə alaraq iki ölkə arasında uzlaşmanın əldə olunmasına çalışıb. Lakin Moskvanın siyasi dairələri bu yanaşmanı lazımi şəkildə qiymətləndirməyiblər. Hazırkı vəziyyət münasibətlərdə növbəti sınaq mərhələsidir. Ümid etmək olar ki, bu mərhələdə qırmızı xətlərə yaxınlaşan addımların qarşısı alınacaq. Həyata keçirilən səfər mahiyyət etibarilə siyasi dialoqun davam etdirilməsinə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir".

R.Hüseynov bildirir ki, bu diplomatik təması münasibətlərdə müsbət siqnal kimi qiymətləndirmək mümkündür. Bunun bütün problemlərin həll olunduğu və bundan sonra münasibətlərdə gərginliyin yaşanmayacağı anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, hadisələrin sonrakı inkişafını zaman göstərəcək və yalnız münasibətlərin normallaşacağına ümid etmək olar.

R.Hüseynov qeyd edir ki, bəzi dövlətlər hələ də imperiya təfəkküründən irəli gələn siyasi yanaşmadan əl çəkməyərək təzyiq və hədə siyasəti ilə öz maraqlarını təmin etməyə çalışırlar. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil və bu cür yanaşmalar nəticə verməyəcək:

“Azərbaycan yalnız beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarıdır. Rəsmi Bakı hər zaman milli maraqlarını rəhbər tutaraq qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq xəttini seçib. İqtisadi əməkdaşlıq da tərəflər arasında əsas müzakirə mövzularından biridir. Ticarət, nəqliyyat və enerji layihələrinin davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Bununla yanaşı, Rusiya bazarı əvvəlki imkanlara malik deyil. Müharibə və iqtisadi böhran bu ölkənin iqtisadi potensialına ciddi təsir göstərib. Bu səbəbdən regional təhlükəsizlik məsələləri ilə yanaşı iqtisadi əməkdaşlığın gələcəyi də danışıqların əsas mövzularındandır.

Hesab edirəm ki, ictimaiyyətə açıqlanan məsələlərlə yanaşı, pərdə arxasında müzakirə olunan mühüm mövzular da var və onların nəticələri gələcəkdə məlum olacaq. Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi əldə olunan razılaşmaların necə icra ediləcəyindən və qarşılıqlı etimadın hansı səviyyədə bərpa olunacağından asılıdır. Hazırkı səfər münasibətlərin inkişafına ümid yaratsa da, onun uzunmüddətli nəticələri barədə indidən qəti fikir söyləmək mümkün deyil".

"Moskva təması daha çox mövcud problemlərin nizamlanmasına hesablanıb"

Siyasi şərhçi Əli Mustafa hesab edir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri daha çox iki ölkə arasında mövcud problemlərin nizamlanmasına yönəlmiş diplomatik təmas kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, hazırkı mərhələdə Moskva ilə Bakı arasında tamamilə yeni münasibətlər mərhələsinin başlandığını söyləmək üçün əsas yoxdur:

“Düşünmürəm ki, bu səfər Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni mərhələnin formalaşmasının başlanğıcıdır. Təbii ki, il ərzində müxtəlif məsləhətləşmələr aparılıb, texniki və praktiki məsələlər razılaşdırılıb. Ancaq ümumi mənzərə göstərir ki, Azərbaycan–Rusiya münasibətləri hazırda qismən sabit, qismən isə mürəkkəb olaraq qalır. Hələ də tam həllini tapmayan və qarşılıqlı anlaşma tələb edən məsələlər mövcuddur. Hazırda Rusiyanın üzləşdiyi geosiyasi problemlər daha ciddidir. Bununla belə, Moskva postsovet məkanını, o cümlədən Azərbaycanı diqqət mərkəzində saxlamaqda davam edir. Bu baxımdan, hesab edirəm, Moskva səfərinə daha çox mövcud münasibətlər sisteminin nizamlanmasına xidmət edən diplomatik təmas kimi yanaşmaq lazımdır. Rusiya–Azərbaycan münasibətlərində baş verən bütün proseslər ictimaiyyət üçün tam şəffaf deyil. Hansı məsələlərin həll olunduğunu, hansılarının isə açıq qaldığını dəqiq bilmirik".

Ekspert bildirir ki, son dövrlərdə baş verən hadisələr, o cümlədən təyyarə insidenti və Rusiyada yaşayan azərbaycanlılara, eləcə də Azərbaycan diasporuna qarşı müşahidə olunan təzyiqlər münasibətlərə müəyyən təsir göstərib:

“Bu hadisələrdən sonra münasibətlər əvvəlki kimi deyil, amma eyni zamanda demək olmaz ki, hazırda tərəflər arasında kəskin gərginlik mövcuddur. Görünən odur ki, müəyyən məsələlər mərhələli şəkildə tənzimlənir. Hesab edirəm ki, bu cür təmaslar və yüksək səviyyəli görüşlər mövcud gərginliyin və anlaşılmazlıqların aradan qaldırılmasına müəyyən töhfə verir. Bütün hallarda dialoq və qarşılıqlı təmaslar faydalıdır. İqtisadi əməkdaşlıq da Moskva danışıqlarının əsas istiqamətlərindən biridir və bu sahədə əməkdaşlığın qorunub saxlanılması hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan üçün təkcə Rusiya ilə münasibətlər deyil, digər tərəfdaşlarla iqtisadi, ticarət və siyasi əlaqələrin qorunması da mühüm əhəmiyyət daşıyır".

Ə.Mustafa bildirir ki, Azərbaycan–Ermənistan münasibətləri və sərhədlərin delimitasiyası məsələsində Rusiyanın əvvəlki təsir imkanları artıq xeyli zəifləyib:

“Xüsusilə Azərbaycan–Ermənistan sərhədləri ilə bağlı məsələlərdə hesab etmirəm ki, Rusiyanın əvvəlki kimi həlledici rolu qalıb. Hazırda tərəflər birbaşa dialoq yolu ilə problemlərin həllinə üstünlük verirlər. Bununla belə, Cənubi Qafqaz Rusiyanın maraq dairəsində olan regiondur və Moskva, təbii ki, Ermənistan–Azərbaycan münasibətlərində müəyyən rol oynamağa çalışacaq. Amma region ölkələri artıq bu məsələləri daha çox özləri, kənar müdaxilə olmadan həll etməkdə maraqlıdırlar”.

"Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb, milli maraqlarına uyğun siyasət yürüdür"

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan–Rusiya münasibətləri hazırda yeni mərhələyə daxil olub.

Onun sözlərinə görə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və Azərbaycanın müstəqil xarici siyasət kursu Moskvanı narahat edən əsas amillərdəndir.

Politoloq bildirir ki, Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxıb və milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Bununla belə, rəsmi Bakı Moskva ilə münasibətlərdə gərginliyin yaranmasında maraqlı deyil. Bu baxımdan Moskvada keçirilən görüşlər də mövcud problemlərin diplomatik yollarla həllinə xidmət edir:

“Azərbaycan Rusiyaya çatdırır ki, həyata keçirdiyi siyasət yalnız milli maraqlarına əsaslanır və Moskvanın geosiyasi maraqlarına qarşı hər hansı təhdid yaratmır. Son dövrlərdə iki ölkə arasında yaranan problemlərin əsas mənbəyi məhz Moskvanın atdığı addımlar olub. Rusiya Ukraynada Azərbaycanın iqtisadi maraqlarına zərbə vurub, Azərbaycan şirkətlərinə məxsus obyektlərə, o cümlədən yanacaqdoldurma məntəqələrinə və qaz kompressor stansiyasına hücumlar həyata keçirilib. Eyni zamanda Azərbaycanın Ukrayna ilə münasibətləri, Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolu, Orta Dəhlizin inkişafı və nəqliyyat layihələri Moskvanı narahat edən əsas məsələlərdəndir. Buna görə də Azərbaycana qarşı vaxtaşırı təzyiq cəhdləri müşahidə olunur. Azərbaycan qonşu dövlət kimi Rusiya ilə normal münasibətlərin qorunmasında maraqlıdır. Nəqliyyat marşrutları və iqtisadi layihələr gələcək münasibətlərdə də mühüm rol oynayacaq. Belə dialoqlar yeni problemlərin qarşısının alınmasına və yaranan fikir ayrılıqlarının siyasi yollarla həllinə imkan verir”.

Politoloq xatırladır ki, son iki il ərzində baş verən bəzi hadisələr fonunda Azərbaycan–Rusiya münasibətlərində gərginlik müşahidə olunub. Onun sözlərinə görə, hazırda münasibətlər müəyyən qədər normallaşsa da, əvvəlki səviyyədə deyil:

"Bununla belə, hesab edirəm ki, bu görüş Cənubi Qafqazda gedən proseslərin mahiyyətini dəyişməyəcək. Azərbaycan regionda öz siyasi xəttini müstəqil şəkildə müəyyən edir və Ermənistanla münasibətlərini də kənar təsirlər olmadan tənzimləyir. Rusiyanın Ermənistanla münasibətləri və bu ölkədə maraqları Moskvanın öz siyasi seçimidir. Rusiya Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığını davam etdirə bilər. Lakin Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını region ölkələri özləri formalaşdırmalıdırlar”.

Siyasət rubrikasından digər xəbərlər