Almaniya ilə iqtisadi əlaqələr dərinləşəcək - VÜQAR BAYRAMOV

15:58 23.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Almaniya ilə münasibətlərin inkişafı Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır"

Prezident İlham Əliyevin Almaniyaya səfəri kitərəfli münasibətlər, regional və qlobal geosiyasi proseslər baxımından geniş təhlil olunmaqdadır. Bu səfər hazırkı geosiyasi şəraitdə Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcı hesab olunmaqla yanaşı, Avropaya müəyən mesajlar verdiyini istisna etmir.

Hafta.az-ın müsahibi millət vəkili Vüqar Bayramovdur:

- Prezidentİlham Əliyevin Almaniyaya səfərini necə qiymətləndirirsiniz?

- Azərbaycanla Almaniya arasında strateji tərəfdaşlıq mövcuddur və bu, eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində də özünü göstərir. Təbii ki, cənab Prezidentin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açacaq. Keçirilən görüşlər və müzakirə olunan məsələlər də bir daha təsdiq edir ki, bu səfər Azərbaycan–Almaniya əlaqələrinin daha da dərinləşməsinə və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Nəticə etibarilə, bu səfər ölkələr arasında geniş əməkdaşlıq platformasının formalaşdırılması və mövcud potensialdan daha səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

- Son illər Azərbaycan–Avropa İttifaqı münasibətlərində müşahidə olunan mürəkkəblik fonunda Almaniya ilə siyasi dialoqun intensivləşməsi hansı strateji mesajları verir və Berlinlə münasibətlərin inkişafı Azərbaycanın Avropa siyasətinə necə təsir göstərə bilər?

- Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Eyni zamanda, 5 trilyon dollardan artıq nominal ümumi daxili məhsulu ilə dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik ölkədir. Bu baxımdan Azərbaycan–Almaniya münasibətləri həm də Azərbaycan–Avropa İttifaqı münasibətləri kontekstində qiymətləndirilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni bir mərhələnin şahidi oluruq. Müxtəlif dövrlərdə münasibətlər fərqli istiqamətlərdə inkişaf etsə də, xüsusilə Avropa İttifaqı rəsmilərinin Azərbaycana son səfərləri bir daha təsdiq edir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri inkişaf edir və dərinləşir.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdəndir. Son illər Azərbaycanın Avropaya təbii qaz ixracı artıb. Hazırda Avropanın 12 ölkəsi, o cümlədən Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan təbii qazını alır. Ötən müddətdə Azərbaycan Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz ixrac edib və artıq Avropaya təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Bu baxımdan iqtisadi, siyasi və strateji əməkdaşlıq inkişaf etməkdədir.

- Orta Dəhliz və beynəlxalq nəqliyyat marşrutları fonunda Almaniyanın Azərbaycana marağının artmasının əsas səbəbləri nələrdir?

- Azərbaycan qonşu ölkələrlə, xüsusilə də Avropa İttifaqı ilə daha sıx münasibətlər qurmaqda maraqlıdır və bu münasibətlər tərəflərin milli maraqları əsasında formalaşdırılır.

Orta Dəhlizin əhəmiyyəti son illər daha da artıb və bu, Avropa İttifaqının da maraq göstərdiyi əsas istiqamətlərdən biridir. Rusiya ilə bağlı sanksiyalar, İran ətrafında baş verən proseslər və bölgədəki geosiyasi dəyişikliklər Orta Dəhlizin strateji əhəmiyyətini artırıb. Bu marşrut vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımalarının həcmi genişlənir. Digər tərəfdən, Azərbaycan beynəlxalq yükdaşımalarında müasir logistika və elektron xidmətlərdən geniş istifadə edir. Bu isə Avropa İttifaqı üçün yeni iqtisadi imkanlar yaradır.
Bu baxımdan Orta Dəhlizin inkişafı Almaniyanın da maraqlarına cavab verir. Nəticə etibarilə, Azərbaycan və Türkiyə üzərindən formalaşan marşrut Avropadan Asiyaya, eləcə də şərqdən qərbə yükdaşımalarının daha da genişlənməsinə imkan yaradacaq.

- Prezident İlham Əliyevin Almaniyada səsləndirdiyi regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı mesajları necə dəyərləndirirsiniz?

- Azərbaycan sülh gündəliyinə sadiqdir və Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması da bunu bir daha təsdiq edir. Bu istiqamətdə ilk addımı məhz Azərbaycan atıb. Ümumilikdə, Azərbaycan sülh gündəliyinə uyğun olaraq öz siyasi iradəsini və mövqeyini nümayiş etdirir.

Sözsüz ki, münasibətlərin genişlənməsi və regionda təhlükəsizliyin möhkəmlənməsi Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklərdən də asılı olacaq. Çünki bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biridir. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını Konstitusiyasından çıxarması olduqca vacibdir. Əks halda, sülh müqaviləsinin imzalanması real görünmür. Sülh müqaviləsi imzalandıqdan sonra isə Cənubi Qafqazda əməkdaşlığın daha da dərinləşəcəyini müşahidə edəcəyik.

- Almaniya Cənubi Qafqazda hansı geosiyasi maraqları güdür və Azərbaycan bu siyasətdə hansı mövqedə dayanır?

- Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması Avropa İttifaqı üçün prioritet məsələlərdəndir. Almaniya da Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi regionda sülhün və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyən ölkələr sırasındadır.
Almaniyanın Cənubi Qafqazda həm siyasi, həm də iqtisadi maraqları mövcuddur. Regionda sülh və əməkdaşlığın bərqərar olması bütövlükdə qlobal sabitliyə töhfə verən dövlətlərin maraqlarına uyğundur. Cənubi Qafqazda sülhün təmin olunması Almaniyanın regiona investisiyalarının artmasına, ticarət dövriyyəsinin genişlənməsinə və qarşılıqlı investisiya qoyuluşlarının çoxalmasına şərait yarada bilər.

- Bu səfər Almaniyanın Cənubi Qafqaz siyasətində balanslı yanaşmanın güclənəcəyinə dair siqnal kimi qiymətləndirilə bilərmi?

- Təbii ki, bu səfər Azərbaycan–Almaniya strateji tərəfdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, hər hansı balans siyasəti deyil, birbaşa ikitərəfli münasibətlərin genişləndirilməsinə xidmət edən səfərdir. Çünki yüksək səviyyəli qarşılıqlı səfərlər əvvəlki dövrlərdə də baş tutub. Azərbaycan müstəqil xarici siyasət həyata keçirən dövlətdir və Almaniya başda olmaqla Avropa İttifaqının bir sıra ölkələri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdə davam edir.

- Səfərin nəticələri yaxın perspektivdə konkret hansı layihələrin və ya razılaşmaların həyata keçirilməsinə təkan verə bilər?

- Bu səfər xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır. Müzakirə olunan məsələlər Azərbaycanın Avropa bazarına, xüsusilə də Almaniyaya daha çox qeyri-neft məhsulları ixrac etməsinə şərait yarada bilər. Eyni zamanda alman texnologiyalarının və investisiyalarının qeyri-neft sektoruna cəlb olunması baxımından da səfər mühüm əhəmiyyət daşıyır. Azərbaycan rəqəmsal inkişafı və süni intellekt texnologiyalarını dəstəkləyən ölkələrdəndir və bu istiqamətdə Almaniya ilə əməkdaşlığın daha da güclənəcəyi gözlənilir.

- Sizcə, bu səfərin ən mühüm siyasi nəticəsi nə olacaq? Bu, yalnız ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşacaq, yoxsa Azərbaycanın Avropa ilə münasibətlərində daha geniş dəyişikliklərin başlanğıcı ola bilər?

- Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri inkişaf edir. Avropa Komissiyasının yüksək səviyyəli rəsmilərinin, o cümlədən Komissiya Prezidentinin Azərbaycana səfəri bunu bir daha təsdiq edir. Azərbaycan Avropa Komissiyası ilə milli maraqlara əsaslanan, qarşılıqlı faydalı və strateji münasibətlər qurmaqda maraqlıdır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri olmaqla yanaşı, Avropa üçün yeni alternativ enerji mənbəyidir. Bu baxımdan Almaniya ilə münasibətlərin inkişafı həm də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.