Azərbaycan gözləmə mövqeyindədir - Müzakirə

10:49 12.01.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində ağır və rüsvayçı məğlubiyyətə düçar olan Ermənistan Xankəndidə və ətraf ərazilərdə Azərbaycanın sərvətlərini talamaqda davam edir. Belə ki, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında ermənilər tərəfindən qanunsuz istismar həyata keçirilir. Azərbaycanlı ekofəalların bu qeyri-qanuni istismarın dayandırılmasına qarşı başladıqları etiraz aksiyaları günbəgün genişlənir, gənclər havanın şaxtasına, yağışına baxmayaraq qətiyyət və sarsılmaz iradə nümayiş etdirirlər.

Maraqlıdır, görəsən, bu yataqlarda indiki şəraitdə Azərbaycan tərəfinin istismara başlaması mümkündürmü? Ümumiyyətlə, bu prosesə nə vaxtdan başlanıla bilər? Yataqların qanunsuz istismarı ilə bağlı beynəlxalq məhkəmələrə edilən müraciət necə nəticələnə bilər?

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edəcəyini bəyan edib. "Anglo-Asian Mining Plc." Şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: "Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir".

İ. Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət "Qızılbulaq" və onun yuxarı hissəsində yerləşən "Dəmirli" müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanın ərazi bütüövlüyü bütün dövlətlər tərəfindən tanınıb:

“Azərbaycan ərazisində olan yerüstü və yeraltı sərvətər Azərbaycan xalqına məxsusdur və dövlətin mülkiyyətidir. Bu sərvətlərdən yalnız dövlətin xüsusi icazəsi ilə istifadə etmək olar. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda olan ərazilər də Azərbaycanın tərkib hissəsidir və bu ərazilərdəki təbii sərvətlər də dövlətin mülkiyyətidir. Əlbəttə ki, 44 günlük müharibədən sonra Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan işğalda olan ərazilərinin böyük hissəsinin düşməndən azad etdi. Amma bəzi ərazilər var ki, onlar hələlik Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır. Sülhməramlıların əsas vəzifələrindən biri də ondan ibarətdir ki, onların məsuliyyət zonasına daxil olan ərazilərdə təbii səərvətlərin qanunsuz talanmasına imkan verməsin. Amma biz görürük ki, torpaqlarımız işğal olunandan bu günə qədər Qarabağdakı təbii sərvətlərimiz talan edilib. Bu məsələdə erməni şirkətləri ilə yanaşı beynəlxalq şirkətlər də yaxından iştirak edib. Bir sıra xarici şirkətlər işğal altında olmuş Azərbaycan torpaqlarının talanmasında fəallıq göstəriblər. O şirkətlər qanunsuz müqavilə imzalayaraq, o ərazidə təbii sərvətlərimizi talamaqla məşğul olublar. Indi o şirkətlər Azərbaycana vurduqları ziyanın ödənişini etməlidirlər. Həmin şirkətlər nəzərə almalıdır ki, onlar Azərbaycanın mülkiyyət hüququna toxunublar”.

Ekspert vurğulayıb ki, erməni və onların havadarları hazırda da Qarabağda təbii sərvətlərimizi talan etməkdə davam edirlər: “Bildiyiniz kimi, artıq 1 aydan çoxdur ki, vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar çox mühüm aksiya həyata keçirirlər. Onlar Azərbaycanın təbii sərvətlərinin qanunsuz talanmasına etiraz edir. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında ermənilər tərəfindən qanunsuz istismar həyata keçirilir. Oradan əldə olunan gəlirlər isə ayrı-ayrı şəxslərin hesabına köçürülür. Bununla yanaşı, ətraf mühitə çox ciddi ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin monitorinq qrupu faydalı qazıntı yataqlarımıza buraxılmadığı üçün aksiya davam etməkdədir. Müvafiq dövlət qurumlarımızın monitorinqinə şərait yaradılmırsa, deməli, təbii resurslarımızın qanunsuz talanması baş verir və bu, Vardanyan kimi mafioz qruplar tərəfindən həyata keçirilir. Ərazilərimizdə olan təbii sərvətlər Konstitusiyamıza görə xalqındır. Həmin ərazilərdə 200-ə qədər irili-xırdalı yataqlarımız var. Etirazçılar aksiya vasitəsilə təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasına çağırışlar edirlər. Çünki hər şey qanuna əsasən tənzimlənməlidir. Həmin ərazilər də sülhməramlıların məsuliyyət zonasına daxil olduğu üçün onlar torpaqlarımızda qanunsuz fəaliyyətin qarşısını almalıdırlar. Son 30 il ərzində ermənilər torpaqlarımızdakı yataqları qanunsuz istismar ediblər. Bu ərazilərdə qanunsuz hərəkətlərə yol vermiş şəxslərlə bağlı daha geniş miqyasda hərəkətə keçilməlidir. Azərbaycan Dövlətinə həm yerli, həm beynəlxalq qanunvericilik yetəri qədər imkan verir ki, baş verən ekoloji terrorla bağlı beynəlxalq məhkəmələrdə iddialar qaldırsın. Azərbaycanın bu şirkərlərin istismarı ilə bağlı müxtəlif şirkətlərlə müqavilələri var. Hesab edirəm ki, həmin şirkətlər də tez  bir zamanda hərəkətə keçməlidirlər və beynəlxalq təşkilatlara müraciət etməlidirlər. Onların buna tam hüquqları çatır, haqlarını tələb etməlidirlər. Bu istiqamətdə müsbət qərarlar əldə edə bilərlər”.

Ə.Nuriyev onu da qeyd edib ki, indiki şəraitdə Azərbaycan tərəfinin müqavilə bağladığı şirkətlərin sözügedən yataqlarda istismara başlaması hələlik mümkün deyil: “Azərbaycan tərəfi bu məsələni dinc yolla həll etmək istəyir. Hansısa toqquşmanın olmasını istəmir. Halbuki bizim hüququmuz var ki, bu məsələ dinc yolla həllini tapmırsa, hərb yolu ilə müdaxilə edilsin. Əslində bu məsələni sülhməramlılar öz yoluna qoymalıdırlar. Çünki həmin ərazilər onlarıın məsuliyyət zonasındadır. Amma onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Yəni, siyasi məsələlər öz həllini tapmalıdır ki, həmin ərazilərdə Azərbaycan tərəfinin müəyyən etdiyi şirkətlər istismara başlaya bilsin. Hələlik Azərbaycan gözləmə mövqeyindədir”.