Azərbaycan “Laçın Dəhlizi” deyilən keçidin bağlanması üçün sərt addımlar atmalıdır - Açıqlama

16:18 27.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Erməni silahlıları Azərbaycan sərhədlərini yenə Tovuz istiqamətində pozub. Ermənistan silahları demək olar ki, bütün sərhəd boyu susmur. Erməni quldurlarının bir gün əvvəl Qazax-Gorus istiqamətində sərhədçimizə hücum çəkib onu 7 bıçaq xərbəsi ilə yaralaması erməni azğınlığının həddini aşmasıdır. Rusiya sülhməramlıları isə bu faktları gözardına alır, əvəzində Azərbaycanda nəzarət etdikləri ərazilərdə qalan erməniləri silahlandırır, erməni uşaqlarına silah atmağı öyrədirlər. Moskva strateji məsələlərdə Azərbaycanın maraqlarını gözardı edirsə, cavab nə olmalı?

Bu barədə hafta.az-a şərh verən siyasi analitik Aydın Quliyev sülhməramlıların məlum davranışlarının Azərbaycanın mənafelərinə uyğun gəlmədiyini bildirib. Onun sözlərinə görə, Ermənistan noyabrın 10-dan bu günə qədər bir gün də olsa atəşkəsin şərtlərinə əməl etməyib.  Əksinə, müharibədən keçən 8 ay müddətində atəşkəsin mahiyyəti və miqyası genişlənib. Əgər əvvəllər atəşkəsin pozulması  təmas xəttində baş verirdisə, indi Ermənistan qoşunları Naxçıvanla sərhəddi pozur.  

“Ermənistan Qarabağ probleminin heç də həll olunmadığı barədə rəy yaratmaq, onu möhkəmləndirmək istəyir. Məqsəd odur ki, Minsk qrupu formatını yenidən bölgəmizə gətirib “Dağlıq Qarabağ müzakirələrini”  yenidən başlatsınlar.  Onlar Qarabağ münaqişəsinin son akkordları olan sərhədlərin dəqiqləşdirilməsi məsələlərinin həllini gecikdirmək istəyirlər. İstəyirlər ki, vaxt udaraq bu müddət ərzində özlərinə gəlsinlər - iqtisadiyyatını və hərbi sistemini gücləndirib revanşist siyasətlərini davam etdirsinlər. Çox təəssüflər olsun ki, bəzi dünya gücləri, Rusiya, Fransa, Amerika ermənilərin bu oyunlarına gedir. Əslində fərqinə varmırlar ki, onlar Azərbaycanda öz nüfuzlarını və mövqelərini itirirlər”.

A.Quliyev bununla yanaşı hesab edir ki, Azərbaycan möhkəm dayanıb. Bu da ondan ibarətdir ki, Ermənistanla  Azərbaycan arasında ”Qarabağ” problemi deyilən bir münaqişə qalmayıb. Torpaqlarımız azad olunub. Hələlik suverenliyi bərpa olunmayan hissəsi isə  Ermənistanın yox, Rusiya silahlılarının nəzarəti altındadır ki, bu da müvəqqəti xarakter daşıyır.

A.Quliyev bildirib ki, Ermənistanın bu təxribatlarına aşırı dözüm göstərmək lazım deyil. Onun sözlərinə görə, Azərbaycan Vətən Müharibəsinə qədər çox dözüm göstərdi. Bundan sonrakı dözümün müddəti olmalıdır.

“Ermənilərə vaxt udmaq, özlərinə gəlmək üçün şans vermək olmaz. Azərbaycan Rusiya və rus sülhməramlıların qarşısında qəti şəkildə şərt qoymalıdır ki, 10 noyabr bəyannaməsi dəqiq icra edilsin. Əks halda rus sülhməramlıların bölgəni tərk etməsi qısa müddət ərzində baş verməlidir. Əgər erməni silahlıları atəşkəsə əməl etməsə, Zəngəzur dəhlizinin açılmasına razı olmasa onda Azərbaycan da “Laçın Dəhlizi” deyilən keçidin bağlanması üçün sərt addımlar atmalıdır.  Azərbaycan “Laçın dəhlizi” və “Zəngəzur dəhlizi”nin eyni statusa malik olmasına çalışmalıdır. Nəyə görə Laçın rayonundan ermənilərə  5 kilometrə yaxın dəhliz verilməlidir,  amma Zəngəzurda dəhliz yox, sadəcə avtomobil, dəmir yolu olmalıdır?!  Biz müvəqqəti də olsa Laçından onlara 5 kilometr ver vermişik,  eyni ilə o qədər də məsafə Azərbaycanın Naxşıvana keçidi, gediş- gəliş üçün verilməlidir. Niyə Zəngəzurdan keçən dəhliz dəmnir yolu, avtomobil yolu kimi qəbul olunmalıdır, Laçından verilən yol isə daha geniş mənada “dəhliz” kimi qəbul olunmalıdır?!  Ona görə də Azərbaycan bu məsələlərə ciddi və dəqiq yanaşmalıdır”.