Azərbaycan-Özbəkistan münasibətləri daha da sürətli inkişaf edəcək - Elşad Mirbəşir

19:28 26.08.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərimühüm nəticələrlə yaddas qaldı. Özbəkistandan dünyaya Azərbaycanla Mərkəzi Asiya regionunun vahid geosiyasi, tarixi və mədəni məkan kimi çıxış etməsi bir daha bəyan edilməklə mühüm mesajlar verdi. Azərbaycanın Özbəkistanla müttəfiqlik sazişi dövlətlərarası münasibətlərin ən yüksək forması kimi təqdim olundu. Müttəfiqlik səviyyəsinə çatmaq üçün bəzi dövlətlərin 10-20 ilə qət etdiyi yolu Azərbaycanla Özbəkistan 2 ilə tamamladı.

Türkiyə, Rusiya, Özbəkistanla strateji müttəfiqlik sənədlərinin imzalanması fonunda Azərbaycanın siyasi müttəfiqlərinin coğrafiyası genişlənir. Professor Elşad Mirbəşir hafta.az-a bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, Özbəkistanla Azərbaycan arasında səmimi dostluq, qardaşlıq münasibətləri tarixi köklərə bağlıdır və bu gün də davam edir. Hər iki tərəf münasibətlərin inkişaf etdirilməsinə konseptual yanaşırlar. Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın sıxlığı, dinamik inkişafı bütövlükdə Azərbaycanın Mərkəsi Asiya regionunda rolunu, təsirini artırır.

“Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya böyük, vahid geosiyasi məkana çevrilməkdədir. Bunu son illər Azərbaycanın ümumilikdə Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı təsdiq edir. Azərbaycan Prezidenti Mərkəzi Asiya dövlətləri başçılarının sammitinə artıq ikinci dəfə dəvət alıb, Mərkəzi Asiya ölkələrinin hər birinə qarşılıqlı səfərlər edilib. Bu mənada Özbəkistanı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Prezidenti 2022-ci ildə Özbəkistana ilk dövlət səfərini etmişdi, artıq 2024-cü ilin avustunda ikinci dəfə dövlət səfərini gerçəkləşdirdi və müttəfiqlik sənədi imzalandı. Azərbaycan Prezidenti buna qədər 3 dəfə Özbəkistanda işgüzar səfərdə olub. Eləcə də Özbəkistan prezidenti biri dövlət səfəri olmaqla 4 dəfə Azərbaycanda olub”.
E.Mirbəşir özbək və Azərbaycan xalqı arasında inkişaf edən əməkdaşlığı hər iki xalqın mədəni dəyərlərinin, dil, din birliyi ilə birləşməsi baxımından təbii və önəmli hadisə kimi dəyərləndirib.

“Xalqlarımız arasında hər zaman sıx əlaqələr olub. Bu xalqlar çox yaxın, qohum, qardaş xalqlardır. Azərbaycan Prezidenti ötən il Özbəkistanda olan zaman vurğulamışdı ki, tərcüməçiyə ehtiyac yoxdur, danışanda bir-birimizi öz dillərimizdə yaxşı anlayırıq. Bunun özü də xalqlar arasındakı sıx bağın göstəricisidır. Özbəkistanla Azərbaycan müxtəlif beynəlxalq palatformalarda daim bir-birinə səmimi münasibətdə olub, bir-birini dəstəkləyiblər. Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra ölkəmizi ilk təbrik edənlərdən biri Özbəkistan prezidenti Şövkət Mirziyoyev oldu. Özbəkistan Prezidenti Azərbaycanın işğaldan azad olunan ərazilərində də bərpa-quruculuq işlərində iştirak etmək niyyətlərini bildirib. Füzulidə 460 yerlik məktəb inşa edilib. Azərbaycanla Özbəkistan arasında qarşılıqlı investisiyaların yatırılması geniş müzakirə olunur. Bütün bunlar göstərir ki, Azərbaycan Özbəkistanla olduqca sıx əməkdaşlıq qurub və bu münasibətlərin xarakteri ümumilikdə Orta Asiya ilə Cənubi Qafqaz regionları arasındakı əməkdaşlığın keyfiyyətinə və dinamikliyinə müsbət təsir göstərir. Bundan sonrakı mərhələdə Azərbaycan-Özbəkistan münasibətləri daha da sürətli inkişaf edəcək. Çünki ölkə başçısının dövlət səfəri çərçivəsində Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması irəliyə doğru çox mühüm addımdır. Bu, Azərbaycanın Özbəkistan, Özbəkistanın da Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli tərəfdaş olduğunun göstəricisidir”.