Azərbaycan regional təhlükəsizlik arxitekturasında qarant kimi çıxış edir - Deputat

15:46 10.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Milli Məclisin müzakirəsinə çıxarılan “Daxili Qoşunlar haqqında” yeni qanun layihəsi Zəfərimizin birbaşa nəticəsi, yeni dövlət quruculuğu siyasətinin bariz nümunəsi, qlobal təhlükələr və çağırışlar dövründə Silahlı Qüvvələrin və Hüquq-Mühafizə Orqanlarının dəqiq statusu, vəzifələri və səlahiyyətlərini müəyyənləşdirməyə xidmət edir".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

O, bildirib ki, Cənubi Qafqazda son hadisələr, Gürcüstanda toqquşan dövlətlərin savaşının geniş coğrafiyaya yaymaq niyyətləri, o cümlədən, Ermənistanla sülh müqaviləsinə qarşı planlar bütün dövlət orqanlarının çevik və koordinasiyalı fəaliyyətini tələb edir. Azərbaycan regional təhlükəsizlik arxitekturasında qarant kimi çıxış edir:

“Sənəddə daxili qoşunların səlahiyyətləri, struktur və məsuliyyət dairəsi konkretləşir, müstəsna hallarda daxili qoşunlara verilən polis funksiyalarının icrası, məlumatların məxfiliyi, güc tətbiqinin çərçivələri beynəlxalq hüquqi sənədlərlə uzlaşır. Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin Hüquq-Mühafizə Orqanları üçün Etik Davranış Kodeksində olduğu kimi güc tətbiqi yalnız son çarə kimi, zərurət və mütənasiblik prinsiplərinə uyğun aparılır. Zorakılıq deyil, hüquq əsaslı müdaxilə nəzərdə tutulur. İctimai nəzarət üçün Ombudsman və vətəndaş cəmiyyətinin rolu tanınır”.

Deputat qeyd edib ki, Azərbaycan Daxili Qoşunları ictimai aksiyaların təhlükəsizliyinin təmini, fövqəladə hallarda dövlət maraqlarının müdafiəsi və hüquqazidd hərəkətlərin qarşısının alınması kimi əsas vəzifələrə malikdir:

“Daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Ona görə də Daxili qoşunlar hesabatlıdır, üzərində yüksək dövlət nəzarəti mövcuddur. Təkcə milli kontekstdə deyil, regional və beynəlxalq təcrübə ilə müqayisə aparsaq, qardaş Türkiyə Jandarmeriyası ölkənin kənd və qəsəbələrində təhlükəsizliyi təmin edir, Milli Müdafiə və Daxili İşlər Nazirliyi arasında xüsusi statusa malikdir.
Fransa Milli Jandarmeriyası da həm hüquq mühafizə orqanlarının funksiyalarını, həm də hərbi qüvvə kimi hərbi vəzifələri icra edir. Onlar xüsusi əməliyyatlar keçirir və fövqəladə hallara cavab verirlər. Göründüyü kimi, hər bir ölkənin daxili qoşun və yarımhərbi strukturları öz milli xüsusiyyətlərinə, coğrafi və təhlükəsizlik tələblərinə uyğun formalaşır. Digər bir göstəriciyə görə MDB, Türkiyə və Şərqi Avropa ölkələrində daxili qoşunların şəxsi heyətinin sayı qardaş Türkiyədə 50,000 nəfər, əhalinin 100,000 nəfərinə 59 nəfər, Rusiyada 340,000, əhalinin 100,000 nəfərinə 236 nəfər düşdüyünü görürük. Azərbaycanda daxili qoşunların sayı 19,000 nəfərdir, əhalinin 100,000 nəfərinə düşən say isə 188-dir.
Şəxsi heyət, silah və texniki təchizat, təlim səviyyəsi və əməliyyatlara hazırlıq, mərkəzləşmiş idarəetmə və koordinasiya qabiliyyətinə görə ölkəmizin Daxili qoşunları təkcə regionumuzun deyil, Müstəqil Dövlətlər və Şərqi Avropada ön cərgələrdə dayanır. Müharibə təcrübəsi olan, əməliyyatlara çevik reaksiya verən, döyüş şəraitində sınaqdan çıxan qüvvələr sabitliyin qarantıdır. Tam əminliklə deyə bilərik: Azərbaycan-qalib Orduya, güclü Daxili İşlər sisteminə, çevik Dövlət Təhlükəsizliyi və Sərhəd Xidmətinə malikdir”.