“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 3 min 65 müraciət olunub

19:05 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin iyul-sentyabr aylarında “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ümumilikdə 3 min 65 müraciət daxil olub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova məlumat verib.

Onun sözlərinə görə, aparılan təhlil nəticəsində daxil olan müraciətlərin 1009-nun psixoloji problemlərlə, 194-nün təhsil, 639-nun sosial (diləndirilmə, sığınacağa yerləşdirmə, sosial-maddi rifah, erkən nikah, insan alveri), 619-nun hüquqi, 38-nin səhiyyə sahəsi, 566-nın isə zorakılıq halları ilə bağlı olduğu müəyyənləşib:

“Bu 9 ay ərzində psixoloji və fiziki zorakılıq halları ilə əlaqədar müraciətlər ilk sıradadır. Zorakılığın növünə görə müraciətlərin sayına görə təsnifatı da aparılıb: psixoloji 227, fiziki 205, cinsi 28, etinasızlıq 79, kiber 27. Qeyd edim ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda, hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin olunması məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirilmə tədbirləri həyata keçirilir. Yanvar-sentyabr ayları ərzində qaynar xəttin tanıtım proqramı çərçivəsində instaqram, feysbuk və “TikTok” hesablarındakı izləyici sayında artım müşahidə olunub”.

Cəmilə Bağırova bildirib ki, ümumilikdə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 2010-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək 79 min 767 müraciət daxil olub:

“Layihənin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, onların müraciətlərini digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir. Xidmətin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Təklif olunan xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial-təhlükəli vəziyyətdə yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan hər bir uşaq və uşağın problemi ilə bağlı hər kəs üçün nəzərdə tutulub”.

Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil nömrə, elektron poçt, internet səhifəsi, feysbuk, instaqram və “TikTok” sosial şəbəkələri, İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir. Xidmətə daxil olan bütün məlumatlar məxfi saxlanılır. Yalnız ehtiyac yarandıqda, əgər problemin həlli bunu tələb edirsə və müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq təşkilat və şəxslərə ötürülə bilər./azertac/