Azərbaycan xalqı siyasi iradəsini müzəffər bir xalq olaraq ortaya qoyacaq - Naqif Həmzəyev

12:35 22.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikası bir il ərzində böyük nailiyyətlər əldə etdi. Vətən müharibəmizin ardından dövlət siyasətimizin tutduğu mövqe, xalqımızın buna vəhdət şəklində verdiyi dəstək xalqın cənab Prezident İlham Əliyevə olan sarsılmaz inamının nəticəsidir. Ölkəmiz bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, sosial, hətta mənəvi olaraq özünün ən yüksəliş dövrünü yaşayır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Naqif Həmzəyev bildirib. 

Deputat bildirib ki, siyasi əlaqələrimizin səviyyəsi keçən dövrlərlə müqayisədə xeyli artıb, diplomatik əlaqələrimiz həm kəmiyyət, həm də keyfiyyətcə genişlənir. 

““Dəmir yumruq” əməliyyatının ardından xüsusilə də erməni lobbisinin maliyyələşdirdiyi tədqiqat instutları raportlar hazırlayaraq, Qarabağ zəfərinin Azərbaycan üçün çətin nəticələrini proqnozlaşdırırdılar. Çünki, həm anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırılmağa çalışılır, həm də Ermənistan silahlandırılaraq, ölkəmizin xeyrinə olan regional balansı sanki güc vasitəsilə dəyişməyi hədəfləyirdilər. Azərbaycanı baypass edən istənilən layihə və ya niyyət heç bir halda produktiv ola bilməz və dayanıqlılığı daim şübhə altında olacaqdır. Çünki, ölkəmizin geostrateji mövqeyi və təbii ehtiyat zəngliyinə paralel olaraq, qeyri-maddi zənginlikləri - yəni, dövlətçiliyimizin istiqrarlılığı, siyasi və iqtisadi müstəqilliyimiz, ölkə rəhbərliyinin qarşılıqlı münasibətlər və verdiyi sözlərinə sadiqliyi Azərbaycanı istənilən halda regional və beynəlxalq əməkdaşlığın ən arzu olunan dövlətlərindən birinə çevirir”.

Deputat eyni zamanda vurğulayıb ki, artıq Qarabağ adlı problemi yoxdur. Ərazi bütövlüyümüzün bərpası ilə ölkəmizə qarşı istifadə edilməyə çalışılan siyasi alətlər də bir-bir sıradan çıxarıldı.

“Bu amilin nəticəsidir ki, hələ də Ermənistanla birlikdə məğlubiyyətin yasını saxlayan, Ermənistandan daha çox erməni olmağa çalışan dövlətlər və siyasi isteblişmentlər özünü göstərir. Lakin, Azərbaycanın dəmir yumruğu və dəmir iradəsi hər zaman yerindədir və dəfələrlə bildirdiyim kimi, xalq öz lideri - cənab Prezident İlham Əliyevin arxasındadır və lider-xalq-ordu birliyimiz gündən-gündə güclənməkdədir.”

Deputat ölkə daxilindəki bəzi qüvvələrin  siyasi ambisiyalar naminə şəxsi maraqlarından çıxış edərək, ölkəmizin haqq işinə daxili, xarici maneələr yaratmağa çalışdıqlarını deyib.

“Bunun ən bariz nümunəsi məhz 7 fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkiləridir. Dövlət reyestrinin ardından həyata keçirilən bu seçkilərlə siyasi partiyaların iştirakı üçün əlverişli şərait yaradılsa da, zəruri seçici bazasından belə məhrum olduğunu dərk edən bəzi qüvvələr məhz seçkini siyasi şouya çevirməklə faydalanmağa çalışırlar.

“Xalqımızın gözü tərəzidir və Azərbaycan xalqı özünün siyasi iradəsini müzəffər bir xalq olaraq ortaya qoyacaqdır.

2023-cü il tariximizə ömürlük həkk olundu: Azərbaycan Respublikası bir tarixin izi ilə növbəti şanlı səhifələri öz tarixinə həkk etdi. Əldə etdiyimiz uğurlar sadəcə dünənimizi, bugünümüzü deyil, sabahımızı da xilas etdi: gələcək nəsillər Qarabağ dərdindən, torpaqlarımızdakı terrorizm və seperatizmlə mübarizədən xilas edildi. Yazmış olduğumuz tarix nəsillərarası bir zəfərdir və əminəm ki, cənab Prezident, müzəffər Ali Baş Komandan rəhbərliyində qazanmış olduğumuz nailiyyətlər silsiləsi hər zaman xatırlanacaq və  gələcək nəsillər bu şanlı zəfəri bizə bəxş edənləri heç bir zaman unutmayacaqdır!”