Azərbaycanda 893 min hektar ərazi xüsusi mühafizə olunur

11:15 08.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminar keçirilib. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qlobal Ekologiya fondu tərəfindən təşkil olunub.

Hafta.az-ın yazdığına görə, çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin direktoru Firudin Əliyev bildirib ki, təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrdə dövlətin prioritet sahələrindəndir. Xüsusi mühafizə olunan ərazilərin yaranması biomüxtəlifliyin qorunması istiqamətində vacib addımlardan biridir: "Biomüxtəlif komponentlərin azalması narahatlıq yaradır və bu məsələrdə ictimaiyyətin fəal rol alması lazımdır. Ekoloji turizmin inkişafı, milli parklarda kənar təsirlərin azaldılması layihənin qarşısında duran məqsədlərdəndir. Layihənin təbiət üçün faydalı olacağına inanıram".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi departamentinin direktor müavini Rəşad Allahverdiyev bildirib ki, ölkədə 893 min hektar xüsusi mühafizə olunan ərazilər mövcuddur. Bu da öz növbəsində ölkə ərazisinin 10,31 faizi deməkdir: "44 günlük müharibədən sonra yeni perspektivlər açılıb. İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan ərazilərin yaradılması və statusunun dəyişdirilməsi ilə bağlı qarşımızda müəyyən tələblər qoyulub" deyən nazirlik rəsmisi xatırladıb ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət qoruğu və 24 təbii yasaqlıq var və bu təbii məkanlarda təbii biomüxtəliflik maksimum şəkildə mühafizə edilir. "Milli parklarda şəffaflığın artırılması və digər məsələlərlə bağlı işlər görülür. Məsələn, Hirkan Milli Parkı seçilmiş ərazilərdən biridir. 2022-ci ilin iyun ayında Hirkan meşələri UNESCO-nun ümumdünya irs siyahısına daxil olacaq. Burada artıq UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşıya hədəflərdən biri kimi qoyulub", - nazir rəsmisi deyib.

R.Allahverdiyev bildirib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektar olsa da, bu ərazilərin artırılması nazirliyin qarşısında duran məqsədlərdəndir. “Son 10 ildə xüsusi mühafizə olunan ərazilərin sahəsi iki dəfədən çox artıb. Ölkənin milli parklarının əksəriyyəti müxtəlif ekosistemləri əhatə edir. İdarəetmə baxımından qoruqlarda daha ciddi mühafizə təşkil olunur. Milli parklarda turizm fəaliyyətinə dəstək verilir. Milli parkların yaradıldığı vaxtdan indiyədək onların turizm potensialı olan ərazilərdə təbiət turizminin inkişafı etdirilməsi məqsədilə 111 ekoturizm marşrutu yaradılıb", - o, deyib.  

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəsinin köməkçisi Bariz Mehdiyev isə deyib ki, FAO nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir: "Prioritetlər üzrə müxtəlif layihələr hazırlanır və icrasına başlanılır. Layihənin ideyası 2018-ci ildən ETSN-in digər layihələri ilə əməkdaşlıq çərçivəsində ortaya çıxıb. Sonra işlərə başladıq. Layihələrin icrasında hər tərəfin maraqlarını nəzərə alıb icrasını həyata keçirilməsini prioritet hesab edirik. Ümid edirəm ki, bu layihə uğurla olacaq və ölkənin inkişafı üçün kiçik də olsa öz töhfəsini verəcək”.

FAO-nun layihə meneceri Şahin İsayev isə layihə barədə məlumat verib. Bildirib ki, layihənin ümumi büdcəsi 2,6 milyon dollardır: "Layihə Qlobal Ekologiya Fondu və Azərbaycan hökuməti tərəfindən maliyyələsdirilib. Layihə pilot olaraq Şirvan və Hirkan milli parklarında həyata keçirilir. Mühafizə olunan ərazilərin strukturunun yaxşılaşdırılması, təkmilləşdirilməsi nəzərdə tutulur".

Ş.İsayev deyib ki, layihə 4 əsas hissədən ibarətdir. Bunlar ardıcıl olaraq, maarifləndirmə, maliyyə dayanıqlığının formalaşdırılması, iştirakçılığın artırılması, ictimaiyyətin bu prosesə daxil edilməsi, bərpa işlərinin görülməsi və sairdir. Bərpa dedikdə, məsələn, qırılmış meşələrin yerinə ağacların əkilməsi, hansı ki, indi bu istiqamətdə böyük addımlar atılmaqdadır, məhv olunmuş çəmənlərin yenilənməsi və sair başa düşülür. Dördüncü hissə isə monitorinqdən ibarətdir. Yəni bütün görülən işlərin nəticəsi, verdiyi nəticələr monitorinq olunmalı, real dəyişikliklər qiymətləndirilməlidir.

İlkin seminar sual-cavab şəklində davam etdirilib.

Oxunma sayı 688