Azərbaycanda sənədsiz evlərə amnistiya məsələsi yenidən gündəmə gətirilib. Millət vəkili Kamal Cəfərov parlamentdə çıxışı zamanı ölkədə 500 mindən çox sənədsiz evin mövcud olduğunu bildirib və bu problemin həlli üçün xüsusi dövlət proqramının hazırlanmasını, amnistiya tətbiq edilməsini təklif edib.
Deputat qeyd edib ki, mövcud vəziyyət təkcə sosial deyil, həm də iqtisadi baxımdan ciddi itkilərə səbəb olur. Onun sözlərinə görə, hesabatlarda hüquqi şəxslərin əmlak vergisi üzrə 36,9 milyon manat, dövlət rüsumları üzrə isə 57,8 milyon manat icra azlığı qeydə alınıb. Bu isə potensial gəlir mənbələrinin tam reallaşmaması ilə əlaqələndirilir.
K.Cəfərovun fikrincə, sənədsiz evlər probleminin həlli dövlət büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, vətəndaşların sosial rifahını da yaxşılaşdıra bilər. Hazırda sənədsiz evlərdə yaşayan insanlar bir sıra fundamental hüquqlardan tam şəkildə yararlana bilmirlər. Onlar qeydiyyata düşməkdə çətinlik çəkir, dövlət xidmətlərinə çıxış imkanları məhdud olur, əmlakı girov qoyaraq bank kreditlərindən istifadə edə bilmirlər. Eyni zamanda, belə evlərin vərəsəliklə ötürülməsi də hüquqi baxımdan problemli qalır.
Deputatın sözlərinə görə, bu amillər daşınmaz əmlak bazarında da ciddi disbalans yaradır. Sənədsiz evlər rəsmi qeydiyyatda olan mənzillərlə müqayisədə 20–30 faiz daha ucuz qiymətə satılır və banklar tərəfindən girov kimi qəbul edilmir. Nəticədə vətəndaşların əmlakının real iqtisadi dəyəri aşağı düşür və kapital dövriyyəsi məhdudlaşır.
K. Cəfərov çıxışında beynəlxalq təcrübəyə də istinad edib. O, Türkiyədə 2018-ci ildə tətbiq olunan “İmar Barış” proqramını nümunə göstərərək bildirib ki, analoji model Azərbaycanda da tətbiq oluna bilər. Həmin proqram çərçivəsində müəyyən kateqoriyalara aid olan tikililərə çıxarışların verilməsi ilə bağlı genişmiqyaslı tənzimləmə aparılmışdı.
Deputat vurğulayıb ki, Azərbaycan üçün də oxşar yanaşma mümkün ola bilər, lakin burada istisnalar nəzərə alınmalıdır. Belə ki, nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji və mübahisəli torpaqlarda yerləşən tikililər bu prosesdən kənarda saxlanıla bilər.
Onun təklifinə görə, şəhərsalma və memarlıq sahəsində xüsusi proqram qəbul edilməli, sənədsiz evlər mərhələli şəkildə hüquqi dövriyyəyə daxil edilməli və geniş amnistiya mexanizmi tətbiq olunmalıdır. Bu yanaşma həm sosial ədalətin təmininə, həm də iqtisadi dövriyyənin genişlənməsinə xidmət edə bilər.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, Türkiyədə tətbiq olunan modellərin Azərbaycana tam şəkildə köçürülməsi mümkün deyil, çünki iki ölkənin qanunvericilik bazası və şəhərsalma standartları əhəmiyyətli dərəcədə fərqlənir.
Ekspertin sözlərinə görə, sənədsiz tikililərin leqallaşdırılması prosesi sadə və qısa müddətli həll kimi təqdim olunsa da, praktikada bu, uzunmüddətli və mərhələli mexanizmdir. Onun fikrincə, xüsusilə təhlükəsizlik və şəhərsalma normalarına zidd olan ərazilərdə inşa edilmiş evlər bu prosesdən istisna edilməlidir.
E.Azadov qeyd edir ki, mühafizə zonalarında yerləşən tikililərə amnistiya tətbiqi mümkün deyil. Buraya kommunikasiya xətlərinin üzərində və ya yaxınlığında inşa edilən evlər, magistral nəqliyyat infrastrukturu altında və ya ətrafında yerləşən yaşayış sahələri, dəmir yolu xətlərinə yaxın məsafədə tikilən evlər, eləcə də meşə fondu və su hövzələrinin ərazilərində salınmış yaşayış obyektləri daxildir. Bu tip tikililər həm hüquqi, həm də təhlükəsizlik baxımından ciddi risk daşıyır və onların leqallaşdırılması qanunvericilik çərçivəsində nəzərdə tutulmur.
Ekspertin diqqət çəkdiyi əsas məqamlardan biri də belə evlərin gələcək taleyi ilə bağlıdır. Onun sözlərinə görə, bu tip tikililərin ya tamamilə sökülməsi, ya da alternativ həll yollarının tapılması məsələsi dövlətin şəhərsalma siyasətindən asılıdır. Təcrübə isə göstərir ki, artıq bu istiqamətdə konkret addımlar atılıb.
O, nümunə kimi Biləcəri qəsəbəsini göstərib. Ekspertin xatırlatmasına görə, ötən il dəmir yolu xətlərinə yaxın ərazidə yerləşən təxminən 140 ev sökülüb. Bu hadisə göstərir ki, təhlükəsizlik zonalarında yerləşən tikililərlə bağlı yanaşma sərtləşdirilir və qanunvericilik tələblərinə uyğun addımlar mərhələli şəkildə icra olunur.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirir ki, əmlak amnistiyası təkcə sosial güzəşt mexanizmi deyil, eyni zamanda ölkədə iqtisadi aktivliyin artırılması və daşınmaz əmlak bazarının rəsmiləşdirilməsi üçün strateji alət kimi çıxış etməlidir.
V. Oruc hesab edir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi və mülkiyyət hüququnun tanınması vətəndaşların iqtisadi davranış imkanlarını genişləndirir. Belə ki, hüquqi status qazanan əmlak girov kimi istifadə oluna, sərbəst alqı-satqıya çıxarıla və bank kreditləri üçün təminat rolunu oynaya bilir. Bu isə həm fərdi maliyyə imkanlarını artırır, həm də ümumi iqtisadi dövriyyəni gücləndirir.
Ekspert eyni zamanda qeyd edir ki, bu proses bütün tikililərə şamil oluna bilməz. Onun sözlərinə görə, qanunsuz tikililər arasında xüsusi təhlükə yaradan və hüquqi baxımdan leqallaşdırılması mümkün olmayan obyektlər mövcuddur. Bunlara kollektor və kommunikasiya xətlərinin üzərində inşa edilən evlər, strateji obyektlərin yaxınlığında yerləşən tikililər, yüksək gərginlikli elektrik xətləri altında olan yaşayış sahələri, meşə zolaqları, eləcə də neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə salınmış evlər daxildir. Həmçinin məhkəmə mübahisəli torpaqlar da bu kateqoriyaya aiddir.
Bu tip ərazilərdə yaşayan vətəndaşlarla bağlı isə fərqli yanaşma təklif olunur. V. Oruc bildirir ki, belə hallarda mülkiyyətin rəsmiləşdirilməsi mümkün olmasa da, sosial məsuliyyət prinsipi nəzərə alınmalı və alternativ yaşayış yerlərinin təmin edilməsi istiqamətində dövlət mexanizmləri işlədilməlidir. Yəni məsələ təkcə hüquqi deyil, həm də sosial ədalət çərçivəsində həll edilməlidir.
Ekspertin fikrincə, qanunvericiliyə uyğun ərazilərdə yerləşən tikililərin mütləq şəkildə sənədləşdirilməsi vacibdir. Bu proses mərhələli şəkildə və ümumi amnistiya mexanizmi ilə həyata keçirildikdə həm vətəndaşların fərdi müraciət yükü azalır, həm də inzibati prosedurlar daha sürətli icra olunur. Onun qiymətləndirməsinə görə, ilkin mərhələdə on minlərlə evin rəsmiləşdirilməsi real nəticə hesab oluna bilər, lakin optimal model genişmiqyaslı amnistiya mexanizmidir.
V. Oruc həmçinin diqqətə çatdırır ki, Azərbaycanda sənədsiz evlərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunub. Bu isə torpaqların təyinatının dəyişdirilməsi məsələsini gündəmə gətirir. Onun fikrincə, artıq formalaşmış yaşayış massivləri üçün hüquqi mexanizmlərin yaradılması mümkündür və bu, vətəndaşlara real mülkiyyət hüququ qazandırar.
Ekspertin yanaşmasına görə, əmlak amnistiyası yalnız sosial ədalət deyil, həm də fiskal və iqtisadi fayda gətirir. Rəsmiləşdirilmiş əmlaklar daşınmaz əmlak reyestrinin formalaşmasına, bank sektorunun genişlənməsinə və ümumilikdə iqtisadi şəffaflığın artmasına xidmət edir. Bu baxımdan, prosesin dövlət qurumlarının, o cümlədən “ASAN xidmət” və yerli icra strukturlarının koordinasiyalı iştirakı ilə həyata keçirilməsi vacib sayılır.
Bununla yanaşı, ekspert amnistiya ilə bağlı risklərə də diqqət çəkir. Onun sözlərinə görə, belə bir mexanizm yeni qanunsuz tikintilərə stimul yaratmamalıdır. Bu məqsədlə 2023-cü ildən tətbiq olunan kommunal xidmətlərin məhdudlaşdırılması kimi preventiv tədbirlər davam etdirilməli, monitorinq və nəzarət mexanizmləri gücləndirilməlidir.